Aİ-yə üzv dövlətlər arasında hər 6 aydan bir keçirilən dönəmli sədrlik 2025-ci il iyulun 1-dək Polşa tərəfindən həyata keçiriləcək.
“İki sahil” xəbər verir ki, Polşanın sədrlik şüarı, "Təhlükəsizlik, Avropa!" kimi müəyyən edilib.
“TRT Haber”in yazdığına görə, Rusiya-Ukrayna müharibəsindən və qonşu Belarusdan ən çox təsirlənən Aİ ölkəsi olan Polşa digər üzv dövlətləri müdafiə xərclərini artırmağa və Avropanın müdafiə sənayesini gücləndirməyə təşviq edəcək.
Polşa həmçinin Aİ-nin xarici sərhədlərində miqrasiya və təhlükəsizlik problemlərini kompleks şəkildə həll etmək, qeyri-qanuni miqrasiyanın azaldılması və geri qaytarılma prosedurlarını sadələşdirmək üçün yeni həllər üzərində işləməyə hazırlaşır.
Belarusun miqrantlardan silah kimi istifadə etdiyini və hibrid müharibə ilə üzləşdiyini qeyd edən Varşava administrasiyası dezinformasiya ilə mübarizəyə və enerji asılılığının azaldılmasına da diqqət yetirəcək.
Polşa 2025-ci il iyulun 1-də mandatı Danimarkaya təhvil verəcək.
Məhərrəm Ağalaroğlu, “İki sahil”