13 dekabr 2024 15:35
232

Ulu Öndərin uzaqgörən siyasəti Azərbaycan-Türkiyə münasibətlərində möhkəm təməl yaradıb

Türkiyənin ən böyük birbaşa xarici sərmayəçisi və ən böyük inteqrasiya olunmuş sənaye qrupu “SOCAR Türkiyə”nin törəmə müəssisəsi olan “Petkim”in Əliağadakı abadlaşdırılan mərasim meydançasında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsi anılıb. Anım tədbirində Mustafa Kamal Atatürkün və Heydər Əliyevin büstlərinin yerləşdiyi “SOCAR Türkiyə” Neft Emalı və Neft-Kimya Biznes Vahidinin tədbir ərazisinin açılışı da baş tutub.

İki qardaş ölkənin Dövlət himnlərinin səsləndirildiyi mərasimdə Ulu Öndər Heydər Əliyevin və Mustafa Kamal Atatürkün büstləri önünə əklillər qoyularaq xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə “SOCAR Türkiyə”nin baş direktoru Elçin İbadov, “SOCAR Türkiyə" şirkətinin  Neft Emalı və Neft-Kimya Biznes Vahidinin rəhbəri və "Petkim Petrokimya Holding"in Baş direktoru Kənan Mirzəyev, SOCAR-ın Aparat rəhbəri Hafiz Zeynalov, həmçinin Azərbaycan Respublikasının Ankaradakı səfiri Rəşad Məmmədov, Azərbaycan Respublikasının İstanbuldakı Baş konsulu Nərminə Mustafayeva, İzmir Valisinin müavini Kamil Köten, İzmir Böyükşəhər Bələdiyyəsinin başçısı Cəmil Tugay, Əliağa rayon rəhbərliyi və digər rəsmi şəxslər iştirak ediblər. İştirakçılar Ulu Öndər Heydər Əliyevin Azərbaycan ilə Türkiyə arasında qardaşlıq bağlarını möhkəmləndirən irsini və uzaqgörənliyini bir daha xatırladıb, onun türk dünyasına böyük töhfələrini vurğulayıblar.

Mərasimdə çıxış edən “SOCAR Türkiyə”nin baş direktoru Elçin İbadov Ümummilli Lider Heydər Əliyevin Azərbaycan ilə Türkiyə arasında əlaqələrin möhkəmlənməsində tarixi rolunu xatırladıb: “Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin təkcə Azərbaycanın deyil, həm xalqımızın, həm də türk dünyasının yaddaşında mühüm yeri var. Ulu Öndərin uzaqgörənliyi və müdrik rəhbərliyi bu gün Azərbaycan ilə Türkiyə arasında qardaşlıq, əməkdaşlıq və strateji tərəfdaşlıq üçün möhkəm zəmin yaradıb. Ümummilli Liderimizin uzaqgörən siyasəti sayəsində bu gün Azərbaycan ilə Türkiyə arasında əlaqələr hər sahədə möhkəmlənməkdə davam edir. “SOCAR Türkiyə” Neft Emalı və Neft-Kimya Biznes Vahidinin tədbir ərazisindəki liderlərimizin büstləri iki liderin ideallarını yaşadan bir simvol olacaq. “SOCAR Türkiyə” olaraq həyata keçirdiyimiz investisiya və layihələrdə biz Dahi Öndərin ideallarından və ortaq dəyərlərimizdən ilhamlanırıq”.

Orxan Vahidoğlu, “İki sahil”