30 noyabr 2024 00:57
94

Musiqimizə daraşmış bit-birələr...

Ermənilər "Yar gəldi, yar" mahnımızı oğurlamağa cəhd göstəriblər

Xeyli müddətdir ki, ermənilərin musiqimizə, incəsənətimizə, mətbəximizə  bit-birə kimi daraşmaları, bədii nümunələrimizi öz şərəfsiz adlarına çıxmaları dəb düşüb. "Sarı gəlin" xalq mahnısından əlləri çıxan oğrular milli musiqi alətlərimiz olan yastı balabanı, qara zurnanı, yan tütəyini "çırpışdırmağa" qurşansalar da alınmadı, əlləri boş qaldı. İncəsənət siçovulları yan tütəyimizi fabrikdə kütləvi istehsalla çoxaldıb Yaponiyada sataraq milyonlarla pul qazanıblar. Bu sahələrdə "ac" olan ermənilər yeni bir oğurluqları ilə yenə də ifşa ediliblər. Bu dəfə onlar "Yar gəldi, yar" mahnımızı oğurlamağa cəhd göstəriblər.

Məşhur Azərbaycan müğənnisi, Xalq artisti Şövkət Ələkbərovanın ifa etdiyi, musiqisi bəstəkar Adil Gəraya, sözləri istedadlı şair Əli Kərimə məxsus olan “Yar gəldi, yar” mahnısının "Yootube" səhifəsində erməni musiqi nümunəsi kimi yerləşdirilməsi faktı Əqli Mülkiyyət Agentliyində araşdırılıb.

Agentlikdən verilən xəbərə görə, Şövkət Ələkbərovanın ifa etdiyi “Yar gəldi, yar” mahnısı “Armenian Music, (Torkish languge) Music 15. (rare) Music 17. Şövkət Ələkbərova (rare)” “rekviziti” altında 2016-cı il 4 sentyabr tarixində "Yootube"nin “BehrooZ Abshar” adlandırılan səhifəsində yerləşdirilib.

Əqli Mülkiyyət Agentliyinin məlumatında bildirilib ki, “Yar gəldi, yar” mahnısı 1957-ci il 16 aprel tarixində Azərbaycanın Xalq artisti Səid Rüstəmovun dirijorluğu və Xalq çalğı alətləri ansamblı orkestrinin müşayiəti ilə Azərbaycanın Xalq artisti Şövkət Ələkbərovanın ifasında lentə alınıb. Məlumatda mahnının lentə alınmasının texniki tərəfləri də əks etdirilib. Orada göstərilir: “Səslənmə müddəti (xronometraj) 4.33 saniyədir. 13313 kod nömrəsi ilə AzTV-nin “Qızıl Fond”unda saxlanılır. Ş. Ələkbərovanın "Yootube"də əmlak hüquqlarının idarəçiliyini bu sahədə Bakı şəhərində fəaliyyət göstərən “Mikpro” MMC həyata keçirir. Buna görə də “Mikpro” MMC cəlb edilməklə Əqli Mülkiyyət Agentliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində Şövkət Ələkbərovanın ifaçı kimi hüquqlarının pozulmasına səbəb olan qeyd edilən video "Yootube"nin “BehrooZ Abshar” səhifəsindən silinib.

Bununla da Ş. Ələkbərovanın ifaçı kimi hüquqlarının pozulması "Yootube" rəhbərliyi tərəfindən öz təsdiqini tapıb və onun pozulmuş hüquqları bərpa edilib”.

Ölməz şairimiz Səməd Vurğun "Sözdən qızarmaz ki, bozarmış üzlər" məşhur ifadəsini sanki erməniləri nəzərdə tutaraq yazıb. Həyasızlıqda dünya rekordu qıran haylar insanlığın üz qaralarıdır. Qapıdan qovurlar, pəncərədən girirlər, pəncərədən qovurlar, külfədən soxulurlar. Daha bu idbarlara nə deyəsən?

Vəli İlyasov, "İki sahil"