Cənubi Koreya Prezidenti Yun Sok Yolun qiyam cəhdində iştirakını araşdıran istintaq qrupu polisdən Prezidenti həbs etməyi istəyib.
“İki sahil” xəbər verir ki, Korrupsiyaya qarşı İstintaq Ofisi məhkəmənin yanvarın 6-da başa çatmalı olan order qərarının icrasını rəsmi olaraq polisə həvalə edib. Polis hazırda prezidentin saxlanılması üçün hüquqi vəziyyəti təhlil edir.
Bildirilir ki, Prezidentin saxlanılması yanvarın 6-da baş tutmazsa, onda Korrupsiyaya qarşı İstintaq Ofisi məhkəmədən orderin qüvvəsini uzatmağı istəyəcək.
Qeyd edək ki, Prezident Yun Sok Yol müxalifəti qiyam təşkilinə yönəlmiş antidövlət fəaliyyətində ittiham edərək dekabrın 3-də gecə saatlarında ölkədə hərbi vəziyyət elan edib. Amma müxalifətin üstünlük təşkil etdiyi parlamentin Prezidentdən hərbi vəziyyətin ləğvi ilə bağlı qətnamənin qəbulundan sonra Yun Sok Yol geri addım ataraq hərbi vəziyyəti ləğv edib. Müxalif Demokratiya Partiyası başda olmaqla, müxalifət bununla kifayətlənməyərək Prezidentin impiçmenti prosesinə start verib. Dekabrın 7-də parlamentdə impiçmentin səsə qoyulması hakim partiyanın boykotu səbəbindən yetərsay olmadığı üçün baş tutmayıb. Amma dekabrın 14-də hakim partiyanın deputatlarının bir neçəsinin dəstəyi ilə 2-ci cəhddə impiçment baş tutub. Ondan sonra qiyama cəhd şübhəsi ilə istintaq başlayıb. Bir neçə yüksək vəzifəli hərbçi saxlanılıb. İstintaq qrupu ifadə vermək üçün 3 dəfə sorğu göndərsə də, Prezident bunlara məhəl qoymayıb. Dekabrın 31-də Seul məhkəməsi Prezident Yun Sok Yol haqqında istintaq qrupunun tələbi ilə həbs orderi verib. Yanvarın 3-də istintaq qrupu Prezidentin iqamətgahına gələrək onu saxlamağa cəhd etsə də, prezidentin təhlükəsizlik xidmətinin müqaviməti nəticəsində həbs mümkün olmayıb.