Dekabrın 16-da Elm və Təhsil Nazirliyinin akademik mətbu orqanı olan elmi-nəzəri, pedaqoji “Azərbaycan məktəbi” jurnalının 100 illik yubileyi münasibətilə tədbir keçirilib.
Tədbirin təşkilində məqsəd artıq 100-cü ildir ki, nəşr edilən jurnalın təhsil sisteminin yeniləşməsində, təlim-tərbiyə işinin keyfiyyətinin yüksəldilməsində, mütərəqqi tədris metod və formalarının təbliğində, qabaqcıl təcrübənin öyrənilib yayılmasında, görkəmli alimlərin fikir və ideyalarının cəmiyyətə təqdim olunmasında, elmi, pedaqoji təfəkkürün formalaşmasında əhəmiyyətli və tarixi roluna diqqət çəkmək idi.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Yubiley tədbirndə “Azərbaycan məktəbi” jurnalının baş redaktoru Arzu Soltan nəşrin bir əsrlik fəaliyyətinə dair təqdimatla çıxış edib. O, xatırladıb ki, 1924-cü ildə ölkədə maarifçilik ideyalarını möhkəmləndirmək məqsədilə təsis edilmiş jurnal "Yeni məktəb" adı ilə yaradılıb, 1930-cu ildən isə "Müəllimə kömək" adı ilə çıxmağa başlayıb. "Artıq 80 ildən çoxdur ki, jurnalımız "Azərbaycan məktəbi" adı ilə fəaliyyət göstərir" - deyə o, qeyd edib.
Arzu Soltan bildirib ki, “Azərbaycan məktəbi” jurnalı 100 illik fəaliyyəti dövründə ilk elmi-pedaqoji jurnal kimi ölkəmizdə xalq maarifinin inkişafında, pedaqoji və psixoloji elmlərin təşəkkülü və formalaşmasında müstəsna yer tutub. “Azərbaycan məktəbi” jurnalı Azərbaycan müəllimlərinin peşəkar inkişafına, bilik və bacarıqlarının artırılmasına, yeni təlim texnologiyalarının təbliğinə böyük töhfələr verib.
Sonra jurnalın tarixi fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.
Çıxış edən elm və təhsil naziri Emin Əmrullayev jurnalın kollektivini təbrik edib, nəşrin bir əsrlik fəaliyyətinin təhsilimiz üçün əhəmiyyətindən söz açıb. Nazir qeyd edib ki, "Azərbaycan məktəbi" jurnalının yüz yaşının "STEAM" İnnovasiyalar Mərkəzində qeyd edilməsi bir növ təhsilimizin keçmişi ilə gələcəyi arasında körpünü simvolizə edir.
"Təhsil sistemimiz ciddi islahatlardan keçib. Bir əsr ərzində bir neçə əlifba dəyişikliyi, təhsil sisteminin müxtəlif dövrlərdə müxtəlif təsirlərə məruz qalması, hər dəfə yeni dövrə keçid etməsi asan məsələ deyil. Uzaq kənd məktəblərində işləyən müəllimlər üçün də jurnaldakı məlumatlar, elmi-tədqiqat materialları əlçatan olmalıdır. Bu baxımdan jurnalın dilinin azərbaycanca saxlanılması olduqca mühüm məqamdır", - deyə nazir vurğulayıb.
Daha sonra tədbirdə Nobel mükafatçısı, professor, jurnalın Redaksiya Şurasının üzvü Aziz Sancarın “Azərbaycan məktəbi” jurnalının 100 illiyi münasibətilə təbrik məktubu səsləndirilib.
Tədbirdə pedaqogika üzrə fəlsəfə doktoru, Bakı Slavyan Universitetinin rektorunun məsləhətçisi, jurnalın redaksiya heyətinin üzvü Ənvər Abbasov, pedaqoji elmlər doktoru, jurnalın redaksiya heyətinin üzvü, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Hikmət Əlizadə çıxış edərək 100 yaşlı jurnalın Azərbaycan təhsilində mühüm rolundan danışıb, bu mətbu orqanın kollektivini yubiley münasibətilə ürəkdən təbrik edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Çıxışlardan sonra jurnalın bir qrup əməkdaşına 100 illik münasibətlə Elm və Təhsil Nazirliyinin Fəxri fərmanı və "Təşəkkürnamə"si təqdim edilib.
Tədbirin rəsmi açılış hissəsindən sonra “Elmi-pedaqoji nəşrlərin əhəmiyyəti, praktik yanaşmalar və təcrübələr” mövzusunda panel müzakirəsi təşkil edilib. “Azərbaycan məktəbi” jurnalının baş redaktoru Arzu Soltanın moderatorluğu ilə keçirilən paneldə Təhsil İnstitutunun direktoru, jurnalın redaksiya heyətinin üzvü Elnur Əliyev, ADA Universitetinin dekanı, jurnalın redaksiya heyətinin üzvü Ülviyyə Mikayılova, pedaqogika üzrə fəlsəfə doktoru, Sumqayıt Dövlət Universitetinin prorektoru, jurnalın redaksiya heyətinin üzvü Könül Abaslı və Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin əməkdaşı, Dövlət Proqramı (University of Bath) məzunu Natəvan Qocayeva mövzu ətrafında fikirlərini bölüşüblər.
Yaqut Ağaşahqızı, "İki sahil"