23 dekabr 2024 13:00
205

Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutulub

Sosial şəbəkələrdə uşaq bağçalarında işə qəbulla bağlı saxta elanlarla insanları aldadan və onların pul vəsaitləri ələ keçirən şəxs müəyyən olunub.

“İki sahil” xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən vətəndaşlara qarşı kütləvi dələduzluq əməllərində şübhəli bilinən daha bir nəfər - 1995-ci il təvəllüdlü Mirnicat Əmirov saxlanılıb.

Müəyyən edilib ki, M.Əmirov onunla əlaqə saxlayan hər bir vətəndaşdan işə qəbulla bağlı müraciətin qeydə alınması üçün müxtəlif məbləğlərdə pulun onun kartına köçürülməsini tələb edib. O, həmin pulları nağdlaşdırılandan sonra zərərçəkənlərin əlaqə nömrələrini bloklayıb.

Şübhəli şəxsin çoxsaylı bank kartları, elan saytlarında yerləşdirdiyi mobil telefon nömrələr və digər elektron sübutlar aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

DİN-in mətbuat xidmətindən bir daha vətəndaşlara tövsiyə edilir ki, elan saytlarında yerləşdirilən məlumatlara münasibətdə diqqətli olsunlar, onlayn ödənişlər etməsinlər.