Dövlətimizin başçısı İlham Əliyevin imzaladığı «Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında» Sərəncam vətəndaş rifahının təminatı məqsədilə aparılan sosial islahatların uğurla davam etdirildiyini bir daha təsdiqləyir
Dövlətimizin həyata keçirdiyi siyasətin əsas strateji istiqamətlərindən biri sosial sahədir. Prezident İlham Əliyev bildirir ki, sosial siyasət həmişə prioritet olub və olacaq. Bütün atılan addımlar bir daha onu göstərir ki, Azərbaycan sosial dövlətdir. Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Azərbaycan vətəndaşının maraqları bizim üçün hər şeydən üstündür Ölkəmizdə iqtisadi islahatların həyata keçirilməsi insanların daha yaxşı yaşamaları məqsədi daşıyır.
Söhbət insanlara diqqət və qayğıdan, sosial dövlət anlayışından gedirsə, cəmiyyətdə sosial ədalətə, sülhə və əməkdaşlığa söykənən münasibətlər formalaşmalı, hər bir vətəndaşa bərabər imkanlar yaradılmalı, göstərilən xidmətlər hər kəsə əlçatan və rahat olmalıdır. Dövlət başçısı İlham Əliyev məhz bu kimi amilləri önə çəkərək hər bir çıxışında bildirir ki, əgər insanlar görülən işlərdən razı qalarsa, onda mən də razı olaram. İrəli sürülən təşəbbüslərin xalq tərəfindən dəstəklənməsi böyük ruh yüksəkliyi yaradır. Cənab İlham Əliyev bu məqamı da xüsusi vurğulayır ki, mən xalqa güvənir, xalqdan güc alıram.
Dövlətimizin bu sahəyə diqqət və qayğısı cənab İlham Əliyevin imzaladığı Fərman və sərəncamlarda, qəbul edilən qərarlarda, sosial dəstək paketlərində öz əksini tapır. Statistik rəqəmlərə diqqət yetirək. Prezident İlham Əliyevin Fərman və sərəncamları əsasında 2018-2024-cü illərdə 4 milyondan çox vətəndaşı əhatə edən 4 sosial islahat paketi icra olunub. Həmin islahatlar üçün 7 milyard manat əlavə illik vəsait ayrılıb. Qeyd edilən dövrdə minimum pensiyada 2,5 dəfə, orta aylıq pensiyada 2,4 dəfə, müavinət və təqaüd ödənişlərində 5 dəfə, ünvanlı yardımın orta aylıq məbləğində 2,7 dəfə, minimum əməkhaqqında 2,7 dəfə, orta aylıq əməkhaqqında 2 dəfəyədək, əməkhaqqı fondunda 3 dəfə artım oldu.
İqtisadi və sosial siyasətimiz bir-birini tamamlayır. Azərbaycanın yeni iqtisadi və sosial çağırışların müzakirəsi üçün ideal məkan kimi qəbul edilməsi bu istiqamətlərdə zəngin təcrübəyə malik olmasından irəli gəlir. Bu fikir beynəlxalq səviyyədə dəfələrlə etiraf edilir ki, yoxsul deyil, yaxşı idarə olunmayan ölkələr var. Azərbaycanın idarəçilik sistemi beynəlxalq səviyyədə təqdir edilir. Dövlət başçısı İlham Əliyevin çağırışlarında bu məqam da xüsusi qeyd edilir ki, bir çox ölkələrin təcrübəsinə nəzər saldıqda onlarda yalnız elmi əsaslarla təsbit edilmiş iqtisadi modelin həyata keçirildiyini, adətən əhalinin bundan əziyyət çəkdiyini görürük. Çünki prinsip etibarilə əgər tarixə nəzər salsaq görərik ki, köklü iqtisadi islahatlar bir çox hallarda insanların rifah halına mənfi təsir göstərir. Ancaq Azərbaycanda elə siyasət aparılır ki, sosial sahə daim diqqət mərkəzində olsun və köklü iqtisadi islahatlar insanların güzəranına mənfi təsir göstərməsin.
Maaşların, pensiyaların, təqaüdlərin artırılması, sosial obyektlərin yaradılması, şəhid ailələrinə, keçmiş məcburi köçkünlərə diqqətin göstərilməsi kimi sosial paket imkan verir ki, iqtisadi islahatlar uğurla həyata keçirilsin. Ötən illərə nəzər saldıqda sosial proqramların ildən-ilə daha da genişləndiyi diqqətdən kənarda qalmır. Təbii ki, əsas hədəflərdən biri vətəndaş məmnunluğunun artırılmasıdır. İqtisadi inkişaf bütün sahələrdə uğurlara yol açır. Əgər 2003-cü ildə ümumi daxili məhsulumuz 7 milyard dollar idisə, keçən ilin yekunlarına görə bu rəqəm 72 milyard dollardır. 2003-cü ildə valyuta ehtiyatlarımız 1,6 milyard dollar idisə, bu gün bu, artıq 69,5 milyard dollardır. Aparılan siyasət nəticəsində birbaşa xarici borcumuz 6,4 milyard dollara düşüb. Bu da ümumi daxili məhsulumuzun cəmi 9 faizini, ondan da az təşkil edir. İnkişaf etmiş ölkələrdə bu rəqəm 100 faiz, bəlkə də 140 faiz təşkil edir. Bu gün heç kimdən asılı olmayan Azərbaycan inamla, uğurla inkişaf edir, öz xarici siyasətini də buna uyğun şəkildə aparır. Siyasi, iqtisadi və sosial sabitlik inkişafımızın mühüm meyarıdır. Ölkə iqtisadiyyatına bu günədək 310 milyard dollar investisiya qoyulub ki, bunun 200 milyard dolları qeyri-neft sektorunun payına düşür. Azərbaycan investisiya cəlbediciliyini qoruyan və investisiya yatıran ölkə kimi tanınır. Bu fakt daim qeyd olunur ki, Azərbaycan malik olduğu iqtisadi imkanlara görə həmişə dünyanın diqqətində və marağında olub. Lakin müstəqilliyimizin bərpasının ikl illərində ölkədə ictimai-siyasi vəziyyətin gərginliyi Azərbaycanla iqtisadi əməkdaşlıqda maraqlı olan dövlətlərin tərəddüdlərinə səbəb olmuşdu. Onlar yatıracaqları investisiyanın təhlükəsizliyinə tam əmin deyidilər. Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə sabitliyin yaradılması, Azərbaycanın qısa müddətdə sabitlik diyarı kimi tanınması ölkəyə investisiya axınını sürətləndirdi. İnvestorlar yatıracaqları vəsaitlərin təhlükəsizliyinə tam əmin oldular. Bu fikir dövlətimizin başçısı İlham Əliyevin çıxışlarında da qeyd edilir ki, əgər vəziyyət sabit və proqnozlaşdırılan olmasa, investorların gələrək öz kapitalını risk altına atmasını gözləmək olmaz.
Cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı gündən «Neft kapitalını insan kapitalına çevirək!» tezisini irəli sürdü. Eyni zamanda, bu çağırışı etdi ki, iqtisadi artım qeyri-neft sektorunun hesabına olmalıdır. Bu hədəfə nail olmaq üçün regionların malik olduğu potensialdan səmərəli istifadə qarşıya əsas vəzifə kimi qoyuldu. Bu məqsədlə təsdiqlənən Regional inkişaf proqramlarının uğurlu icrası hazırda bölgələrin hərtərəfli inkişafında özünün aydın ifadəsini tapır. Ölkəmizdə enerji sektorundan asılılığın minimuma endirilməsi istiqamətində atılan addımlar, iqtisadiyyatın şaxələndirilməsi siyasəti beynəlxalq aləmdə də təqdir olunur, qeyri-neft sektoruna investisiya axını sürətlənir. Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu layihələrin uğurlu icrasının nəticəsi olaraq dövlət büdcəsinə milyardlarla dollar vəsait daxil olur ki, bu da sosialyönümlü layihələrin icrasını sürətləndirir.
Regionların inkişafını qeyri-neft sektorunun inkişafı kimi dəyərləndirən dövlət başçısı İlham Əliyevin bölgələrə davamlı səfərləri Dövlət Proqramından irəli gələn vəzifələrin icrasında əhəmiyyətli rol oynadı. Tarixi Zəfərimizdən sonra qəbul olunan sənədlərdə də yeniliklər özünü aydın şəkildə nümayiş etdirir. Belə ki, cənab İlham Əliyevin Sərəncamı ilə «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər» təsdiqləndi. Beş əsas hədəfi özündə əks etdirən Milli Prioritetlərdə sosial müdafiənin gücləndirilməsi əsas çağırışlar sırasındadır. «Dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət» prioritetində qeyd edilir ki, davamlı və yüksək iqtisadi artım dinamik və inklüziv cəmiyyətin formalaşmasına xidmət etməli, hər bir vətəndaş öz həyatında bu inkişafı hiss etməlidir. İnsanların sosial statusundan və yaşadığı ərazidən asılı olmayaraq iqtisadi imkanlara çıxışı bərabər və ədalətli olmalıdır. Bu prioritet aşağıdakı üç məqsəd əsasında uğurla reallaşa bilər: inkişafdan hər bir vətəndaşın bəhrələnməsi; yüksək və ədalətli sosial təminat, inklüziv cəmiyyət; paytaxt və regionların tarazlı inkişafı.
Yüksək inkişaf üçün yalnız iqtisadi artım deyil, cəmiyyətin bütün üzvlərinin sosial rifahı mühüm amildir. İqtisadiyyat inkişaf etdikcə vətəndaşların sərvət və gəlirlərinin, o cümlədən əməkhaqlarının artırılaraq layiqli səviyyəsi təmin edilməli, əməkhaqqının artımı əmək məhsuldarlığının artımı ilə uzlaşdırılmalıdır. Ölkədə artan gəlirlər daha geniş iqtisadi imkanlar yaratmalı, bütün əhali qrupları üçün səmərəli məşğulluğa və layiqli əməyə nail olunmalıdır. İqtisadiyyatın davamlı inkişafı gəlirlərin ədalətli bölgüsünü təmin etməli, əhalinin aşağıgəlirli təbəqəsinin sosial-iqtisadi rifahını artırmalıdır. Qeyri-formal məşğulluğun həcmi müəyyənləşdirilməli və qarşısının alınması üçün kompleks tədbirlər həyata keçirilməli, gəlirlərin leqallaşdırılması istiqamətində işlər görülməlidir. Bu mühüm müddəa da öz əksini tapır ki, ölkənin bütün təbəqələri cəmiyyətin ayrılmaz hissəsidir və dövlət onların qayğısına qalmalıdır. Ölkədə yoxsulluq səviyyəsinin minimuma endirilməsi və aşağı işsizlik səviyyəsi, eləcə də yoxsul təbəqənin ehtiyaclarının qarşılanmasına yönələn ünvanlı yardımların əhatə dairəsinin genişləndirilməsi vətəndaşların sosial müdafiəsinə əlavə imkanlar yaradır.
Sosial sahədə görülmüş işlər də göz qabağındadır. 2003-cü ildə minimum əməkhaqqı 9 manat idi. İndi 345 manatdır. Minimum pensiya 2003-cü ildə 20 manat idi. Bu gün 280 manata çatıb. Orta pensiya 500 manatdan çoxdur. Orta əməkhaqqı 940 manatdır. Bu gün iqtisadi sahədə aparılan islahatlar artıq Azərbaycanda tamamilə yeni bir investisiya iqlimi yaratmışdır. Əgər əvvəlki illərdə investisiyalar daha çox neft-qaz sahəsinə qoyulurdusa, bu gün qeyri-neft sektoruna qoyulan sərmayə milyardlarla dollar səviyyəsindədir. Yoxsulluq Azərbaycanda 5 faiz səviyyəsindədir. 2003-cü ildə təxminən 50 faiz idi. İşsizliyin ləğvi ilə bağlı daim işlər aparılır. Dövlətimizin başçısı yeni iş yerlərinin yaradılmasının daimi proses olmasına çağırışlar edir. Bunu ölkə əhalisinin sayında artımla əlaqələndirir.
Prezident İlham Əliyevin imzaladığı «Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında» 2024-cü il 23 dekabr tarixli Sərəncam vətəndaş rifahının təminatı məqsədilə aparılan sosial islahatların uğurla davam etdirildiyini bir daha göstərir. Sərəncama əsasən, 2025-ci il yanvarın 1-dən ölkəmizdə minimum aylıq əməkhaqqının məbləği 345 manatdan 16 faiz artımla 400 manata, 2025-ci il fevralın 1-dən əmək pensiyasının minimum məbləği 280 manatdan 14,3 faiz artımla 320 manata çatdırılacaq. Həmin artımlarla birgə artıq 2018-ci ilin əvvəlindən minimum aylıq əməkhaqqında 3,1 dəfə, minimum pensiyada 3 dəfəyədək artıma nail olunub.
Yeni sosial islahat paketində digər sosial ödənişlərin artırılması da yer alıb. Sərəncamla Nazirlər Kabineti gələn il sosial müavinətlərin və təqaüdlərin məbləğlərinin artırılması ilə bağlı təkliflərini 3 ay müddətində Prezidentə təqdim edəcək. Göründüyü kimi, müavinət və təqaüd ödənişlərində artım dinamikası gələn ildə davam edəcək. Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə aylıq tarif (vəzifə) maaşlarının minimum aylıq əməkhaqqının artırılmış yeni məbləğinə uyğunlaşdırılması təmin ediləcək. Bu da həmin sahələr (sosial, elm, təhsil, səhiyyə, mədəniyyət, gənclər, idman, kənd təsərrüfatı, ekologiya, ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat, rabitə, meliorasiya, su təsərrüfatı və s.) üzrə 19 pillədən ibarət Vahid Tarif Cədvəlinin ilk pilləsindəki maaşın 400 manata çatdırılmaqla, digər pillələr üzrə maaşlarda da buna uyğun artımların baş verməsinə imkan yaradacaq. Bu yeni sosial paket çərçivəsində növbəti ilin əvvəlindən pensiyaların indeksləşdirilərək artırılması da nəzərə alınmaqla ümumilikdə 3 milyon insana yönələn əməkhaqqı, pensiya, müavinət və təqaüdlər artacaq və həmin artımlar üçün illik əlavə olaraq 1,4 milyard manat ayrılacaq.
Dövlət büdcəsində sosialyönümlü xərclərin ardıcıl və ciddi artımı da sosial dövlətin mühüm cəhətlərindən biri kimi diqqəti cəlb edir. Məsələn, bu xərclər 2021-ci ildəki 10,3 milyard manatdan 2024-cü il üçün 15,5 milyard manata çatıb və 2025-ci ilin büdcə layihəsində 16,9 milyard manat nəzərdə tutulur. Beləliklə, həmin xərclərdə qısa müddətdə 6,6 milyard və ya 1,6 dəfə artım olub. Sosialyönlü xərclərin çəkisinin büdcədə 41 faiz olması sosial rifahın dövlət siyasətinin prioritet istiqaməti olduğunu bir daha göstərir. Sosial islahatların tərkib hissəsi kimi əlilliyi olan şəxslərə yönələn sosial ödənişlərin də davamlı artımı təmin olunur. Buna nümunə olaraq əlilliyə görə sosial ödənişlərə ayrılan illik vəsaitdə 2018-ci ilə nisbətən 2,1 dəfə və ya 1,3 milyard manat artım özünü göstərib. Həmin vəsait 2018-ci ildə 1,2 milyard manat təşkil edirdisə, hazırda 2,5 milyard manata yaxındır. Əlilliyi olan şəxslərə dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələrinin növlərinin sayı son 4 ildə 4 dəfəyə yaxın artırılaraq 34-dən 130-a çatdırılıb.
Ölkənin davamlı inkişafında iqtisadiyyatın düzgün əsaslar üzərində qurulması əhəmiyyətli rol oynayır. Bölgələrin inkişafını yeni iş yerlərinin yaradılması kimi dəyərləndirən dövlət başçısı İlham Əliyev qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olmaq üçün infrastrukturun yenilənməsini, beynəlxalq standartlara uyğunlaşdırılmasını vacib amil kimi diqqətə çatdırır. Atılan addımlarda əsas məqsəd bölgələrin inkişafına nail olmaqla yanaşı, sahibkarlara dəstək göstərməkdir. İnfrastrukturun yenilənməsi öz növbəsində iş adamlarının fəaliyyətlərini daha yüksək səviyyədə qurmalarını şərtləndirir. Bu gün ailə təsərrüfatlarının inkişafından bəhs edirik. Asan dəstək funksiyasını yerinə yetirən ABAD mərkəzlərinin normal fəaliyyətində bu amillərin rolu böyükdür. Həmçinin son illərdə dövlət başçısı İlham Əliyev ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafını qarşıya prioritet məsələ kimi qoyub. Bütün bu hədəflər özlüyündə kompleks tədbirlərin həyata keçirilməsini bir zərurət kimi ortaya qoyur.
Beynəlxalq maliyyə qurumlarının hesabatlarında da Azərbaycan öz mövqeyini uğurlu islahatları ilə möhkəmləndirir, hər bir hesabat əvvəlki ilin hesabatından yeniliyi ilə seçilir. «Biz, əlbəttə ki, öz işimizi reytinq almaq üçün qurmuruq” söyləyən ölkə Prezidenti İlham Əliyev, eyni zamanda, bildirir ki, əlbəttə, belə fikirlər ortaya qoyulanda həm bizi daha da sevindirir, həm də dünyanın bütün maliyyə qurumlarına bir siqnaldır.» Ölkə Prezidenti bu uğurlarımızda bir məqamı xüsusi qeyd edir ki, 1990-cı illərin sonlarında, 2000-ci illərin əvvəllərində bəzi təhlilçilər deyirdilər ki, neft Azərbaycana xoşbəxtlik gətirməyəcək, problem gətirəcək. Ancaq biz bu təbii sərvətimizdən maksimum dərəcədə səmərəli istifadə edə bilmişik, ölkəmizi möhkəmləndirmişik, möhkəm dövlət qurmuşuq və müstəqil ölkə kimi yaşayırıq.
Son 21 illik dövr neft siyasətinin məntiqi davamı olaraq qeyri-neft sektorunun inkişafı prioritet istiqamət hesab edilir. Davamlı inkişafın əsası olan Strateji Yol xəritələri 2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyasını və tədbirlər planını, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışı və 2025-ci ildən sonrakı dövrə hədəf baxışı özündə ehtiva etdi. Sözsüz ki, müsbət göstəricilərimiz verilən tapşırıqlar və onların icrası nəticəsində mümkün olmuşdur. Özünüməşğulluq proqramının icrası, əhalinin sosial müdafiəsinin gücləndirilməsi prioritet məsələ kimi öndədir. Hazırda işğaldan azad edilmiş ərazilərimizə qayıdan insanların da özünüməşğulluğuna dəstək işləri aparılır. Təkcə 2018-2024-cü illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən 635 min vətəndaş işlə təmin edilib, 36 min şəxs peşə hazırlığına cəlb olunub. Prezidentin tapşırığı ilə icra olunan özünüməşğulluq proqramı mühüm sosial-iqtisadi əhəmiyyəti ilə seçilən proqram olmaqla işsiz və iş axtaran şəxslərin kiçik biznesə çıxışına dəstək verir. 2017-ci ildən icra olunan özünüməşğulluq proqramına cəlb olunanların illik sayı ötən dövrdə təqribən 15 dəfə artırılaraq 16 mini ötüb. İndiyədək 93 min şəxs özünüməşğulluq proqramına cəlb edilərək onlara verilmiş aktivlər hesabına kiçik təsərrüfatlarını yaradıblar. Gələn il həmin say artıq 100 mini ötəcək.
Azərbaycanın qarşısında heç bir iqtisadi və maliyyə çətinliyinin olmadığını qeyd edən cənab İlham Əliyev bildirir ki, güclü iqtisadiyyat yaradaraq, sosial məsələlərin həlli istiqamətində addımlar atırıq. Bütün bu addımlar isə insan amilinə verilən dəyərdən, həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşının dayanmasından irəli gəlir. Dövlət başçısı qeyd edir ki, ümumiyyətlə, bölgələrdə sənaye məhəllələrinin yaradılması təşəbbüsü çox düzgün bir addım idi. Bütövlükdə ölkəmizdə sənayeləşmə ilə bağlı siyasət uğurla davam etdirilir.
İşğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinin geniş vüsət aldığı indiki zamanda paytaxt Bakıda və digər bölgələrimizdə sosial-iqtisadi inkişafın sürətləndirilməsi istiqamətində addımların atılması Azərbaycanın iqtisadi və maliyyə imkanlarının göstəricisidir. Bərpa işlərinə diqqət yetirdikdə görürük ki, əhalinin yaşayış şəraitinin daha da yaxşılaşdırılması diqqət göstərilən əsas məsələlər sırasındadır. Sosial xidmət sahəsində aparılan təkmilləşmə bunun bariz nümunəsidir. «ASAN xidmət», DOST mərkəzlərinin bu ərazilərdə də yaradılması qarşıya qoyulan hədəflərdəndir. Aparılan uğurlu sosial islahatlar proqramının mühüm nailiyyətləri sırasında DOST konsepsiyası xüsusi yer tutur. Prezident İlham Əliyevin Fərmanı ilə 2019-cu ildən DOST Agentliyi, Bakı şəhəri, Abşeron və Bərdə rayonlarında olmaqla 7 DOST mərkəzi, həmçinin Zəngilanın Ağalı kəndində “Smart DOST” xidmət məntəqəsi, 2024-cü ilin iyun ayında Qarabağ Regional DOST mərkəzinin Şuşada filialı açılıb. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası 15 istiqamət üzrə 160 sosial xidmətin əhaliyə vahid platformadan, “bir pəncərə”dən, şəffaf və operativ, vətəndaş məmnunluğu və rahatlığı prinsipi əsasında təqdim olunmasına imkan yaradıb. DOST konsepsiyası 60-dan çox beynəlxalq mükafat və sertifikatla təltif olunub.
Ölkə Prezidenti İlham Əliyev bölgələrdə görülən işlərin təhlili fonunda bu çağırışı xüsusi qeyd edir ki, bölgələrə səfərlərim həm də nəzarət üçün bir vasitədir. Yəni, dövlət başçısının verdiyi tapşırıqlar necə yerinə yetirilir, eyni zamanda, növbəti tapşırıqlar, tövsiyələr verilir ki, bölgələrdə bəyan edilən bütün hədəflər təmin edilsin. İlk növbədə, insanların rifah halının yaxşılaşdırılması, infrastruktur obyektlərinin yaradılması, o cümlədən sosial infrastrukturla bağlı işlərin aparılması prioritetdir. Bir sözlə, Azərbaycan bölgələrinin ümumi inkişafı həm sosial xarakter daşıyır, eyni zamanda, ölkəmizi gücləndirir.
Qeyd etdiyimiz kimi, bölgələrdə yeniliklər özünü aydın şəkildə nümayiş etdirir. Azərbaycan brendi kimi dünyaya səs salan «ASAN xidmət» mərkəzlərinin coğrafiyası genişlənir. «ASAN xidmət» mərkəzlərində göstərilən xidmətlər əhali tərəfindən rəğbətlə qarşılanır və bəyənmə əmsalı 99,8 faizdir. Bütün çıxışlarında müasir tələblər səviyyəsində qurulan işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işlərindən bəhs edən cənab İlham Əliyev onu da qeyd edir ki, hazırda Qarabağın və Şərqi Zəngəzurun bərpa edilməsi məsələsi bizim üçün əsas prioritetdir. Dövlət başçısının bölgələrə səfərlərinin əksəriyyəti məhz azad edilmiş ərazilərimizədir. Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-yenidənqurma işlərinin plan üzrə getdiyini vurğulayan cənab İlham Əliyev onu da bildirir ki, Qarabağ və Şərqi Zəngəzurda görülmüş işlər bir daha onu göstərir ki, biz - bu torpaqların sahibləri öz doğma dədə-baba torpaqlarımıza qayıtmışıq.
İşğaldan azad edilmiş ərazilərdə yeni idarəetmə institutunun yaradılması ilə bağlı addımlar atılır. Yeni iqtisadi və sosial çağırışların müzakirə edildiyi məkan, innovasiyalar ölkəsi kimi nüfuz qazanan Azərbaycanın qarşısında yeni imkanlar, yeni üfüqlər açılır. Cənab İlham Əliyevin 22 iyul 2022-ci il tarixli “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında” Sərəncamı da özündə hədəflərə çatmaq üçün icra mexanizmlərini və nəzarəti ehtiva edir. Azərbaycanın gələcəkdə dayanıqlı inkişafının yüksək səviyyədə qorunması və təmin edilməsi üçün möhkəm baza mövcuddur.
Yeganə Əliyeva, «İki sahil»