Şuşama gedirəm. Bugünkü gündən daha xoşbəxt gün ola bilməz. Həyatımda sonuncu dəfə nə vaxt bu qədər xoşbəxt olduğumu xatırlamıram. 30 ildən sonra arzuma çatdım. Nə yarımçıq qalmışdısa, elə oradan da davam edəcəyəm.
“İki sahil” xəbər verir ki, bu sözləri bu gün Şuşa şəhərinə köç edən keçmiş məcburi köçkün Pakizə Rüstəmova deyib.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun tarixi qələbə qazandığını diqqətə çatdıran P.Rüstəmova onların sayəsində öz doğma yurdlarına qayıtdıqlarını qeyd edib.
"Bir ana kimi şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Arzum budur ki, bayrağımız hər bir yerdə dalğalansın və düşmən baxdıqca xar olsun. Biz yurdumuzu yenidən qurmağa gedirik. Biz doğma yerləri əvvəlkindən daha gözəl edəcəyik",- deyə o, əlavə edib.
Xatırladaq ki, bu gün Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb. Bu mərhələdə 48 ailə - 164 nəfər doğma yurduna köçürülüb