17 dekabr 2024 21:59
108

Bakı Slavyan Universitetində Şirməmməd Hüseynovun 100 illiyinə həsr olunmuş tədbir keçirilib - FOTO

Dekabrın 17-də Bakı Slavyan Universitetində (BSU) görkəmli alim, Azərbaycan jurnalistikasının inkişafında müstəsna rolu olmuş, Prezident təqaüdçüsü, “Şərəf” ordenli Şirməmməd Hüseynovun anadan olmasının 100 illiyinə həsr edilmiş tədbir keçirilib.

Tədbirdə çıxış edən  Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev bildirib ki, Şirməmməd Hüseynov bir alim və pedaqoq kimi Azərbaycan klassik jurnalistikasının görkəmli simaları Həsən bəy Zərdabi, Əli bəy Hüseynzadə, Məhəmməd Əmin Rəsulzadə, Üzeyir Hacıbəyli, Əhməd Ağaoğlu, Cəlil Məmmədquluzadə irsini hərtərəfli araşdıraraq yetişməkdə olan nəslə çatdırılmasında təqdirəlayiq xidmətlər göstərmişdir. Alimin Azərbaycan Xalq Cümhuriyyəti qurucularının fəaliyyətinə dair araşdırmalarının Azərbaycan tarixinin öyrənilməsində xüsusi əhəmiyyəti var. Şirməmməd Hüseynov Azərbaycan klassik publisistika məktəbi ənənələrini müstəqillik dövründə yeni bir məktəb səviyyəsinə yüksəltmişdir. Yüzlərlə jurnalistin ustadı kimi şöhrət qazanmış alimin elmi kadrların yetişdirilməsində də böyük əməyi olmuşdur. Şərəfli ömür yolu keçmiş görkəmli alim, pedaqoq, jurnalist, yorulmaz mətbuat tədqiqatçısı, professor Şirməmməd Hüseynov elm və təhsilimizə çox dəyərli töhfələr verib.

Milli Məclisin deputatı, BSU-nun Jurnalistika kafedrasının müdiri Vüqar Rəhimzadə çıxışında qeyd edib ki, Şirməmməd Hüseynov əsl vətəndaş idi. O, Vətənə, xalqa, dövlətə daim ləyaqətlə xidmət edib, çağdaş jurnalistikamızın formalaşmasında müstəsna xidmətlər göstərib. Azərbaycançılıq ideologiyasının təbliğində, gənc nəsil jurnalistlərin milli təəssübkeşlik, vətəndaşlıq ləyaqəti, obyektivlik ruhunda tərbiyə olunmasında Şirməmməd Hüseynovun xidmətləri əvəzsizdir. Bu gün də onun tələbələri müxtəlif elm və təhsil müəssisələrində, kütləvi informasiya vasitələrində öz müəllimlərinin yolunu uğurla davam etdirirlər.

Görkəmli alimin davamçılarından olan BDU-nun kafedra müdiri, professor Cahangir Məmmədli, tələbəsi olmuş, Mətbuat Şurasının üzvü Yadigar Məmmədli, professor E. Babayev, eləcə də ailə üzvü, BSU-nun dosenti A.Əliyev çıxış edərək Şirməmməd Hüseynov haqqında unudulmaz xatirələrini bölüşüb, onun peşəkar və şəxsi keyfiyyətləri haqqında məqamlara toxunublar. BSU-nun jurnaliatika ixtisasının tələbəsi S.Zalova professor Şirməmməd Hüseynovun yaratdığı irsin yetişməkdə olan gənc jurnalistlər üçün əhəmiyyətini vurğulayıb.