02 dekabr 2024 15:25
64

Rəvan Həsənov: Multikulturalizm siyasəti mədəniyyətlər və sivilizasiyalar arasında dialoq üçün vacibdir

Dünya inkişafının müasir dövrü qloballaşma prosesləri ilə bağlı siyasi konfiqurasiyanın köklü dəyişməsi ilə seçilir. Bunun nəticəsində müxtəlif xalqların və etnik qrupların bir-biri ilə qarşılıqlı əlaqəsi genişlənir. Bu əlaqələr özünü həm müsbət, həm də mənfi tərəfdən göstərə bilir. Bu proseslərin idarə olunması üçün mültikulturalizm siytasəti aktivləşir, unikal modellər çərçivəsində mədəniyyətlər və sivilizasiyalar arasında dialoq üçün zəruri alətə çevrilir. Azərbaycan bütün bu prosesləri nəzərə alaraq özünün multikulturalizm modelini işləyib hazırlayıb. Çünki multikulturalizm siyasəti mədəniyyətlər və sivilizasiyalar arasında dialoq üçün vacibdir.

“İki sahil” xəbər verir ki, bu fikirləri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov Azərbaycan Dillər Universitetində keçirilən “Dəyişən dünyada mədəniyyətlərin dialoqu” mövzusunda Beynəlxalq Forumda deyib.

O bildirib ki, bu gün respublikamızda tarixi şəraitə görə 50-dən çox müxtəlif xalqın və etnik qrupun nümayəndəsi yaşayır: “Onlar say tərkibinə görə fərqlənirlər. Lakin onların hər biri öz mədəni kodunun daşıyıcısıdır ki, bu da onlara mədəni xüsusiyyətləri müəyyən etməyə imkan verir. Respublikamızda bütün vətəndaşlara cəmiyyətin iqtisadi, sosial, mədəni və siyasi həyatında iştirak etmək üçün bərabər imkanlar konstitusiya ilə təmin edilib. Müxtəlif etnik qrupların kompakt yaşadığı rayonlarımızda ümumtəhsil məktəblərində tədris orada yaşayan etnik qrupların dillərində aparılır, tədris materialları və didaktik materiallar etnik dillərdə hazırlanır. Etnik azlıqların sıx məskunlaşdığı bölgələrdə dövlət büdcəsindən maliyyələşən yerli televiziya kanalları orada yaşayan etnik qrupların dillərində müntəzəm olaraq yayımlanır, qəzet və jurnallar onların öz dillərində nəşr olunur”.