10 yanvar 2025 23:29
113

Sürüdən ayrı düşən dananı...

Tehranın dərəbəy hakimiyyətinin günahlarını Araz çayı da yuya bilməz

Daim özünü aqressiv aparan molla rejimi “əkdiklərini” indi “biçməli” olur. Başqalarına diş qıcayan, əzələ nümayiş etdirən, hədə-qorxu gələn molla yığnağı artıq müharibə təhlükəsi ilə üzbəüz və tək qalıb. Suriyadan qovulub çıxarılandan sonra olan-qalan nüfuzu da tarmar olan terrorçu dövlət cinayətlərinin hamısının bədəlini ödəmə vaxtının yetişdiyini hiss edir. ABŞ, İsrail və birləşmiş Qərb Şərqdə at oynadan, bəşəriyyətə “ağ ölüm” yayan, öz vətənində beş xalqı kölə vəziyyətində saxlayan, ərazilərini çapıb-talayan əmmaməli cinayətkar rejimin nüvə silahı əldə etməsinə imkan vermək istəmirlər. Hücuma hazırlaşan dövlətlər variantlarından birində havadan öldürücü zərbələr endirilməklə nüvə obyektlərini dağıtmağı planlaşdırıblar. Artıq müharibənin İranın qapısının ağzında olması barədə həyəcanlı xəbərlər gəlməkdədir.

ABŞ-ın keçmiş xüsusi elçisinin müavini Riçard Nefyu “Foreign Affairs” jurnalında dərc olunan məqaləsində Vaşinqtonun İranın nüvə proqramını dayandırmaq üçün son diplomatik səylər göstərməli olduğunu qeyd edib.

Diplomat bildirib ki, əgər bu cəhdlər uğursuz olarsa, ABŞ İrana qarşı qurudan hərbi əməliyyat keçirməyə məcbur qala bilər. Bu halda təkcə ABŞ və müttəfiqləri deyil, İran özü də bir çox çətinliklər və problemlər qarşısında qalacaq.

İranın regionda ən çox güvəndiyi Ermənistan ola bilərdi. Ancaq ABŞ-ın və Avropa İttifaqına üzv dövlətlərin orada yerləşməsi və rəsmi İrəvanın hər addımını nəzarət altına saxlaması səbəbindən bu güvənc haqqında söhbətlər nağılvari xəyallara bənzəyər. Azərbaycandan kömək istəməyə üzü yoxdur. Azərbaycan nə qədər istəsə də İranla vəziyyəti normallaşdırmağa nail ola bilmir. Səbəbi rejim başçılarının Azərbaycana bitib-tükənməyən kini və düşmən münasibətidir. Otuz il Ermənistana hər cür yardım edən, ermənilərin işğal altında saxladıqları müddətdə şəhər kəndlərimizi söküb daşıyan, 44 günlük müharibədəki möhtəşəm Qələbəmizi indiyədək həzm edə bilməyən və təkcə xaçı çatışmayan farslar bizi düşmənlərimizdən də çox narahat edirdilər. Qələbəmizdən sonrakı dövrdə Tehrandakı səfirliyimizə silahlı hücum zamanı bir diplomatımızın öldürülməsi, digərinin yaralanması, qatilin bugünədək məhkəmə qarşısına çıxarılmaması bizə hörmətsizlik olsa da İranda dərəbəy hakimiyyətinin mövcudluğunu bütün dünyaya göstərdi. Arazın o tayındakı böyük bir ərazimizi iki yüz il işğal altında saxlayan, 40 milyonluq xalqımızın hüquqlarını əlindən alan, təbii sərvətlərimizi zəli kimi soran da İran, hələ bu azmış kimi bizi hədələyən, təhdid edən də İran. Bu da fars tör-töküntülərinin siyasi mədəniyyəti, pozulmuş əxlaqı, iylənmiş kirli-pasaqlı mənəviyyatı. Əmmaməli şeytanlar bu gün də bizim sərhədimizdə “sionist” axtarışındadır.  Dostunu, düşmənini tanımayan zorba farslar bütün müsəlman ölkələrinə  cəllad gözü ilə baxır. Buna baxmayaraq Prezident İlham Əliyev qonşuluğu nəzərə alaraq ölkəmizin ərazisindən kiməsə İrana hücum etməyə icazə verilməyəcəyini dəfələrlə bəyan edib. Lakin bu günlərdə Ərdəbil məscidinin mollası Həsən Amilinin Türkiyə və Azərbaycan haqqındakı təhqirləri ayrı mətləbdən xəbər verir. Amilidən başqa digər dövlət rəsmiləri, ağzıboş SEPAH generalları da Azərbaycanı müharibə ilə hədələyirlər. Bu cür başqa faktlar da var. Qayıdaq əsas mövzuya.
İrana hücumun “komandanı” ABŞ hələlik problemin həllini diplomatik yolla tapmağa üstünlük verir. ABŞ üçün İranla münaqişənin hərbi müstəviyə keçirilməsi regionda əlavə risklər yarada bilər. Bunun əsas səbəbi isə hərbi əməliyyatların nəticələrinin uğurlu olacağına tam əminliyin olmamasıdır. ABŞ-nin İrana qarşı hərbi əməliyyat keçirmək perspektivi beynəlxalq arenada geniş müzakirə olunan məsələlərdən biridir. Mefyu bildirib ki, İranın nüvə proqramını dayandırmaq məqsədilə diplomatik vasitələrin tamamilə tükənməsi Vaşinqtonu bu istiqamətdə ciddi addımlar atmağa məcbur edə bilər.

ABŞ-ın İrana qarşı hərbi əməliyyat qərarı regionda yeni böhran və gərginlik dalğasına səbəb ola bilər. Bununla belə, Vaşinqton yuxarıda qeyd etdiyimiz kimi hələ də diplomatiyaya üstünlük vermək niyyətindədir. Bu cür bəyanatlar İranı müharibə olmayacağına arxayınlaşdırmaq üçün də verilə bilər.

Ancaq görünən odur ki, müharibə olsa, İran tərəfi qalib gələ bilməz. Çünki rəqibləri özündən qat-qat güclüdür. Digər tərəfdən, işğal altında zülm etdiyi beş xalq cəlladını qətiyyən müdafiə etməz. Molla rejimi üçün ən qorxulusu da budur ki, həmin xalqlar zülmkar rejimə qarşı ayağa qalxar və cəlladının taxtını başına çevirər. Dediyimiz kimi, İslamın üz qarası sayılan İranın  kimdənsə kömək gözləməyə üzü yoxdur. Çünki onu qazanmayıb. Yeganə dostu, “qan qardaşı” adlandırdıqları ermənilərin etibarsızlığı, satqınlığı, alçaqlığı isə dünyaya məlumdur. “Su meymunun boğazına çatarsa balasını ayaqlarının altına qoyar”,-deyiblər. Əgər ABŞ Ermənistana əmr versə heç tərəddüd etmədən toplarını, raketlərini Tehrana, “fars qardaşlarına” doğru tuşlayacaq. Bir sözlə, Allahına bəndəlik etməyən fars rejimini şeytandan başqa kimsə müdafiə etməz. Axı, şərdən yaranan bu imperiya həmişə şeytanla işbirliyndə olmuşdur.
Aqil babalarımız deyiblər: Sürüdən ayrı düşən dananı qurd yeyər...

Vəli İlyasov, “İki sahil”