06 yanvar 2025 01:10
127

İsveçin futbol layihəsi Kolumbiyada cinayətkarlıqla mübarizə aparır

İsveçin "Ankarstiftelsen" xeyriyyə təşkilatı cinayətkar qruplaşmalara qoşulma riski olan uşaq və yeniyetmələrə kömək etmək üçün Kolumbiyada futbol layihəsinə başlayıb.

“İki sahil” xəbər verir ki, bu ilin yanvarında başlanacaq və iki il davam edəcək layihə UEFA-nın Uşaq Fondundan 1 milyon kron (90 min ABŞ dolları) məbləğində maliyyə dəstəyi alıb.

Layihənin əsas ideyası futboldan uşaqların sağlamlığının möhkəmləndirilməsi, onların şəxsi inkişafı və kriminal mühitdən ayrılması üçün bir vasitə kimi istifadə etməkdir.

Proqrama müntəzəm təlimlər, sosial işçilər və psixoloqların iştirakı, həmçinin ustad dərsləri və psixososial sessiyalar daxildir.

Layihə rəhbəri Daniel İttermalmın sözlərinə görə, futbolun ərazidəki uşaqlara kömək etmək üçün platforma kimi seçilməsi təsadüfi deyil.

“Kolumbiyada hər kəs futbola həvəslidir, ona görə də futbolla işləmək yaxşı başlanğıcdır. Bu ərazilərdə bir neçə futbol meydançası var və biz gördük ki, futbolun gücündən istifadə edilməsi yaxşı nəticələr verir”, - deyə D.İttermalm vurğulayıb.

O qeyd edib ki, iş dünyanın ən təhlükəli bölgələrindən biri olan Medelyin şəhəri və ətrafında cəmlənəcək. Layihənin məqsədi 30 faizi qızlardan ibarət 320 uşağa kömək etməkdir ki, bu da xüsusilə vacibdir, çünki bu ərazilərdə qızlar tez-tez zorakılığa və istismara məruz qalırlar.

“Bu rayonlarda təcavüz və erkən hamiləlik kimi dəhşətli hadisələr baş verir. Biz istəyirik ki, onlar bizim layihənin köməyi ilə həyatda öz mövqelərini möhkəmləndirə və xarabalıqlardan çıxa bilsinlər. Layihənin belə şəraitdə həyata keçirilməsinin də öz riskləri var. Keçmişdə “Ankarstiftelsen” təşkilatı rəqib kimi görən yerli dəstələrin təhdidləri ilə üzləşirdi, çünki bu, dəstələrin cəlb etməyə çalışdığı uşaqların diqqətini yayındırırdı. Hətta faciəvi hallar da olub - təşkilatın iki təlimçisi işləyərkən güllələnib. Buna baxmayaraq, bəzi rayonlarda dəstə liderləri ilə aparılan danışıqlar atəşkəsə nail olmağa kömək etdi. Bir dəfə gördük ki, dəstə başçısı silahı masanın üstünə qoydu, sonra patronları çıxardı, daha sonra isə etibar əlaməti olaraq layihədə iştirak edən uşaqlara zərər verməyəcəklərini vəd edərək silahı təsisçimizə verdi”, - deyə layihə rəhbəri bildirib.

Qeyd edək ki, “Ankarstiftelsen” 1996-cı ildən Kolumbiyada işləyir və təkcə idmanla deyil, həm də təmiz su, təhsil və ətraf mühit məsələləri ilə məşğul olur. Onun sayəsində ölkənin ən çətin bölgələrində 300-dən çox məktəb tikilib, minlərlə ağac əkilib, sülh təşəbbüsləri həyata keçirilib.