“Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda təlim keçirilib.
“İki sahil” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Təlim FHN-in Cənub Regional Mərkəzi və Azərbaycan Dövlət Pedaqoji Universiteti Cəlilabad filialının Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirin keçirilməsində əsas məqsəd iştirakçıların fövqəladə hallardan mühafizə və mülki müdafiə sahəsində bilik və bacarıqlarının artırılması olub.
Təlimdə FHN-in yerli qurumlarının qüvvələri, Cəlilabad rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları, universitetin müəllim və tələbə heyəti iştirak edib.
Əvvəlcə, nəzəri hissə çərçivəsində təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı düzgün davranış, ilkin yanğınsöndürmə avadanlıqları və fərdi mühafizə vasitələrindən istifadə qaydaları, təxliyə barədə məlumat verilib, mövzulara dair videoçarx nümayiş olunub.
Təlimin praktiki hissəsində şərti yanğın zamanı “Həyəcan” siqnalı verildikdən sonra tədbir iştirakçılarının təxliyə planına uyğun olaraq təhlükəsiz yerə təxliyəsi həyata keçirilib, "yanğınla" mübarizə tədbiri simulyasiya edilib. Həmçinin, tədbir iştirakçılarına zərərçəkmişin xilas edilməsi və ilkin yardım praktiki nümayiş olunub.
Sonda xilasetmə alət və avadanlıqları barədə tədbir iştirakçılarına geniş məlumat verilib.