22 dekabr 2024 17:53
116

Azərbaycan Din Xadimlərinin Forumunun iştirakçıları İlahiyyat İnstitutunun fəaliyyəti ilə tanış olublar

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Dini maarifləndirmənin aktual məsələləri: ənənə, təcrübə və perspektivlər” mövzusunda keçiriləcək Azərbaycan Din Xadimlərinin Forumunun iştirakçıları dekabrın 22-də Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) olublar.

Komitədən “İki sahil”ə verilən məlumata görə, görüş zamanı rektor Aqil Şirinov forum iştirakçılarına Azərbaycan İlahiyyat İnstitutunun fəaliyyəti barədə məlumat verib. Bildirib ki, Prezident İlham Əliyevin 2018-ci il 9 fevral tarixli Sərəncamı ilə yaradılmış institutun bakalavriat səviyyəsində təhsil “İslamşünaslıq” və “Dinşünaslıq” ixtisasları üzrə həyata keçirilir. Tələbələrə ixtisas fənləri ilə yanaşı, multikulturalizm, Azərbaycan tarixi, fəlsəfə, məntiq, eləcə də ərəb və ingilis dilləri tədris edilir. Aİİ-nin magistratura və doktorantura təhsil pillələri barədə də məlumat verən rektor əlavə edib ki, ali təhsil müəssisəsinin başlıca hədəflərindən biri ictimaiyyətə dinin düzgün şəkildə çatdırılmasını təmin etmək məqsədilə araşdırmalar aparmaq, cəmiyyətin din sahəsindəki ehtiyaclarını izləmək, yaranan problemlərə dair həll yolları təklif etməkdir.

Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov Azərbaycan İlahiyyat İnstitutu yanında Bakı İlahiyyat Kollecinin yaradılması və fəaliyyəti barədə din xadimlərinə məlumat verib. Komitə tərəfindən İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadimlərinin təyin olunması ilə bağlı keçirilən müsabiqədə Aİİ məzunlarının fəallığını diqqətə çatdıran sədr müavini onların ölkəmizin müxtəlif bölgələrində imam, imam müavini və dini ayinlərin icraçısı kimi çalışdıqlarını xatırladıb.

Forum iştirakçıları institut və kollecdə tələbələr üçün yaradılan şəraitlə də tanış olublar.

Görüş qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi ilə yekunlaşıb.