Azərbaycanın Böyük Britaniyadakı Səfirliyinin təşkilatçılığı və Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə Londonda Xalq artisti Miri Yusifin konserti təşkil olunub.
“İki sahil” xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Bildirilib ki, tədbirə 400-dən çox qonaq qatılıb.
Konsert proqramı ərzində Miri Yusif ard-arda məşhur mahnılarını səsləndirib.
"Ağ Təyyarə", "Tərk-i Həyat", "Səndən bir dənədir", "Sənə Qurban" və digər mahnılar qonaqlara coşğulu anlar yaşadıb. İfaçını səhnədə DJ China müşayiət edib.
Tədbirin sonunda Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov çıxışında Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün tarixi əhəmiyyətindən danışıb və bu günün xalqımızın birliyini simvolizə etdiyini vurğulayıb. Səfir qeyd edib ki, Azərbaycan xalqının gücü onun həmrəyliyindədir və Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmiz hər il daha da güclənərək dünya azərbaycanlılarının qürur mənbəyinə çevrilir. Səfir Azərbaycan bayrağının daim zirvələrdə dalğalanması üçün birliyimizi qorumağın və həmrəylik nümayiş etdirməyin vacibliyini diqqətə çatdırıb.
Tədbir Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün qeyd edilməsi ilə yanaşı Azərbaycan mədəniyyətinin Londonda təbliği baxımından da əlamətdar olub.