Ədliyyə Nazirliyi universitetlərə lazımi dəstəyi verməyə hazırdır
“İki sahil” xəbər verir ki, bu fikirləri ədliyyə naziri Fərid Əhmədov ADA Universitetində LL.M proqramının açılışında deyib.
Nazir qeyd edib ki, Azərbaycanda dərin elmi tədqiqatlara çox böyük ehtiyac var. O, Azərbaycanda hüquq peşəsinin artıq bir məslək kimi kifayət qədər inkişaf etdiyini vurğulayıb.
“Elm olaraq hüquq sahəsinin inkişafı üçün atılacaq addımlar var ki, onlardan biri də, bəlkə də, əsası da elə bu proqramdır”.
Fərid Əhmədov Azərbaycanda hüquq sistemində milli kimliyin formalaşmağa başladığını əlavə edib:
“Sözsüz ki, burada norma yaratma subyektlərinin, bilavasitə məhkəmələrin rolu danılmazdır. Eləcə də bu istiqamətdə alimlərimizin xidmətlərini unutmamalıyıq”.
Ədliyyə naziri çıxışının yekununda nazirlik adından bütün universitetlərə, o cümlədən onların hüquq fakültələrinə lazımi dəstəyi verə biləcəklərini ifadə edib.