26 noyabr 2024 00:13
77

Ermənistanın Qərbi Azərbaycan vahiməsi

Bu günlərdə Ermənistanın baş naziri Nikol Paşinyan Qərbi Azərbaycan məsələsi və uydurma “Qərbi Ermənistan” anlayışı arasında paralellik aparmaq cəhdinə baş vurub. Halbuki, buna cəhd etmək cahillikdən başqa bir şey deyil. Çünki “Qərbi Azərbaycan” dedikdə etnik təmizləməyə məruz qalmış azərbaycanlıların Ermənistana dinc, təhlükəsiz və ləyaqətli şəkildə qayıdışı nəzərdə tutulur.  “Qərbi Ermənistan” isə Ermənistanın konstitusiyası və təcavüzkar ölkənin  digər əsas sənədlərində və siyasi addımlarında Azərbaycana və digər dövlətlərə qarşı əksini tapmış ərazi iddiasıdır. Bu isə bizim insan hüquqlarına əsaslanan haqq işimizi ərazi iddiası ilə müqayisə etməkdir.  Göründüyü kimi, Nikol Paşinyan bu absurd yanaşması ilə gündəmə daha bir qalmaqal gətirməyə çalışıb.

Azərbaycana qarşı bütün platformalarda antitəbliğat aparan Fransanın Ermənistandakı səfiri Olivye Dekotini bu məsələyə ermənisayağı reaksiya verib, hətta “Qərbi Azərbaycan vilayəti”nin xəritəsini yayıb. Bununla guya o,  "Qərbi Azərbaycan" termininə qarşı çıxıb. Yəni, Ermənistanın hazırda mövcud olduğu ərazilərin tarixi Qərbi Azərbaycan olması reallığını inkar edib. Demək istəyib ki, Qərbi Azərbaycan yalnız İrandadır. Yəni, Qərbi Azərbaycan adında ərazinin təkcə İranda olduğu kimi qondarma fikir irəli sürüb. O, həm də utanıb-qızarmadan bildirib ki, guya Azərbaycan “Qərbi Azərbaycan” tezisini rəsmi səviyyədə təbliğ edir və yayır, onun Ermənistan ərazisində olduğunu bəyan edir. Bundan başqa, o vurğulayıb ki, Azərbaycan parlamentində Qərbi Azərbaycana qayıtmaq üçün təşəbbüs qrupu yaradılıb. Ermənistan isə bütün bunları özünün ərazi bütövlüyünə qəsd kimi qiymətləndirir. Şübhəsiz, səfir bu açıqlamaları ilə geniş müzakirə mövzusu olan Qərbi Azərbaycan konsepsiyasından diqqəti yayındırmağa çalışıb. Bununla da o, növbəti təxribata əl atıb. Ermənistan saytları da səfirin dediklərini “unikal və təkrarolunmaz” qeyd kimi xarakterizə edib.

Halbuki, hazırda Qərbi Azərbaycan dedikdə İrandakı Qərbi Azərbaycan vilayəti deyil, Şimalı Azərbaycanın qərbini - indiki Ermənistanı əhatə edən ərazi nəzərdə tutulur. Həmin  ərazilər də ölkəmizin İrəvan, Göyçə, Vedi, Zəngəzur, Dərələyəz tarixi mahallarını əhatə edir. Bu ərazilərin əzəli türk yurdu, Azərbaycanın bir parçası olmasını sübut edən kifayət qədər tarixi sübutlar da mövcuddur.

Azərbaycan Ermənistanı dəfələrlə beynəlxalq hüquqa dair öhdəliklərinə əməl etməyə, Qərbi azərbaycanlıların doğma yurdlarına qayıdışına şərait yaratmağa çağırıb. Amma buna hələ də məhəl qoyan yoxdur. Şübhəsiz, bu  məsələdə özlərini demokratiya və insan hüquqlarının müdafiəçisi kimi qələmə verən Qərb dövlətlərinin, xüsusilə Fransanın azərbaycanlıların qayıdış hüququna biganəliklə yanaşmalarından, həmçinin ayrı-seçkilikdən irəli gəlir.  Amma bu, bir faktdır ki, bəzi ölkələr, həmçinin beynəlxalq qurumlar öz istəkləri ilə Qarabağı könüllü tərk etmiş erməni əsilli şəxslərin qayıdışını təmin etmək məqsədilə dəridən-qabıqdan çıxırlar. Amma onlar Ermənistandan sonuncu etnik təmizləmə dalğasında qovulmuş 300 min azərbaycanlının qayıtması məsələsini qaldırmırlar. Halbuki, qayıdış məsələsində ayrı-seçkiliyə yol verilməməli, qarşılıqlılıq prinsipinə riayət edilməli və 30 ildən artıq müddətdə doğma yurd intizarında olan Qərbi azərbaycanlıların qayıdışı prioritet məsələ kimi ilk həll edilməlidir.

Yaxşı olardı ki, Nikol Paşinyan yanlış müqayisələr aparmaq əvəzinə heç olmasa Qərbi Azərbaycan İcmasının dialoq çağırışlarına cavab verəydi, Qərbi azərbaycanlıların təhlükəsiz, ləyaqətli qayıdışını təmin edəydi, Ermənistanın konstitusiyasından və digər sənədlərdən Azərbaycana qarşı ərazi iddialarını çıxaraydı. Bu məsələ ilə bağlı Milli Məclisin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun  bəyanatında qeyd edildiyi kimi, Paşinyanın  ən azı sözdə uydurma “Qərbi Ermənistan” anlayışını sual altına alması, “mifik Ermənistandan real Ermənistana keçmək” barədə bəyanatları, əslində çoxdan atılmalı olan addımlardır: “Lakin bu, etnik təmizləməyə məruz qalmış Qərbi azərbaycanlıların sülh yolu ilə öz evlərinə qayıtmaq hüququ hesabına başa gəlməməlidir”. Şübhəsiz, sülh əldə edilməsi ilə bağlı danışıqların getdiyi bir zamanda Paşinyanın  belə bir məsələni qabartması onun  məkrli niyyətindən xəbər verir. Bu, həm də baş nazirin  sülhdən qaçmaq istəyini açıq şəkildə ortaya qoyur.

Danılmaz faktdır ki, XX əsrin əvvəllərindən başlayaraq müxtəlif dövrlərdə soydaşlarımız Qərbi Azərbaycandan məcburi şəkildə deportasiya edilib, etnik təmizləmə siyasəti nəticəsində öz doğma yurdlarını tərk etmək məcburiyyətində qalıblar. Paşinyan dərk etməlidir ki, Qərbi azərbaycanlıların öz doğma yurd-­yuvalarına qayıdışı tarixi zərurətdir. Beynəlxalq hüquqa görə, hər kəsin öz əzəli vətənində yaşamaq hüququ var və bu hüquq beynəlxalq konvensiyalarda təsbit edilib. Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət sayəsində tarixi torpağımız olan Qərbi Azərbaycana qayıdacağımız gün heç də uzaqda deyil. Dövlət başçımızın söylədiyi kimi, özü də biz oraya tanklarla yox, avtomobillərlə gələcəyik. Bu isə o deməkdir ki, Qarabağa, Şərqi Zəngəzura qayıdan xalqımız buna da nail olacaq!

Qvami Məhəbbətoğlu, “İki sahil”