31 dekabr 2024 10:30
345

El bir olsa…

Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!
Ümummilli Lider Heydər Əliyev


Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Artıq 33 ildir ki, ölkəmizdə və dünyanın müxtəlif yerlərində yaşayan azərbaycanlılar bu günü  əlamətdar bayramlardan biri kimi qarşılayırlar. Amma etiraf edək ki, son illər  dünyanın müxtəlif ölkələrində yaşayan 50 milyondan artıq  soydaşlarımız bu bayramı daha ruh yüksəkliyi ilə qeyd edirlər. Belə ki, işğal dövrü və işğalla bağlı olan məsələlər xaricdə yaşayan azərbaycanlılara da böyük əzab-əziyyət verirdi. Çünki ermənilərlə müxtəlif ölkələrdə ünsiyyətdə olarkən onların təkəbbürlü baxışları dünya azərbaycanlılarını incidirdi. Artıq 4  ildir ki, dünya azərbaycanlıları yaşadıqları bütün ölkələrdə alnıaçıq, üzüağ gəzirlər və öz tarixi vətəni olan Azərbaycanla haqlı olaraq fəxr edirlər. Yeri gəlmişkən, Şuşa şəhərində keçirilən Dünya Azərbaycanlılarının V Qurultayında – Zəfər Qurultayında Prezident İlham Əliyev demişdir: “Ancaq bu gün vəziyyət tam başqadır. Bu gün alnımız açıqdır, bu gün üzümüz gülür, bu gün başımız dikdir və həmişə belə olacaq. Mən tam əminəm ki, bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi əbədi yaşayacaq, Azərbaycan dövləti qalib dövlət kimi əbədi yaşayacaq”.

Qeyd edək ki, 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Heydər Əliyevin Sədrliyi ilə keçən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul olunub. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə – Ali Sovetə müraciət edib. Dekabrın 25-də Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası müraciəti nəzərə alaraq, 31 dekabr tarixinin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olunması barədə qanun qəbul edib.

Yeri gəlmişkən qeyd edək ki, 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirilib. Daha sonra "Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında" Fərman imzalanıb. Bütün bunlar və bu istiqamətdə atılan digər addımlar soydaşlarımızın milli mənlik şüurunun güclənməsinə, müxtəlif ölkələrdə azərbaycanlı icmalarının mütəşəkkilliyinin və fəallığının artmasına və təşkilatlanmasına, eləcə də Azərbaycan həqiqətlərini bütün dünyaya çatdırılmasına, erməni diasporasının gücünün laxladılmasına, fəaliyyətinin məhdudlaşdırılmasına sözün həqiqi mənasında təkan verib. Elə o illərdə mütəşəkkil qüvvəyə çevrilən Azərbaycan diaspor təşkilatları ölkəmizin beynəlxalq nüfuzunun artmasında, mövqeyinin güclənməsində mühüm rol oynayıb. Bu aspektdən çıxış etsək, şübhəsiz, dünya azərbaycanlılarının milli həmrəyliyinə nail olunması Ümummilli Lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən biridir.

Bütün həyatını Azərbaycan və azərbaycançılıq ideyalarının təntənəsinə həsr edən Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətini bu gün inamla davam etdirən Prezident İlham Əliyev də milli həmrəylik və diaspor fəaliyyətini daim diqqət mərkəzində saxlayır. Elə dövlət başçımızın göstərişi ilə Bakıda dünya azərbaycanlılarının qurultaylarının mütəmadi keçirilməsi və digər tədbirlər bunu bir daha təsdiq edir. Odur ki, soydaşlarımız dövlət başçımızın ətrafında sıx birləşiblər. Elə 44 günlük Vətən müharibəsində, birgünlük lokal antiterror tədbirindəki zəfərlərimizdə soydaşlarımızın nümayiş etdirdikləri həmrəylik də mühüm rol oynayıb. Bəli, həmin günlərdə dünyanın bütün ölkələrində yaşayan azərbaycanlılar daha sıx birləşdilər. Hətta yaşadıqları ölkələrdə Azərbaycanın haqq səsinin eşidilməsi üçün səylə çalışdılar, düşmənin və anti-Azərbaycan dairələrin məkrli təxribatlarına qarşı  etirazlarını bildirdilər. Bu mənada əminliklə demək olar ki, bu uğurlarımız  milli həmrəylimizin və bütün azərbaycanlıların Prezident İlham Əliyevin ətrafında birliyinin təntənəsi nəticəsində əldə edilib. Əbəs yerə deyilmir ki, el bir olsa, zərbi kərən sındırar. Bu gün azad edilmiş ərazilərimizdə  geniş quruculuq-bərpa işləri aparılır ki, bu prosesdə də həmrəyliyimiz öz sözünü deyir. 

Qvami Məhəbbətoğlu, “İki sahil”