YAP Sumqayıt şəhər təşkilatında ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti barədə gənclər arasında maarifləndirmə işini təşkil etmək, Dahi liderin irsini təbliğ etmək məqsədilə yaradılmış ənənəvi “Heydər Əliyev Məktəbi”nin növbəti- beşinci məşğələsi keçirilib.
“İki sahil” xəbər verir ki, məktəbin növbəti məşğələsində YAP İdarə Heyətinin üzvü, Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov, Milli Məclisin Deputatı Elnarə Akimova və şəhərin fəal gəncləri arasından seçilmiş dinləyiciləri iştirak ediblər.
İlk öncə Dövlət Himni səsləndirilib, ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Əvvəlcə Ramiz Hüseynov çıxış edərək qeyd edib ki, yarandığı 32 il ərzində ölkəmizin milli maraqlarının qorunmasında mühüm rol oynamış Yeni Azərbaycan Partiyası dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların dinc və firəvan həyatının təmin edilməsi istiqamətində yorulmadan fəaliyyət nümayiş etdirir. Azərbaycan gəncliyinin seçiminin Yeni Azərbaycan Partiyası olmasının da arxasında məhz dövlətçiliyə bağlılıq, milli mənafenin qorunması kimi müqəddəs ideallar dayanır.
Milli Məclisin Deputatı Elnarə Akimova dinləyicilərə “Yeni Azərbaycan Partiya dünənin, bu günün və sabahın partiyasıdır” mövzulu məruzə oxuyub. Elnarə Abdullayeva qeyd edib ki, Azərbaycan siyasi palitrasının ən güclü və nüfuzlu siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyası öz sıralarında cəmiyyətin bütün təbəqələrini təmsil edən insanları birləşdirir. Öz növbəsində, hazırda cəmiyyətin ən dinamik təbəqəsi kimi çıxış edən ölkə gənclərinin əksəriyyəti YAP sıralarında təmsil olunur və ictimai-siyasi proseslərdə aktiv iştirak edirlər. Bunun başlıca səbəbi isə ölkəmizdə həyata keçirilən gənclər siyasətinə paralel olaraq YAP-ın Azərbaycan gəncliyinin inkişafına xüsusi diqqət yetirməsidir. Ümummilli lider Heydər Əliyev ölkə rəhbəri olduğu ilk dövrlərdən gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab edib. Ulu Öndərimizin bu sahədə həyata keçirdiyi siyasət gənc nəslin mənəvi-əxlaqi tərbiyyəsinin gücləndirilməsinə, sosial rifahının yaxşılaşdırılmasına və zəngin elmi potensialın yaradılmasına xidmət edib. Heç də təsadüfü deyildir ki, Heydər Əliyev hər zaman gənclərə qayğı ilə yanaşıb, onların problemlərini həll etməyə çalışıb.
Məruzəsinin sonunda Elnarə Akimova qeyd edib ki, gənclər siyasəti ilə bağlı görülən işlər bir daha onu deməyə əsas verir ki, bu gün ölkəmizdə vətənpərvər, milli-mənəvi dəyərlərə, Heydər Əliyev ideyalarına sadiq gənclik formalaşdırılır, bunun üçün məqsədyönlü tədbirlər həyata keçirilir. Bu isə gələcək inkişafımızın möhkəm əllərdə olacağına böyük əminlik yaradır.