Müstəqilliyin ilk illərində qeyri-hökumət təşkilatları (QHT) ilə dövlət qurumlarının birgə fəaliyyətində ciddi problemlər var idi.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva Nizami Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Nizami Rayon Təşkilatının birgə təşkilatçılığı ilə keçirilən “Qalib Lider faktoru: Ölkəmizin dünyada artan nüfuzu və yeni reallıqlar” mövzusunda konfransda deyib.
O qeyd edib ki, bunu nəzərə alan Ümummilli Lider Heydər Əliyev bu problemi aradan qaldırmaq üçün vacib addımlar atdı: "Hazırda ölkəmizdə bərqərar olan iqtisadi, siyasi, sosial, mədəni inkişaf, vətəndaş cəmiyyəti və siyasi plüralizm uzunmüddətli ciddi təşkilati işlərin görülməsinin nəticəsidir".
A.Əliyeva xatirladıb ki, bu il Azərbaycan ilk dəfə COP29 kimi möhtəşəm tədbirə ev sahibliyi etdi. O vurğulayıb ki, COP29 tədbirində iştirak baxımından qeyri-hökumət təşkilatları dövlətlərdən sonra ən çox təmsilçiliyə sahib idi: "Tədbir zamanı ölkəmizə 10 minə yaxın qeyri-hökumət təşkilatının nümayəndəsi qonaq qismində gəlmişdi və ölkə prezidenti də müsahibəsində bu məsələyə toxundu. Amma, təəssüf ki, bu cür əhəmiyyətli tədbir zamanı da bəzi qüvvələr qarayaxma kampaniyalarını davam etdirdilər. Təbii ki, bu zaman səsləndirilən ən böyük ittiham Azərbaycanın neft ölkəsi olması ilə bağlı idi. Ölkə başçısı isə bu məsələyə cavabında bildirdi ki, Azərbaycan sıradan neft ölkəsi deyil. Azərbaycan tarixən neftin sənaye üsulu ilə istehsal olunduğu ilk ölkədir. Hətta bu gün həmin o siyasi dairələrin də fəxrlə adını çəkdiyi Nobel mükafatının nüfuzu da, sərvəti də Azərbaycan neftindən qidalanıb.
Ümumiyyətlə, neft olmasaydı, dünyanın sivilizasiyası necə olardı? Bu, özü də çox ciddi bir sualdır və Azərbaycanı neft ölkəsi olmaqla ittiham edən qüvvələr həm də onu göz önünə gətirməlidir ki, bu gün Azərbaycan alternativ enerji ölkəsi olmağa doğru çox uğurla inteqrasiya edir. Həmçinin, ölkəmiz tarixdən bizə, təəssüf ki, miras olaraq qalmış 30 il ərzində işğal altında inləyən torpaqlarımızı sıfır emissiya gülüstana çevirir".