04 dekabr 2024 00:12
138

Azərbaycanın enerji diplomatiyası: Yeni əməkdaşlıq formatını yaradan körpü

Slovakiya Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan, Serbiya, Sloveniya, Xorvatiya və Şimali Makedoniyadan sonra Azərbaycan qazını alan on ikinci ölkə oldu

Müasir dövrümüzün əsas hədəfi olan yaşıl enerjiyə keçidlə bağlı ölkəmizdə görülən işlərin sürətləndirilməsində, COP29 kimi mühüm beynəlxalq tədbirin keçirilməsində əsas məqsəd Azərbaycanın enerji ixracı imkanlarını genişləndirmək, alternativ resurslardan səmərəli istifadə ilə bəzi Avropa dövlətlərinin iştirak etdiyi «Həmrəylik Halqası»nı qarşılıqlı əməkdaşlıq formatına çevirməkdir. Cənub Qaz Dəhlizinin istifadəyə verilməsi, Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması ilə başlanan enerji dialoqunun uğurlu davamını qitə dövlətləri üçün önəmli hesab edən Prezident İlham Əliyev bildirmişdi ki, enerji əməkdaşlığının müsbət məqamları çoxdur və gələcək potensial genişdir. Dövlət başçımız, eyni zamanda, vurğulamışdı ki, enerji təhlükəsizliyi təkcə marşrutların şaxələndirilməsi deyil, eyni zamanda, mənbələrin şaxələndirilməsidir.

2027-ci ilə qədər Avropa bazarına qaz təchizatını iki dəfə artırmağı nəzərdə tutan Azərbaycanın enerji səmərəliliyi və bərpaolunan enerji məsələsi üzrə təkliflərinin beynəlxalq səviyyədə dəstəklənməsinin nəticəsi Yunanıstan-Bolqarıstan İnterkonnektorunun açılması ilə
Azərbaycanın təbii qazının Bolqarıstana, sonra isə digər ölkələrə çatdırılmasıdır.

Buxarestdə Azərbaycan, Gürcüstan, Macarıstan, Rumıniya rəhbərlərinin və Avropa Komissiyasının Prezidentinin iştirakı ilə yaşıl enerjiyə və transmissiyaya dair sənədin imzalanması, layihə çərçivəsində Xəzər dənizinin Azərbaycan sektorundan əldə olunacaq külək enerjisinin ötürücü xətlər və Qara dənizin dibi ilə çəkiləcək sualtı kabel vasitəsilə Avropa bazarlarına nəqli Azərbaycanla qitə dövlətləri arasındakı qarşılıqlı əməkdaşlığı daha da gücləndirəcək.

Ötən ilin aprelində Sofiyada «Bulgartransgaz» (Bolqarıstan), «Transgaz» (Rumıniya), FGSZ (Macarıstan) və «Eustream» (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu”nun imzalanması ilə ölkəmizin enerji ixracı imkanları artdı. Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiya ötürücü sistem operatorları ilə SOCAR arasında Memorandumun imzalanması «Həmrəylik Halqası» təşəbbüsünün reallaşması üçün böyük bir addım oldu.

«Həmrəylik Halqası»nın qitə dövlətləri üçün əhəmiyyətini «Bu gün biz Anlaşma Memorandumunu imzalamaqla aydın siyasi mesaj göndəririk. Bu mesaj ondan ibarətdir ki, biz Avropaya təbii qazın idxalı üçün yeni dəhliz yaratmağa, tərəfdaşımız olan Azərbaycanla əməkdaşlıq etməyə və qaz təchizatının ümumi şaxələnməsinə töhfə verməyə hazırıq» sözləri ilə ifadə edən Slovakiyanın iqtisadiyyat naziri Karel Hirman Azərbaycanla əməkdaşlığa böyük önəm verdiklərini bildirmişdi. Memorandumun imzalanması mərasimində «Sizə məlumat vermək istəyirəm ki, Avropa İttifaqının 9 üzv dövləti ilə Azərbaycan «Strateji Tərəfdaşlıq haqqında” Bəyannamə» və ya Sazişlərə imza atıb və qəbul edib. Bu, o deməkdir ki, Avropa İttifaqına üzv dövlətlərin üçdəbiri Azərbaycanın strateji tərəfdaşıdır və bu tərəfdaşlığın çox güclü gələcəyi var» söyləyən Prezident İlham Əliyev bildirmişdi ki, Azərbaycan qazı Gürcüstana, Türkiyəyə, Yunanıstana, Bolqarıstana və İtaliyaya ixrac edilir. Sonra isə Rumıniyaya çatdırılır. Macarıstana və Slovakiyaya qaz təchizatı növbəti hədəfdir: « Eyni zamanda, Slovakiya «Həmrəylik Halqası»”nın üzvü kimi, əminəm ki, yaxın vaxtlarda enerji sahəsində bizim tərəfdaşımıza çevriləcək. Biz qaz təchizatımızın coğrafiyasını 6 ölkədən, ən azı 10 ölkəyə qədər genişləndirəcəyik» sözləri ilə «Həmrəylik Halqası» STRİNG layihəsi çərçivəsində Azərbaycan və Slovakiya arasında əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu bildirən Prezident İlham Əliyevin bu vədi də gerçəkləşdi.

1 dekabr 2024-cü ildən etibarən SOCAR Slovakiyanın ən böyük dövlət enerji təchizatçısı olan SPP şirkətinə qaz təchizatına başlayıb. Qaz təchizatı SOCAR ilə SPP arasında bağlanmış qısamüddətli pilot müqavilə çərçivəsində həyata keçirilir. Tərəflər uzunmüddətli enerji tərəfdaşlığını inkişaf etdirməyi də planlaşdırırlar. Bu əməkdaşlıq Azərbaycanın enerji layihələrinə marağın artması, SOCAR-ın ixrac imkanlarını şaxələndirməsi baxımından da əhəmiyyətlidir. Artıq Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan, Serbiya, Sloveniya, Xorvatiya və Şimali Makedoniyaya Azərbaycan qazı ixrac olunur. Slovakiya isə Azərbaycan qazını alan on ikinci ölkə oldu. Bu cür faydalı və məhsuldar əməkdaşlığın intensivləşdirilməsi, perspektivli planların, layihələrin həyata keçirilməsi Azərbaycanın qitə dövlətlərinin enerji təchizatçısı kimi əhəmiyyətini artırır. Avropa İttifaqı ilə ölkəmiz arasında münasibətlərin yeni keyfiyyət baxımından daha geniş sferada inkişaf istiqamətləri genişləndirilir. Bir daha təsdiqləndi ki, Azərbaycanın enerji diplomatiyası əməkdaşlıq formatını yaradan körpüdür. Dünyada baş verən qlobal hadisələr Prezident İlham Əliyevin « Azərbaycanın təbii ehtiyatları dünyanın enerji xəritəsini dəyişəcək» sözlərini doğruldur. Mütəxəssislərin rəylərində qeyd olunduğu kimi, bu yeniliyin aparıcı layihəsi, enerji resurslarının şaxələndirilməsini tənzimləyən Cənub Qaz Dəhlizi və onun seqmentləridir. Zəngin enerji potensialına malik Azərbaycan 2027-ci ilədək qitə dövlətlərinin təbii qaza olan ehtiyacını daha böyük həcmdə ödəməyi planlaşdırır. Azərbaycandan Avropaya, bir hissəsi Qara dənizin dibi ilə gedəcək külək enerjisi stansiyalarından ötürmə xəttinin çəkilməsi ilə Günəş və külək enerjisindən əldə olunacaq 25 meqavat həcmində yaşıl enerjinin tərəfdaş ölkələrə ixracı ölkəmizin enerji diplomatiyasının perspektivləri sırasındadır. Avropaya ixrac olunacaq Azərbaycan qazının 2027-ci ilə qədər 20 milyard kubmetrə çatdırılması ilə bağlı proqnozlar sadəcə minimal həddi təşkil edir. Potensial isə istənilən qədərdir. Bir məqamı unutmaq olmaz ki, bərpaolunan enerji mənbələrinə qoyulan sərmayələr təbii qazın ixracına qənaət imkanı da yaradacaq. Hazırda əsas hədəf şaxələndirmə formatının genişləndirilməsi, biznes imkanlarının yerli və dünya bazarlarına çıxışın istiqamətlərinin artırılması, Avropa ölkələri ilə əməkdaşlığı digər sahələr üzrə də inkişaf etdirməkdir.

Cari ilin may ayında ölkəmizdə səfərdə olan Slovakiya Respublikasının Baş naziri Robert Fitso ilə mətbuata birgə bəyanatla çıxış edən Prezident İlham Əliyev iki ölkə arasındakı əməkdaşlığın təkcə enerji sahəsində deyil, müxtəlif istiqamətlərdə də inkişaf etdiyini bildirmişdi. İmzalanan Strateji Tərəfdaşlıq Bəyannaməsində əks olunan maddələr gələcək əməkdaşlığın perspektivləri adlandırılmışdı. «Əməkdaşlığımızın bir əlamətdar istiqaməti də azad edilmiş torpaqlarda Slovakiya şirkətinin fəaliyyətidir. Ağdamın Qərvənd kəndinin yenidən qurulması Slovakiya şirkəti tərəfindən icra ediləcək. Bu da təbii ki, həm böyük rəmzi məna daşıyır, çünki əlaqələrimizin səmimiliyinin dərəcəsini göstərir. Eyni zamanda, işğaldan azad edilmiş torpaqlarda ən müasir standartlara cavab verən «Ağıllı şəhər», «Ağıllı kənd» konsepsiyası əsasında slovakiyalı mütəxəssislər tərəfindən görüləcək işlər, əlbəttə ki, oraya qayıdacaq insanları sevindirəcək» sözləri ilə Slovakiya ilə Azərbaycanın nəqliyyat, hərbi sahədəki əlaqələrini yüksək dəyərləndirən Prezident İlham Əliyev dünya siyasətinin gərginləşdiyi bir məqamda bu cür münasibətləri regional sabitlik üçün önəmli addım hesab edir.

Xuraman İsmayılqızı, «İki sahil»