Dekabrın 2-də Əqli Mülkiyyət Agentliyinin və Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) “Kreativ iqtisadiyyat: data modeli, ölçülməsi və əqli mülkiyyət” mövzusunda birgə regional seminar keçirir.
“İki sahil” xəbər verir ki, Azərbaycan ilə ÜƏMT arasında kreativ iqtisadiyyat sahəsində əməkdaşlığın davamı olan regional seminarda bu beynəlxalq təşkilatı təmsil edən nümayəndə heyəti, həmçinin Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstandan nümayəndələr iştirak edirlər.
Tədbirdə çıxış edən Agentliyin rəhbəri Kamran İmanov bildirib ki, bugünkü regional seminar müəyyən mənada innovasiyadır: yeni yanaşma və yeni həllər yolu. Bu seminar yaradıcılığı, ixtiraçılığı və özünüifadə etməyi davamlı iqtisadi artımın əsas drayveri kimi təsvir edir, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının yeni hazırlanan CEDM modelinin tətbiqi təklifini tətbiq etməyimizə dəstək göstərir.
K.İmanov bildirib ki, CEDM – kreativ iqtisadiyyatın data (məlumat) modelidir. CEDM model empirik dataların toplanmasında, kreativ iqtisadiyyatın dəyərlənməsində çoxsahəli ölçü aləti rolunu oynayan və geniş faktorların nəzərə almasına imkan yaradan alətdir. Burada kreativ məhsul istehsalatı olan institusional mühit kreativ istehsalı tələb edən resurslar və kreativ sektorun iqtisadiyyata təsirini göstərən kreativ (yaradıcı) nəticələrdir. Bu cür yanaşma yenidir, daha dərin, mükəmməl aspektləri ilə yanaşı, sosial və mədəni aspektlərini də nəzərə alır və bu modeldə əqli mülkiyyətin rolu, xüsusən müəlliflik hüququnun əhəmiyyəti qabarıq şəkildə göstərilir.
İki gün davam edəcək seminarda ÜƏMT-nin peşəkar mütəxəssisləri kreativ iqtisadiyyatın aktual məsələlərinə dair məruzələrlə çıxış edəcək, əqli mülkiyyətin, o cümlədən müəlliflik hüquqlarının kreativ iqtisadiyyatın inkişafında payı barədə müzakirələr aparılacaq. Həmçinin kreativ iqtisadiyyatın inkişafında Azərbaycan təcrübəsi və bu sahədə ölkəmizdə həyata keçirilən layihələr barədə tədbir iştirakçıları qarşısında geniş təqdimat olacaq.