20 dekabr 2024 11:11
241

Məzmunlu, çoxhədəfli, dürüst və hökmlü

Prezident İlham Əliyevin “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinə verdiyi müsahibə ölkə başçısının regionun, bütünlükdə isə dünya ilə bağlı narahatlığının izharı idi. Azərbaycan - Rusiya münasibətləri, Azərbaycan -Gürcüstan, Azərbaycan – Türkiyə, Azərbaycan – Ermənistan, Azərbaycan – Fransa və Azərbaycan - ABŞ arasında münasibətlərin diplomatik səviyyələrdə səciyyəsini meydana qoyan İlham Əliyev fərdi üslub, tərz, dəst-xətt səpgisində ümumi müşahidələrin doğru-dəqiq analizini verir. Əlbəttə, ölkə başçısı narahatdır. Amma bu narahatlıq erməniyə havadarlıq edib onu açıq şəkildə silahla təmin edən Fransa və Hindistana, yaxud gizli şəkildə həyata keçirən Amerika Birləşmiş Ştatlarına görə deyil. Ona qalsa qeyd etdiyi kimi, ölkənin hərbi büdcəsi rekord səviyyədədir, hər cür təxribatların qarşısını alacaq səriştə və əzmin rəhbəridir İlham Əliyev. Bəs nigaranlıq nə ilə bağlıdır?! Bəşəriyyətin sabahı üçün, bitməyən ədavət, göz yaşı, savaşlardan yorulmayan, qan tökməkdən əl çəkməyən qüvvələrin antihumanist davranışı üçün.

İlham Əliyev dost olan ölkələri məmnunluqla qeyd edir, yüksək dəyərləndirir. Azərbaycan-Rusiya kontekstində məsələn: “Bu gün Rusiya və Azərbaycan iki etibarlı tərəfdaşdır və düşünürəm ki, buna nə Azərbaycanda, nə də Rusiyada heç bir şübhə yoxdur”; yaxud Azərbaycan-Türkiyə qardaşlığının nümunəsində: “Azərbaycan müstəqilliyini bərpa edəndən sonra, 1992-ci ilin əvvəlindən Türkiyə ilə hərbi əməkdaşlıq edir. Bu hərbi əməkdaşlıq o vaxt başlayıb və bu günə qədər davam edir. Təbii ki, zərurətdən asılı olaraq formalar dəyişir, amma deməliyəm ki, bu 30 ildən artıq müddətdə Türkiyə və onun hərbi strukturları Azərbaycan Ordusunun müasirləşdirilməsində və onun həm döyüş qabiliyyətinə, həm də əməliyyatların planlaşdırılmasına, vəziyyətin təhlilinə, hərbi kəşfiyyatın potensialına uyğun olaraq yüksək standartlara çatdırılmasında böyük rol oynayıblar. Yəni, belə yardıma görə türk dostlarımıza çox minnətdarıq”!

Azərbaycan-Gürcüstan münasibətlərinə də eyni civarda yanaşır: “Gürcüstan bizim üçün çox mühüm tərəfdaş və yaxın dostdur. Uzun əsrlərdir ki, xalqlarımız sülh və əmin-amanlıq şəraitində yaşayır. Ona görə də Gürcüstanda sabitliyin pozulması və ya sabitliyin pozulması təhlükəsi Gürcüstan üçün olduğu kimi, Azərbaycan üçün də zərərlidir. Bu səbəbdən biz öz tərəfimizdən çalışırıq və bütün addımları atırıq ki, Gürcüstanda vəziyyət siyasi məcrada sabit olsun, Gürcüstan uğurla inkişaf etsin”.

Bütün dostluq və qardaşlıq münasibətlərinə rəğmən dünya təəssüf ki, pislərdən, şərə, ədavətə qulluq edən qüvvələrdən xali deyil. Nə yazıq ki, bəşər yaranandan bu qaydanı pozmaq hələ heç kəsə müəssər olmayıb. Antitürk psixoz yaratmaq, müsəlman, türk əleyhinə səlib yürüşlərinə çağırmaq cəhdində erməni millətçiliyi yenə də iş başındadır və xalqlar arasında təxribatda öz qədim peşələrinə sadiq qalırlar. Bunun əksinə olaraq, ölkə başçımız İlham Əliyev antihumanist, millətçi ənənəni hər zaman rədd edib. Səbəbi bəlkə də M.Ə.Sabirin bu misrası ilə ifadə eləmək daha dəqiq olar: “Kim ki, insanı sevər, - aşiqi hürriyyət olur”! Çünki İlham Əliyev özünü dünyanın bir parçası sayır və dünya salamat olacaqsa, bütün insanlıq, fərdlər, insanlar salamat olacaq, - ideyasını rəhbər tutur. Nəinki rəhbər tutur, hətta bu ideyanın siyasi-əxlaqi mahiyyətinə bu gün xüsusilə müasir səslənən klassik səciyyələr verir: “Əndazəsiz iddialar və Makron hökumətinin əsassız olaraq özünü böyük sayması bütün bunları uçuruma yuvarlatdı”. Bu müşahidədəki təəssüf nidasını isə duymamaq mümkün deyil: “Fransa ola bilər ki, nə vaxtsa böyük ölkə, dahi mütəfəkkirlər, böyük alimlər, yazıçılar ölkəsi olub. Amma indi belə deyil”.

Bir əsr öncə özünü “hüsnü-xuda şairi” elan edən Hüseyn Cavid “Kəssə hər kim tökülən qan izini / qurtaran dahi odur yer üzünü”, - deyirdi. Bir əsr sonra baş verən vüqeələri müşahidə edən biri kimi deyirəm: Əgər yer üzünü tək bircə nəfər – İlham Əliyev idarə etsəydi, arzu olunan Dahi işinin müəllifi elə özü olardı! Amma hələ ki, belə bir əlahiddəlik heç kimə nəsib olmayıb. Odur ki, qandan, xaosdan qidalananlara çalxantı yaratmaq, harmoniyaya xidmət edənlərə isə acımaq, ağrımaq, nigaran olmaq qalır: “biz bütün öhdəliklərimizə maksimum dərəcədə məsuliyyətlə yanaşırıq və bundan sonra da belə edəcəyik. Düşünürəm ki, Azərbaycan da gərginliyin aradan qaldırılması işinə öz töhfəsini verə bilər, bir az unudulmuş sözdür, – gərginliyin azaldılması - “detente”. Düşünürəm, bu sözə indi beynəlxalq leksikonda tələbat var və ümid edirəm ki, ondan istifadə olunacaq. Xarici siyasətinin xüsusiyyətlərinə görə istər Qərbdə, istərsə də Şərqdə Azərbaycan müstəqil xarici siyasət yürüdən tamamilə müstəqil aktor kimi qəbul edilir. Həm də ona görə ki, bu, eyni zamanda, həm Rusiyanın, həm də NATO üzvü Türkiyənin müttəfiqi olan yeganə ölkədir. Dünyada ikinci belə ölkə yoxdur”.

Bu gün Qərb və ABŞ-ın Azərbaycana qarşı təzyiqlərinin kökündə dayanan amillər də məhz, bundan zəmin alır. Prezidentin müsahibəsində qeyd etdiyi kimi, Azərbaycanın müstəqil siyasət yürütməsi, beynəlxalq aləmdə artan nüfuzu, söz sahibi olması, etimad göstərilən dövlətə çevrilməsi reallığı. Bütün zamanlarda özünü supergüc, hegemon statusunda hiss edən və etdirməyə çalışan Qərbə, ABŞ dövlətinə, Fransaya  bu sərf eləmir: “Onlar kiminsə onlara ədalət öyrətməsinə alışmayıblar. Onlar öyrəşiblər ki, hamıya özləri dərs versinlər. Onlar alışıblar ki, qarşılarında baş əyirlər, müəyyən məsələlərdə onlardan xahiş edirlər, onlarla məsləhətləşirlər, onların icazəsi olmadan heç nə etmirlər. Beləcə keçmiş kolonial, indi isə bəzi neokolonial ölkələr bu tərzdə yaşamağa və düşünməyə alışıblar. Bu, onların şüurunda dərin kök salıb.”.

 Onlar həm də bizim 44 günlük Vətən müharibəsində qazandığımız zəfərlə və 2023-cü ilin sentyabrında keçirilmiş anti-terror tədbirləri nəticəsində Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini təmin etməsi faktı ilə barışa bilmirlər. Ona görə ard-arda müxtəlif şəkildə təzyiq göstərməyə çalışırlar. Ölkəmiz əleyhinə qara piar aparır, məğlub və işğalçı ölkənin militarizasiyasına dəstək verir, Ermənistanda hərbi baza yaradır, ermənilərin təəssübünü çəkirlər. Ölkə başçısı yenə də xəbərdarlığını etdi: “Onlar İkinci Qarabağ müharibəsinin və 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatının nəticələrini unutmamalıdırlar. Həmçinin başa düşməlidirlər ki, Makron rejiminin, eləcə də ABŞ Dövlət Departamentinin maksimum dəstəyinə baxmayaraq, burada, bu yerdə bizə qarşı növbəti təxribat planlaşdırsalar, onlara heç kim kömək etməyəcək”.

Gürcüstanda bağlı İlham Əliyevin narahatlığı da müsahibədə prioritet məqam kimi diqqət çəkir. “Gürcüstan bizim üçün çox mühüm tərəfdaş və yaxın dostdur.  Gürcüstan məsələsinə qayıdarkən deməliyəm ki, o, göründüyündən daha genişdir. Zənnimcə, bu səbəbdən nəzərdə tuturam ki, adətən irəliyə sanksiyaları vərdişə çevirmiş ölkələri verirlər. Əgər belə demək mümkündürsə, bu, Qafqaz uğrunda döyüşdür”. Bəli, bu gün Qərb dövlətlərinin postsovet məkanında destruktiv, dağıdıcı fəaliyyəti göz önündədir. Gürcü xalqına ilk növbədə, bu meyllərə uymayaraq müstəqil xarici siyasət yürüdən, göstərilən müəyyən təzyiqlərə baxmayaraq, şimal qonşusu ilə normal münasibətlər qurmağa çalışan hakimiyyətin olması vacib amildir. Bunu müsahibədə cənab Prezident İlham Əliyev də geniş vurğuladı. Azərbaycan Gürcastanla strateji müttəfiqlikdirlər, həm energetika, həm siyasi, həm də iqtisadi platformalarda sıx əməkdaşlıq edirlər. Azərbaycan neft və qazının əsas hissəsi Gürcüstan ərazisindən keçən Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, Bakı-Tbilisi Ərzurum kəmərləri ilə xaricə ixrac olunur. Bundan başqa, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, TANAP layihəsi və digər beynəlxalq layihələr, Azərbaycanın dövlət şirkəti SOCAR daxil olmaqla, Gürcüstan iqtisadiyyatına edilən milyardlarla dollar yatırım ikitərəfli münasibətlərin strateji xarakter almasında rol oynayıb. Buna bir də insan amili kontekstindən, Gürcüstanda sayı yarım milyonu aşan azərbaycanlı faktorundan da yanaşmaq lazımdır. Gürcüstanda baş verəcək istənilən daxili gərginlik, iğtişaş halları və ictimai-siyasi anarxiyanın zərbəsi həm orda yaşayan azərbaycanlılara dəyir, həm də bu qarışıqlıq region üçün yeni risk təhlükəsi yaratmış olur. Bu mənada, Gürcüstan dövlətinin sabitliyi Azərbaycan üçün öz sabitliyi qədər əhəmiyyətli məsələdir.

İlham Əliyev davamlı sülhə nail olmaq üçün məsələnin birdəfəlik həlli  üçün nə etmək lazımdır, aydın şəkildə açıqlayır. Bunun üçün Ermənistan öz konstitusiyasında dəyişiklik etməlidir. Əks təqdirdə, Ermənistan konstitusiyası indiki formada qalarsa, sülh sazişi yarımçıq və qısamüddətli olacaq. Növbəti illərdə Azərbaycanla sülhə qarşı çıxan hər hansı yeni Ermənistan rəhbərliyi sazişin hüquqi cəhətdən daha üstün olan konstitusiyaya uyğun olmadığını əsas gətirərək onu denonsasiya edəcək. Buna görə, yeni münaqişələrə zəmin verməmək üçün heç bir hüquqi boşluğa yer verilməməlidir: “Erməni tərəfinin həyata keçirməli olduğu daha iki məqam var.  Birincisi, öz Konstitusiyasını dəyişməkdir. Çünki konstitusiyada Azərbaycana ərazi iddialarının yer aldığı müstəqillik Bəyannaməsinə istinad var, burada keçmiş Dağlıq Qarabağ muxtar vilayəti Ermənistanın bir hissəsi elan olunur. Ona görə də Konstitusiyanın dəyişdirilməsi bizim istəyimiz deyil, sadəcə obyektiv şərtdir”.

Müsahibədə yer alan əhəmiyyətli məqamlardan biri də COP29- un nəticələri ilə bağlı idi. Bu cür mötəbər tədbirə ev sahibliyi edən Azərbaycanın dövlət başçısına belə bir sualın ünvanlanması gözlənilən idi. COP29 dünyanın ekoloji baxımdan, iqlim təhlükəsizliyi fonunda təhlükəsizliyini düşünən platformadır. Dünyanın yaşıl enerji ilə təminatında  bu tədbirin keçirilməsinin müstəsna əhəmiyyəti oldu. Azərbaycan neft və qaz hasilatından əldə etdiyi gəlirləri yaşıl enerjiyə yatırdı, qlobal istixana qazı emissiyalarında payının cəmi 0,1 faiz təşkil etdiyi Azərbaycan nümunəvi ölkə kimi daha kiçik emissiya payına sahib dövlətlərin iqlim dəyişmələri ilə mübarizəyə əhəmiyyətli töhfələr verə biləcəyini nümayiş etdirdi, dövlət başçılarını bəşəriyyət naminə konstruktiv şəkildə və xoş məramla əməkdaşlıq etməyə çağırdı və bu çağırış bu gün də davam edir. Mahiyyətini anlamaq belə insana gözəl hisslər yaşadır. Bizim dövlət qan, göz yaşı, ölümlər naminə deyil, yaşıl dünya naminə həmrəyliyə çağırdı dünya liderlərini. Kim bu çağırışdan kənarda qaldısa elə kimliyini və hansı qütbə xidmət göstərdiyini meydana qoydu. Bu mötəbər tədbir Azərbaycanın uğur hekayətidir və humanist obrazının dünyanın gözü önündə yenidən sərgilənməsi baxımından müstəsna hadisədir. Bunu ölkə başçısı da qeyd etdi: “Başlıca çətinlik ondan ibarət idi ki, bizim vaxtımız az idi. Bir qayda olaraq, ölkələrə hazırlıq üçün 2 il vaxt verilir. Bizim isə 11 ayımız var idi. Bunun səbəbi o idi ki, ötən ilin dekabrında qərar qəbul edilməsinə iki-üç gün qalmış Ermənistan hələ də Azərbaycanın namizədliyini bloklayırdı. COP29-un Bakıda keçiriləcəyi ilə bağlı konsensus olmadığına görə məsələ son günlərdə həll edildi. Ona görə də hazırlaşmaq üçün bizim cəmi 11 ayımız var idi və bu, ən böyük çətinlik idi. Çünki biz 70 mindən çox insanı qəbul etmək üçün şərait yaratmalı idik. Qeydiyyatdan 76 min iştirakçı keçmişdi... Bu, çox böyük təşkilati iş idi və biz onun öhdəsindən şərəflə gəldik.

İkinci çətinlik, əgər onu çətinlik adlandırmaq mümkündürsə, deyərdim ki, müəyyən rahatsızlıqla bağlı olan məsələ tamamilə əsassız aqressiya hissi, bir növ Azərbaycana qarşı paxıllıqla müşayiət olunan qərəz idi. Yəni belə bir ölkə var və birdən-birə bu cür konfransa ev sahibliyi etmək hüququ qazanıb”. Necə ki, Prezident belə bir ölkə olduğunu bütün dünyaya uca səslə bəyan etdi, Azərbaycanı tanıtdı, gücünü, mənəvi qüdrətini 196 ölkədən 76 000 insanın önündə sərgilədi.

Qərbi Azərbaycana Qayıdış amili də siyasi və strateji hədəf kimi İlham Əliyevin müsahibəsində vurğulandı. Ermənilərin Qərbi Azərbaycan torpaqlarına  sahiblənməyə çalışmaları, dağıdıcılıq faktoru, insanların öz ərazilərindən sürgün olunması kimi acı reallıqla üz-üzə qalması yaxın tariximizin fəci proseslərindən biri kimi önə çəkildi və Qərbi Azərbaycan İcmasının reinteqrasiya üçün şəraitin yaradılmasına dair Ermənistan rəhbərliyinə rəsmi müraciət edilməsi məsələsinə də toxunuldu: “Ermənistandan gələnlərin icması var, onlar 1980-ci illərin sonunda – 1990-cı illərin əvvəlində deportasiya olunmuş təxminən 300 min azərbaycanlıdır. Bu icma qayıtmaq, reinteqrasiya üçün onlara belə bir şəraitin yaradılmasına dair Ermənistan rəhbərliyinə rəsmi müraciət edib. Çünki onların 1990-cı illərin əvvəlində oradan deportasiyası o demək deyil ki, bu insanların qayıtmaq hüququ yoxdur. Ona görə də biz hələ bu günədək Ermənistan rəhbərliyindən azərbaycanlıların öz tarixi torpaqlarına reinteqrasiyası prosesini necə görmələri barədə cavab almamışıq. Zənnimcə, əgər bu iki proses paralel kursla gedərsə, onda bu, sülh üçün ən yaxşı ictimai ab-hava yaradacaq. Çünki sülh təkcə sülh sazişini imzalamaq demək deyil, bu, həm də ictimai konsensusdur. Bizim işğal illərində aldığımız yaralar isə 30 il keçməsinə baxmayaraq hələ də sağalmayıb. Yəni, bunun üçün vaxt lazımdır. Bu məqsəd üçün isə ictimai fon, ünsiyyət lazımdır, insani dildə danışmaq gərəkdir. Beləliklə, indi vəziyyət bundan ibarətdir”.

O ki, qaldı Azərbaycan Respublikası Prezidentinin müsahibəsindəki intonasiyaya... Hər zamankı kimi mükəmməl idi: məzmunlu, məramlı, çoxhədəfli, sərrast, səbatlı, korrekt, dürüst, cəsarətli və hökmlü!

Elnarə Akimova,
Milli Məclisin deputatı,
​YAP İdarə Heyətinin üzvü, filologiya elmləri doktoru