Ölkə Prezidenti cənab İlham Əliyevin yerlərdə vətəndaş müraciətlərinə obyektiv və operativ baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və tapşırıqlarına uyğun olaraq, həmçinin bu istiqamətdə dövlət siyasətini əsas tutaraq, Milli Məclisin deputatı Xanlar Fətiyev YAP Bərdə rayon təşkilatının inzibati binasında və rayonun Lənbəran kəndində vətəndaş qəbulu keçirib.
“İki sahil” xəbər verir ki, qəbul zamanı Xanlar Fətiyev vətəndaşların problemlərini dinləyib, onları narahat edən məsələlərlə yaxından tanış olub.
Qəbulda vətəndaşları narahat edən problemlərin bir qismi yerindəcə həllini tapıb. Digər məsələlərin həlli üçün tədbirlər görüləcəyi diqqətə çatdırılıb və bununla bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.
Lənbəran kəndinin kənddaxili yolunun bərpa edilməsi, içməli su problemi, həmçinin burada yolkənarı dayanacağın tikilməsi və s. barədə vətəndaşların müraciətlərinin həlli ilə bağlı addımlar atılıb.
Deputat Xanlar Fətiyev Yeni Azərbaycan Partiyası Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya ilə birlikdə Lənbəran kəndində olarkən burada şəhidlərin xatirəsinə salınmış abidə kompleksini ziyarət ediblər.