Dekabrın 16-da Medianın İnkişafı Agentliyində (MEDİA) Qazaxıstan Respublikasının Prezidenti yanında “Mərkəzi Kommunikasiyalar Xidməti” Respublika Dövlət Müəssisəsinin nümayəndələri ilə görüş keçirilib.
“İki sahil” xəbər verir ki, MEDİA-dan bildirilib ki, görüş zamanı Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli bu gündən etibarən başlayan “Media Savadlılığı” Həftəsi haqqında məlumat verərək həftənin cəmiyyətdə media savadlılığının artırılmasına, uğurlu beynəlxalq təcrübələrin öyrənilməsinə yönəldiyini vurğulayıb. O, həmçinin həssas istifadəçi qrupu hesab olunan yeniyetmə və gənclərin bilik və bacarıqlarının inkişafı, informasiya mənbələri və axını ilə səmərəli qarşılıqlı əlaqənin qurulması, eyni zamanda, məsuliyyətli rəqəmsal vətəndaşlığın təbliği məqsədilə bir sıra tədbir və layihələrin həyata keçiriləcəyini qeyd edib.
Qazaxıstan Respublikasının Prezidenti yanında “Mərkəzi Kommunikasiyalar Xidməti” Respublika Dövlət Müəssisəsinin direktor müavini Dmtriy Qoloburda isə “Media Savadlılığı” Həftəsinin məqsəd və əhəmiyyətini yüksək qiymətləndirərək informasiya bolluğu dövründə doğru məlumatın seçilməsi və yayılmasının vacibliyini vurğulayıb, hər iki ölkə arasında media sahəsində əməkdaşlığın daha da genişləndirilməsi və təcrübə mübadiləsinin aparılması üçün birgə layihələrin həyata keçirilməsinin böyük önəm kəsb etdiyini diqqətə çatdırıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.