Juninyo "Flamenqo"da oynamağa hazırdır.
“İki sahil” xəbər verir ki, bunu "Qarabağ"ın braziliyalı futbolçusu Julio Romao "köhlən atlar"ın digər üzvü Olavio Juninyonun "Flamenqo" klubuna mümkün keçidi barədə "Globo" nəşrinə müsahibəsində deyib.
26 yaşlı yarımmüdafiəçi həmyerlisi haqqında xoş ifadələr işlədib:
"Juninyo Braziliya futbolunda bu gün sahib olduğumuz bir çoxundan fərqli mərkəz hücumçusudur. Adətən biri qol vuran, digəri isə hərəkətli olur. Amma çox sürətli forvardlara nadir hallarda rast gəlirik. Juninyo da belədir. Onun burada çox qol vurmasının səbəbi sürətidir. Rəqiblərini keçmək üsulu inanılmazdır. Mərkəz hücumçusunun bunu etməsi çətindir".
J.Romao "Flamenqo" və İspaniyanın "Sevilya" kimi böyük klublarının hücumçuya maraq göstərməsinin təəccüblü olmadığını söyləyib:
"Əminəm ki, niyə onun arxasınca gəldiklərini göstərəcək. Juninyo əla oyunçudur. Düşünürəm ki, çoxlu qollar vuracaq. Braziliyada onun kimi futbolçular çatışmır. O, artıq təcrübəlidir. Daha əvvəl Braziliya və Portuqaliyada oynayıb. "Flamenqo"da yaxşı çıxış etmək ehtimalı çox yüksəkdir".
Qeyd edək ki, Olavio Juninyo 2023-cü ildən "Qarabağ"ın formasını geyinir. O, Azərbaycan çempionatının və kubokunun qalibi olub.