15 dekabr 2024 14:29
110

Azərbaycan Könüllü Təşkilatları İttifaqı Beynəlxalq Könüllülər Mərkəzinə sədrlik edəcək

Şəki şəhərində Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı ilə həyata keçirilən və “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan “Azərbaycan Könüllülük Həftəsi” çərçivəsində Beynəlxalq Könüllülər Mərkəzinə üzv ölkələrin II konfransı təşkil edilib.

“İki sahil” xəbər verir ki, konfransda Azərbaycanın, Türkiyənin, Qazaxıstanın, Özbəkistanın, Qırğızıstanın və Tacikistanın nümayəndə heyətləri təmsil olunub.

Çıxış edən Gənclər Fondunun nümayəndəsi Yusif Vəliyev könüllülüyün gənclərin şəxsi və peşəkar inkişafına böyük töhfə verdiyini qeyd edib.

Bildirib ki, Fond ölkədə və beynəlxalq miqyasda könüllülük fəaliyyətinin inkişafına daim dəstək göstərir.

Daha sonra çıxış edən AKTİ-nin sədri Vüqar Əliyev ölkəmizin könüllülük sahəsində qazandığı uğurlar və Azərbaycan könüllülərinin yerli və beynəlxalq səviyyədə irəli sürdüyü təşəbbüslər barədə məlumat verib.

Qazaxıstan Milli Könüllülük Şəbəkəsinin beynəlxalq əlaqələr üzrə koordinatoru Aiman Nakispekova ölkəsində könüllülük hərəkatının inkişafı və bu sahədə atılan addımlar haqqında danışıb. Eyni zamanda, Qazaxıstanın könüllülük sahəsində beynəlxalq əməkdaşlığa önəm verdiyini vurğulayıb və digər ölkələrlə təcrübə mübadiləsinin mühüm rolunu qeyd edib.

A.Nakispekova, həmçinin bu il ərzində Beynəlxalq Könüllülər Mərkəzinin Qazaxıstanda gördüyü işlərin hesabatını təqdim edib.

Konfrans çərçivəsində Azərbaycan Könüllü Təşkilatları İttifaqının 2025-ci ildə Beynəlxalq Könüllülər Mərkəzinə sədrlik edəcəyi elan olunub və təşkilatın sədrliyi müddətində həyata keçiriləcək layihələr barədə ətraflı məlumat təqdim edilib.

Konfransın ikinci hissəsində Azərbaycanın, Türkiyənin, Qazaxıstanın, Özbəkistanın, Qırğızıstanın və Tacikistanın təmsilçiləri könüllülük hərəkatının müxtəlif aspektlərini və bu sahədəki təcrübələrini paylaşaraq, regional əməkdaşlığın vacibliyini vurğulayıblar.

Qeyd edək ki, “Könüllülük Həftəsi” Gənclər və İdman Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “ASAN Xidmət” və IDEA İctimai Birliyinin tərəfdaşlığı ilə keçirilir.