06 dekabr 2024 00:42
330

Beynəlxalq hüququn aliliyinin təntənəsi

Dövlət başçısı İlham Əliyev Qərbi Azərbaycan İcmasının «Qayıdış hüququ – Ermənistandan zorla çıxarılan azərbaycanlılar üçün ədalətin təmin edilməsi» mövzusunda II beynəlxalq konfransına müraciətində bir daha bu reallıqlar diqqətə çatdırıldı ki, Azərbaycan xalqı heç vaxt ədalətsizliklə barışmamış, haqq səsini dünyaya çatdırmağa çalışmışdır 

Dövlət başçısı İlham Əliyev 2022-ci ilin 24 dekabrında Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə belə bir əminliyi ifadə etdi ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar: «Mən əminəm ki, bu gün gələcək və əminəm ki, Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar. Bunu deməyə əsas verən bir çox amillər var. Onlardan yəqin ki, ən önəmlisi xalqımızın tarixi yaddaşıdır.» Cənab İlham Əliyev 2023-cü ilin yanvarında yerli televiziya kanallarına müsahibəsində isə həmin fikirlərinin davamı olaraq bu məqamı vurğuladı ki, əlbəttə ki, Qarabağ dərdi, problemi olan yerdə Qərbi azərbaycanlıların hüquqlarından danışmaq bəlkə də vaxtından əvvəl atılan bir atəşə bənzəyə bilərdi. Amma bu gün tam haqlı olaraq bu mövzunu artıq beynəlxalq arenaya çıxarmışıq. Verdiyim tövsiyələr yerinə yetirilir. Xüsusi işçi qrupu yaradılıb, yerlərdən gələn təkliflər əsasında vahid konsepsiya üzərində işə başlanıldı: «Əlbəttə ki, Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıtmalıdırlar, bu, onların hüququdur, bütün beynəlxalq konvensiyalar bu hüququ onlar üçün tanıyır. Biz də Azərbaycan dövləti olaraq əlimizdən gələni etməliyik ki, bu hüququ təmin edək. Yenə də mən orada da İcmanın nümayəndələri ilə görüş zamanı demişdim ki, biz bunu sülh yolu ilə etmək istəyirik və əminəm ki, buna nail olacağıq. Çünki bu gün bizim məkanda, ümumiyyətlə, Avrasiya məkanında monodövlətlər yoxdur və Ermənistan üçün də yaxşı olar ki, necə deyərlər, bu monodövlət damğasını öz üzərindən götürsün. Bunun ən yaxşı və ən ədalətli yolu Qərbi azərbaycanlıların öz doğma torpaqlarına qayıtmalarıdır.»

Dövlətimizin başçısının sözügedən görüşdə proqram xarakterli çıxışında qarşıda dayanan vəzifələr, hədəflər açıqlandı. Bunlardan biri Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının hazırlanması, həmçinin həqiqətlərimizin beynəlxalq ictimaiyyətə çatdırılması üçün səylərin daha da artırılması oldu. Qayıdış Konsepsiyası qısa müddətdə işlənib hazırlanaraq ictimaiyyətə təqdim edildi. Hazırda bu sənəddən irəli gələn vəzifələrin uğurlu icrası davam edir. Qərbi Azərbaycan İcması üzərinə düşən missiyanı yerinə yetirmək üçün səylərini daha da artırır.

Dekabrın 5-də Qərbi Azərbaycan İcmasının iki gün davam edəcək və 51 ölkədən 100-dən çox nümayəndənin iştirak etdiyi «Qayıdış hüququ – Ermənistandan zorla çıxarılan azərbaycanlılar üçün ədalətin təmin edilməsi» mövzusunda II beynəlxalq konfransı da bunun tərkib hissəsidir. Tədbir Ermənistandan azərbaycanlıların zorla çıxarılmasına, tarixi və mədəni irsimizə vurulmuş zərərlərə beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək, qayıdış hüququmuzun təmin edilməsi və ədalətli əsaslarla sülh və barışıq üzrə müzakirələr aparmaq üçün vacib bir platformadır. Qərbi Azərbaycan İcması öz doğma yurdlarına qayıtmaq istəyən yüz minlərlə azərbaycanlının qayıdış hüququ uğrunda mübarizə aparır.

Prezident İlham Əliyev sözügedən tədbirin iştirakçılarına müraciətində diqqəti bir daha həqiqətlərimizə yönəldərək bildirdi ki, hazırda dünyada 120 milyondan çox insan məcburi köçürülmə problemi ilə qarşılaşmış və beynəlxalq ictimaiyyətin birgə səyləri olmadan bu problemin effektiv həlli mümkünsüzdür. Azərbaycan xalqı da ötən əsrin əvvəllərindən başlayaraq köçkünlük problemi ilə üzləşmişdir. Qərbi Azərbaycanda – indiki Ermənistan ərazisində yaşayan azərbaycanlılar etnik təmizləməyə məruz qalaraq, tarixi vətənlərindən mərhələli şəkildə zorla çıxarılmışlar. 1918–1921, 1948–1953 və 1987–1991-ci illərdə daha dəhşətli xarakter almış köçürmələr nəticəsində yüz minlərlə azərbaycanlı dədə-baba yurdunu tərk edərək Azərbaycana sığınmışdır. Bu dəhşətli deportasiyalardan sonra Ermənistanda bir nəfər belə azərbaycanlı qalmamış və Ermənistan monoetnik dövlətə çevrilmişdir.

Onu da qeyd edək ki, cənab İlham Əliyev hələ 2015-ci ildə AMEA-nın 70 illik yubileyinə həsr olunmuş ümumi yığıncağında bildirmişdi ki, Azərbaycanın çox zəngin tarixi vardır. Azərbaycan alimləri də, Azərbaycan ictimaiyyəti də bunu yaxşı bilirlər. Biz öz tariximizi, bu reallıqları dünya miqyasında daha da dolğun təqdim etməliyik. Nəyə görə? İlk növbədə, bizi tanısınlar, görsünlər ki, nə qədər zəngin tariximiz var: «Digər tərəfdən, bizə qarşı təxribatlar aparılır. Yəni, Azərbaycan tarixini ermənilər təhrif etməyə çalışırlar və diaspor imkanlarından istifadə edərək, bəzi hallarda buna nail olurlar.» Bu faktlar da diqqətə çatdırılmışdı ki, erməni alimləri xüsusilə regionun, Cənubi Qafqazın tarixi ilə bağlı yalan, uydurma əsasında kitablar dərc edirlər, təqdimatlar keçirirlər. Əlbəttə ki, tariximiz bizim böyük sərvətimizdir. Tariximiz onu göstərir ki, azərbaycanlılar bu torpaqda əsrlər boyu yaşamışlar. Bugünkü Ermənistan tarixi Azərbaycan torpaqlarında yaradılıbdır. Təkcə XX əsrin əvvəllərində çar Rusiyası tərəfindən dərc edilmiş xəritələrə baxmaq kifayətdir hər kəs görsün ki, indiki Ermənistan ərazisində yerləşən kəndlərin, şəhərlərin mütləq əksəriyyətinin adları Azərbaycan mənşəlidir. Budur reallıq. İrəvan xanlığının əhalisinin 70-80 faizi azərbaycanlılar olubdur. Bunu gənc nəsil də, dünya da bilməlidir: «Mən şadam ki, bu məsələ ilə bağlı - bizim əzəli torpaqlarımızın tarixi ilə bağlı indi sanballı elmi əsərlər yaradılır, filmlər çəkilir, sərgilər təşkil olunur. Biz növbəti illərdə bu istiqamətdə daha fəal olmalıyıq və dünyanın müxtəlif yerlərində sərgilər, təqdimatlar keçirilməlidir. Çünki İrəvan bizim tarixi torpağımızdır və biz azərbaycanlılar bu tarixi torpaqlara qayıtmalıyıq. Bu, bizim siyasi və strateji hədəfimizdir və biz tədricən bu hədəfə yaxınlaşmalıyıq.»

Artıq bu hədəfə doğru da addımlar atılır. Qarabağa və Şərqi Zəngəzura qayıdışın ardınca Qərbi Azərbaycana da qayıdacağımızdan bəhs edirik. Tarix araşdırılır, bütün həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm addımlar atılır. Son 200 ildə Qərbi azərbaycanlıların Ermənistan tərəfindən etnik təmizləmələrə, deportasiyalara, soyqırımlarına məruz qaldıqları faktlar əsasında beynəlxalq ictimaiyyətə çatdırılır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev böyük əminliklə bu fikri bəyan edir ki, necə vaxtilə Qarabağ mövzusu bütün Azərbaycan xalqını birləşdirdi və biz istəyimizə nail olduq, eyni yanaşmanı burada da görməliyik.

Zəfərimizi şərtləndirən amillərdən bəhs edərkən Azərbaycanın diplomatik uğurlarını xüsusi qeyd edirik. Tarixi ədalətə, real faktlara əsaslanan təbliğatımız informasiya mübarizəsində qələbəmizdə öz sözünü deyir. Baxmayaraq ki, Qarabağ münaqişəsi artıq tarixə qovuşub, informasiya mübarizəsinin davam etdirilməsi bugünümüz üçün də vacib məsələlər sırasındadır. İllər keçdikcə baş verən hadisələrin mahiyyəti daha dolğun şəkildə dərk olunur və ictimaiyyətə çatdırılır. Ulu Öndər Heydər Əliyev bu cağırışı edirdi ki, tarixin saxtalaşdırılmasına yol verilməməlidir. Onun 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ilk görüşünü ziyalılarla keçirməsi də mühüm məqamlara işıq saldı. Ümummilli Lider tarixçilərin qarşısında bir sıra vəzifələr qoydu ki, onlardan da biri, ən önəmlisi tarixin saxtalaşdırılmasına yol verməmək, faktların dili ilə yeni nəşrlər çap etmək və onları müxtəlif dillərdə beynəlxalq ictimaiyyətə çatdırmaq idi.

Bu faktlar inkaredilməzdir ki, erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik «böyük Ermənistan» ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçirmişlər. Ermənilərin əsassız torpaq iddiasının 1988-ci ildə yenidən baş qaldırması artıq tarixə qovuşmuş Qarabağ münaqişəsinin yaranmasına, bir milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsinə səbəb oldu. 30 ilə yaxın müddətdə dünya güclərinin ikili siyasəti, ermənilərin başına çəkilən sığallar münaqişənin həlli prosesinin uzanmasına şərait yaratdı. Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində Azərbaycan Ordusu dünyanın aparıcı dövlətlərinin, nüfuzlu beynəlxalq təşkilatlarının 30 ilə yaxın müddətdə edə bilmədiklərini etdi, ədalət bərpa olundu, BMT Təhlükəsizlik Şurasının qətnamələri icra olundu.

Dövlət başçısı İlham Əliyev «Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi» mövzusunda II beynəlxalq konfransın iştirakçılarına müraciətində bu mühüm məqamları da diqqətə çatdırır ki, Ermənistan Azərbaycan xalqının əsrlər boyu öz dədə-baba torpaqlarında yaşaması və zəngin mədəni irs yaratması faktını hər vəchlə danmağa çalışır. Qərbi Azərbaycanda xalqımızın min illər ərzində yaratdığı mədəni irsi – tarixi abidələri, qəbiristanlıqları, məscidləri, tarixi yaşayış yerlərini dağıtmış, UNESCO tərəfindən ümumbəşəri mədəni dəyər kimi tanınan Azərbaycan aşıq sənətinə ciddi zərər vurmuşdur. Bu tarixi-mədəni abidələr arasında yalnız Azərbaycan memarlığının və İslam mədəniyyətinin parlaq nümunələrindən biri olan Göy Məscid salamat qalmışdır. Lakin Ermənistan Göy Məscidin orijinal tarixi-memarlıq üslubunu qəsdən dəyişdirərək onu başqa ad altında təqdim etməyə çalışır. Regionun tarixini və mədəni mənzərəsini təhrif etmək, yenidən yazmaq məqsədi daşıyan belə destruktiv addımlar dözümsüzlük və irqçilikdən başqa bir şey deyildir. Ermənistan bununla da kifayətlənməmiş, Azərbaycana qarşı hərbi təcavüzə əl ataraq onun ərazilərini işğal etmiş, etnik təmizləmə törətmiş, şəhər və kəndləri dağıtmış, talan etmiş, torpaqlarımızı saysız-hesabsız minalarla çirkləndirmişdir.

Cənab İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan xalqı heç vaxt bu ədalətsizliklə barışmamış, haqq səsini dünyaya çatdırmağa çalışmışdır. 2020-ci ildə Azərbaycanın şanlı Qələbəsi ilə bitən Vətən müharibəsi Qarabağdan və Şərqi Zəngəzurdan qovulmuş soydaşlarımızın doğma yurdlarına qayıdışına imkan yaratdı. Azərbaycanın bu ədalətli savaşı beynəlxalq hüququn aliliyinin təntənəsi və qlobal miqyasda məcburi köçürülmə probleminin həllinə verilmiş böyük bir töhfədir. İşğaldan azad edilmiş ərazilərdə hazırda Böyük Qayıdışa dair Dövlət Proqramı uğurla icra edilir.

Həmin müraciətdə o da qeyd edilir ki, Ermənistan Qərbi Azərbaycan İcmasının fəaliyyətini qəsdən öz ərazi bütövlüyünə təhdid kimi təqdim etməyə çalışır. Lakin İcmanın məqsədi Qərbi Azərbaycandan didərgin salınmış soydaşlarımızın dinc və təhlükəsiz şəraitdə, ləyaqətlə öz dədə-baba yurdlarına qayıdışının təmin olunmasından ibarətdir. Bu, sırf insan haqları məsələsidir. Ermənistanın İcmanın fəaliyyətini təhdid kimi qələmə verməsi məsələnin əsl mahiyyətini təhrif etmək və beynəlxalq hüquqa əsaslanan qayıdış hüququnu inkar etmək cəhdidir.

Uğurla həyata keçirilən Qayıdış Konsepsiyasına əsaslanan təşəbbüslər Qərbi azərbaycanlıların sülh yolu ilə təhlükəsiz və ləyaqətli şəkildə öz doğma yurdlarına geri dönməsinə böyük töhfələr verəcək. Dövlətimizin başçısı İlham Əliyev bu əminliyi də ifadə edir ki, Azərbaycan xalqının zaman-zaman məruz qaldığı deportasiyalar barədə həqiqətləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdıran bu beynəlxalq konfrans yaxın gələcəkdə qayıdış hüququ və dünyada köçkünlük problemi ilə bağlı fikir mübadiləsi aparılacaq önəmli beynəlxalq dialoq platformasına çevriləcək.

Konfransda çıxış edən Türkiyənin sabiq xarici işlər naziri, Türkiyə Böyük Millət Məclisinin NATO PA-da nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu Ermənistanın bölgədə davamlı sülh üçün Azərbaycanın xoşniyyətli addımlarına müsbət cavab verməli olduğunu bildirdi. Vurğuladı ki, Cənubi Qafqazı sülh bölgəsinə çevirə bilərik. Silah alıb təkrar hazırlıq işləri görməyin, qonşu dövlətin torpaqlarına təkrar göz dikməyin bir faydası olmadığını hər kəs bilməlidir. 30 illik ədalətsizliyin ardından davamlı sülhün qurulmasının çətin olacağını bilirik. Ancaq Türkiyə olaraq bölgədə sülh üçün bundan sonra da əlimizdən gələni edəcəyik. Türkiyə olaraq Azərbaycanın həmişə yanında olduq. Azərbaycan təkcə qardaşımız olduğu üçün yox, həm də haqlı olduğu üçün yanındayıq. O da bildirildi ki, Ermənistanın ərazi bütövlüyünə tam hörmətlə yanaşılsa da, rəsmi İrəvan səmimi müraciətlərə hələ də cavab vermir. Ermənistanın Qarabağı işğal etməsi böyük ağrılara səbəb olub. Bir milyondan çox azərbaycanlı yurd-yuvalarından edilib, onların doğma torpaqlarına qayıtması təmin olunmalıdır. Həmçinin Ermənistanın UNESCO-nun missiyasına icazə verməməsi təəssüf doğurur. Həmişə ədalətin qalib gələcəyinə inandıq, nəticədə Azərbaycan suverenliyini tam təmin etdi. Ermənistanın minalarla çirkləndirdiyi ərazilərdə bu gün ciddi təmizləmə işləri və bərpa-quruculuq fəaliyyətləri həyata keçirilir.

Saxta tarix yazıb bu günə qədər bunu həqiqət kimi beynəlxalq ictimaiyyətə sırımaq üçün dəridən-qabıqdan çıxan ermənilər və onların dəstəkçiləri hər halda tarixin real həqiqətlərə, faktlara əsaslandığının fərqindədirlər. Dövlətimizin qətiyyəti, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi, xalqımızın birliyi, həmrəyliyi sayəsində qazandığımız möhtəşəm Zəfərimiz, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsi Ermənistana və ona havadarlıq edən dövlətlərə bir daha sübut etdi ki, ədalət və beynəlxalq hüquq var və bunun təsdiqi üçün səylər göstərilməli, tarixi faktlara əsaslanan təbliğat gücləndirilməlidir. Bir daha sübut olundu ki, tarixi həqiqətləri inkar etmək qeyri-mümkündür. Şanlı Zəfərimiz Qərbi Azərbaycana qayıdışımızı daha da yaxınlaşdırır və Azərbaycan xalqının nümayəndələri öz əlləri ilə qurduqları və əsrlərlə yaşadıqları İrəvana, indiki Ermənistan ərazisində olan digər tarixi yerlərə qayıtmaq imkanına malik olmalıdır və olacaqlar. Dövlət başçısı İlham Əliyev Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə bu çağırışı da etmişdir ki, bizim işimiz tarix üzərində qurulmalıdır. Hüquqi tərəfə gəldikdə, birlikdə fikirləşməliyik, beynəlxalq hüquqşünaslar cəlb edilməlidir. Azərbaycan dövləti burada da kömək göstərəcək. Onlar bu qayıdış istəyini və hüququnu beynəlxalq müstəvidə necə reallaşdırmağın yolunu göstərəcəklər.

Qərbi Azərbaycan İcmasının «Qayıdış hüququ – Ermənistandan zorla çıxarılan azərbaycanlılar üçün ədalətin təmin edilməsi» mövzusunda II beynəlxalq konfransı bütün bu reallıqlara bir daha işıq salaraq, hədəflərə doğru inamlı addımların atılmasına töhfələr verəcək.

Yeganə Əliyeva, «İki sahil»