20 dekabr 2024 17:20
121

Gələcəyə baxış: Sabitlik və sülh yolu

Azərbaycanın son illərdəki inkişaf strategiyası, beynəlxalq münasibətlərdə mövqeyinin güclənməsi və milli təhlükəsizlik məsələləri ilə bağlı prioritetləri Prezident İlham Əliyevin “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinə verdiyi müsahibədə geniş şəkildə şərh olunub. Bu müsahibə ölkənin gələcək siyasi və iqtisadi kursunun aydın mənzərəsini təqdim edir.

Azərbaycanın hərbi sahəyə ayırdığı maliyyə vəsaitinin 2025-ci ildə rekord həddə çatacağı açıqlanıb. Hərbi büdcənin təxminən beş milyard ABŞ dolları təşkil etməsi ölkənin müdafiə qabiliyyətini daha da artırmaq və təhlükəsizlik sahəsində dayanıqlığını təmin etmək məqsədini daşıyır. Ayrılan vəsaitin ən azı 60 faizinin hərbi xərclərə yönləndirilməsi planlaşdırılır. Dövlətimizin başçısı müsahibəsində bildirib ki, bu qərar regionda mövcud olan təhdidlərlə bağlıdır. Əks halda, bu resurslar Qarabağın bərpasına, sosial rifah layihələrinə və digər inkişaf sahələrinə yönləndirilə bilərdi.

Bununla yanaşı, Ermənistanın Azərbaycanla silah yarışında rəqabət apara bilməyəcəyi xüsusilə qeyd olunub. Ermənistanın əsasən, Qərbdən pulsuz və ya kreditlə aldığı silahlar Azərbaycanın müdafiə arsenalı və hərbi potensialı ilə müqayisədə qeyri-adekvat görünür. Ermənistan 2020-ci ilin İkinci Qarabağ müharibəsinin və 2023-cü ildə keçirilmiş antiterror əməliyyatının nəticələrini unutmamalıdır. Bu hərbi əməliyyatlar bir daha göstərdi ki, revanşist ideyalar Ermənistan üçün yalnız məğlubiyyət və təhlükə gətirə bilər.

Regionun sülh və sabitliyinə xidmət etmək üçün yaradılmış ATƏT-in Minsk qrupu artıq öz əhəmiyyətini itirmiş mexanizm kimi qiymətləndirilir. Azərbaycan Prezidenti açıq şəkildə bildirib ki, Ermənistan Qarabağı Azərbaycanın ərazisi kimi tanıdığı halda, Minsk qrupunun fəaliyyəti mənasızdır. Vurğulanıb ki, bu qurum formal olaraq hələ də mövcuddur, lakin real olaraq heç bir iş görmür.

Minsk qrupunun ləğvi ilə bağlı Ermənistanın hələ də razılıq verməməsi revanşist dairələrin planlarının hələ də qüvvədə olduğunu açıq şəkildə ortaya qoyur. Bu yanaşma, rəsmi Bakının fikrincə, regionda uzunmüddətli sülhün bərqərar olunmasına mane olan əsas faktor kimi çıxış edir və Ermənistanın qeyri-konstruktiv mövqeyini bir daha sübut edir.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan və Fransa arasında tarixən mövcud olmuş əməkdaşlıq münasibətləri xüsusən də Makronun hakimiyyəti dövründə ciddi böhranla üzləşib. Keçmişdə iqtisadi, mədəni və siyasi sahələrdə sıx əlaqələrə malik olan bu iki ölkənin münasibətləri İkinci Qarabağ müharibəsi zamanı və sonrakı dövrdə gərginləşməyə başlayıb. Makron hökumətinin müharibə zamanı açıq şəkildə Ermənistanı dəstəkləməsi, Azərbaycanın suveren hüquqlarına zidd addımlar atması diplomatik əlaqələrdə müəyyən problemlər yaradıb.

Makron hökumətinin neokolonial yanaşmaları və Azərbaycana qarşı tərəfkeş mövqeyi iki ölkə arasında əməkdaşlıq imkanlarını məhdudlaşdırıb. Fransa hökumətinin Qarabağ müharibəsinin nəticələrini BMT Təhlükəsizlik Şurasının gündəliyinə gətirmək cəhdləri, eləcə də Azərbaycana qarşı sanksiyaların tətbiqi təşəbbüsləri uğursuzluqla nəticələnib. Belə yanaşma Azərbaycanın beynəlxalq hüquq prinsiplərinə əsaslanan mövqeyi və regiondakı strateji üstünlüyü fonunda nəticəsiz qalıb.

Azərbaycanın son illərdə beynəlxalq aləmdə nüfuzunun artması onun milli maraqlarını uğurla müdafiə etməsi və strateji təşəbbüsləri reallaşdırması ilə bağlıdır. Dövlətimiz öz suverenliyini bərpa etməklə yanaşı, regionda lider kimi çıxış edir. Qərb dairələrinin bəzi destruktiv siyasətinə baxmayaraq, Azərbaycanın mövqeyinin beynəlxalq səviyyədə geniş dəstək tapması onun qlobal təsir imkanlarının genişləndiyini nümayiş etdirir.

Ermənistan və bəzi digər dövlətlərin destruktiv siyasətinin, habelə Azərbaycana qarşı artan təhdidlərin və təzyiqlərin təsirinə baxmayaraq, bu maneələr ölkənin uğurlu inkişaf yolunu dəyişdirə bilməyib. Azərbaycanın beynəlxalq hüququ müdafiə etmə qətiyyəti, həmçinin regionda sabitliyin təmin edilməsi üçün atdığı addımlar ölkənin beynəlxalq mövqeyini möhkəmləndirir. Dövlətimiz, bir tərəfdən, milli təhlükəsizlik və müdafiə məsələlərini ön planda saxlayır, digər tərəfdən isə iqtisadi və sosial inkişaf sahələrində mühüm irəliləyişlər əldə edir.

Qarabağın bərpası, sosial layihələrin icrası və beynəlxalq arenada Azərbaycanın nüfuzunun artırılması ölkənin əsas hədəflərindən biridir. Bu strategiya həm daxili sabitliyin möhkəmlənməsini, həm də beynəlxalq miqyasda ölkənin müstəqilliyinin daha da möhkəmləndirilməsini təmin edəcək. Azərbaycanın gələcəyə yönəlmiş bu balanslı siyasəti regionda uzunmüddətli sülh və sabitliyin təminatına xidmət edir.

Nurlan Həsənov,
​Milli Məclisin deputatı