29 noyabr 2024 13:45
126

Bakı Ali Neft Məktəbinin yaradılmasından 13 il ötür

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) yaradılmasının 13 ili tamam olur. BANM Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2011-ci il 29 noyabr tarixli Fərmanı ilə SOCAR-ın tərkibində dövlət ali təhsil müəssisəsi statusunda yaradılıb.

Bu illər ərzində Bakı Ali Neft Məktəbi böyük nüfuz qazanıb, rekord göstəricilərə imza atıb, Prezident təqaüdçülərinin sayına, ən yüksək keçid balına, yüksəkixtisaslı kadr hazırlığına görə ön sırada olub. İlk qəbul aparılan ildə BANM Dövlət İmtahan Mərkəzinin (DİM) tərtib etdiyi reytinq cədvəlində 51 ali təhsil müəssisəsi arasında lider kimi tarixə düşüb və uğurunu qoruyub.

İki ixtisas ilə fəaliyyətə başlayan ali məktəbdə hazırda 7 ixtisas üzrə bakalavr, 5 mühəndislik ixtisası və MBA proqramı (4 istiqamət) üzrə magistratura, 3 ixtisas üzrə doktorantura səviyyələrinə qəbul aparılır.

“İki sahil” xəbər verir ki,  BANM-dən bildirilib ki, 2024/2025-ci tədris ili üzrə ali məktəbin 4 ixtisası Azərbaycan ali təhsil müəssisələri arasında ən yüksək keçid balına görə ilk beşlikdə yer alıb.

Azərbaycan ali məktəbləri arasında ən yüksək keçid balı (687.1) BANM-in informasiya təhlükəsizliyi ixtisasına məxsusdur.

Həmçinin ölkədə ən yüksək orta keçid balı da (645 bal) Bakı Ali Neft Məktəbinə aiddir. Beynəlxalq və respublika fənn olimpiadalarının 16 qalibi BANM-ə müsabiqədənkənar qəbul olub. Qəbul planı 100 faiz dolub.

Ali məktəbin 35 məzunu isə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın iştirakçısı adını qazanıb.

Bu tədris ilində 33 nəfər Prezident təqaüdçüsü ilə BANM yenə də liderliyini qoruyub. Bakı Ali Neft Məktəbində tədris istehsalla inteqrasiya şəklində aparılır. Hər il tələbələr müxtəlif müəssisələrdə istehsalat təcrübəsi keçirlər.

Prezident İlham Əliyevin “Biz neft kapitalını insan kapitalına çevirməliyik” devizinin bariz nümunəsi olan Bakı Ali Neft Məktəbi tələbələrinə yüksək keyfiyyətli təhsil verməklə yanaşı, onların işlə təminatına da xüsusi əhəmiyyət verir. Bu gün BANM-in məzunları yerli və xarici şirkətlərdə, dövlət müəssisələrində uğurla fəaliyyət göstərir, bəziləri təqaüd qazanaraq təhsillərini dünyanın nüfuzlu universitetlərində davam etdirirlər.