23 dekabr 2024 16:30
109

Rumıniya Prezidenti baş nazirə yeni hökuməti formalaşdırmağı tapşırıb

Rumıniya Prezidenti Klaus İohannis hakim parlament koalisiyasının irəli sürdüyü hazırkı hökumət başçısı, Sosial Demokrat Partiyasının (SDP) lideri Marçel Çolakı Baş nazir təyin edib.

“İki sahil” xəbər verir ki,  bu barədə “Euronews”ə məlumat yayıb.

M.Çolak 2023-cü ilin iyun ayından Baş nazir vəzifəsində çalışır. İndi o, parlamentə yeni hökumətin tərkibini və proqramını təqdim etməlidir. Bundan sonra deputatlar onu təsdiqləyəcəklər.

"Bu, gələcək hökumət üçün asan mandat olmayacaq. Biz dərin siyasi böhranın ortasında olduğumuzu dərk edirik. Bu, həm də etimad böhranıdır. Bu koalisiya vətəndaşların etimadını, xalqın etimadını qaytarmağa çalışır", - M.Çolak 23 dekabr tarixli bəyanatında vurğulayıb.

Gözlənilir ki, SDP ilə yanaşı, mərkəzçi-sağ Milli Liberal Partiyası (MLP), Rumıniya Macarlarının Demokratik İttifaqı və milli azlıqların parlament fraksiyası yeni hakim koalisiyaya daxil olacaq.

Partiyalar artıq yeni prezident seçkilərində vahid Avropa yönümlü namizədin irəli sürülməsi barədə razılığa gəliblər. Səsvermənin tarixi hələ təyin edilməyib.