13 yanvar 2025 10:49
159

Azərbaycan erməni faşizmini susduracaq

XX əsrin əvvəllərindən etibarən erməni millətçiləri ardıcıl olaraq xalqımıza  qarşı soyqırımı siyasəti həyata keçiriblər. Belə ki, onlar 1905-1907-ci, 1918-1920-ci, 1948-1953-cü və 1988-1994-cü illərdə minlərlə soydaşlarımızı Ermənistandan deportasiya etməklə yanaşı, Bakıda, Şuşada, İrəvan və Naxçıvan mahallarında, həmçinin Qarabağda, Borçalıda, Qazaxda, Zəngəzurda, Gəncədə, Şamaxıda, Qubada və digər yerlərdə on minlərlə azərbaycanlını kütləvi şəkildə qətlə yetiriblər. Tədqiqatçıların araşdırmaları¬na əsasən, erməni cinayətkarlar tərəfindən təkcə Şamaxı şəhərində təqribən14-16 min, onun 40 kənd və obasında 6-8 min nəfər qətlə yetirilib. 

Daha bir neçə fakta müraciət edək. 1948–1953-cü illər ərzində 150 minə yaxın, 1987–1991-ci illərdə 250 mindən artıq azərbaycanlını indiki Ermənistan ərazisindəki öz tarixi torpaqlarından zorakılıqla deportasiya edən, Ballıqayada, Qaradağlıda, Ağdabanda, Başlıbeldə, Edilldə, Fərruxda  da faciələr törədən erməni cəlladları 1992-ci il fevralın 26-da Xocalı sakinlərini də soyqırıma məruz qoyublar. Bu qırğının nəticəsində 613 günahsız insan xüsusi amansızlıqla qətlə yetirilib. Onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i yaşlılar olub. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Həmçinin 487 nəfər ağır yaralanıb, 1275 nəfər girov götürülüb. 44 gün davam edən Birinci Qarabağ müharibəsi dövründə də haylar beynəlxalq hüquq normalarını və humanitar hüququn tələblərini kobud şəkildə pozaraq Gəncəni, Bərdəni, Tərtəri raket atəşinə  məruz qoyublar. Bir faktı da xatırladaq ki, 1990-cı illərin əvvəllərində Ermənistanın hərbi təcavüzü nəticəsində mülki şəxslər, uşaqlar və qadınlar da daxil olmaqla 4000-ə yaxın, 2020-ci ildə Vətən müharibəsi zamanı isə 6 vətəndaşımız itkin düşüb. Amma təcavüzkar ölkə humanitar hüquqdan irəli gələn öhdəliklərini müxtəlif bəhanlərlə pozaraq hələ də onların taleyi, həmçinin kütləvi məzarlıqların dəqiq yerləri barədə  heç bir məlumat vermək istəmir.

Yeri gəlmişkən, faşist ideologiyalı təcavüzkar ölkənin rəsmiləri xalqımıza qarşı törətdikləri bu qanlı əməlləri haqqında bu və ya digər mötəbər tribunalardan bəh-bəhlə söz açıblar. Bütün bunlarla da  erməni cəlladları alman faşizmindən qat-qat əzazil olduqlarını, onun ənənələrini daha kəskin formada gerçəkləşdirdiklərini nümayiş etdiriblər. Amma alman cəlladlarından fərqli olaraq, erməni cəlladları hələ də əməllərinə görə cəzalandırılmayıblar, hələ də Ermənistan tərəfindən törədilmiş müharibə cinayətlərinin araşdırılması istiqamətində heç bir addım atılmayıb. Elə bu səbəbdən Ermənistan bu gün də faşist ideologiyasını davam etdirir. Hətta  Ermənistandan alət kimi istifadə edən ölkələr, o cümlədən Makron Fransası belə erməni faşizmini dəstəkləyirlər.  Odur ki, Cənubi Qafqazda yeni reallıqlar yaradan Azərbaycanla sülh müqavilə imzalamaqdan müxtəlif vasitələrlə boyun qaçıran, amma özünü sülh göyərçini kim göstərməyə çalışan  təcavüzkar ölkə silahlanmaqda davam edir.  Şübhəsiz, mayası faşist ideologiyası ilə yoğurulan işğalçı Ermənistanın əsas hədəfində Azərbayacan olsa da, işğalçı ölkənin belə bir siyasəti region üçün də böyük təhlükədir.

Prezident İlham Əliyev ayrı-ayrı çıxışlarında, nüfuzlu beynəlxalq təşkilatların tədbirlərində, xarici ölkə rəhbərləri ilə söhbətlərində Ermənistan tərəfindən törədilən bu vəhşiliklərdən, eləcə də təcavüzkar ölkənin faşizm ideologiyasından dəfələrlə söz açıb. Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində də bir daha bu məsələyə toxunub: “Müstəqil Ermənistan dövləti, əslində, faşist dövlətdir. Çünki əgər bu ölkəyə 30 ilə yaxın faşist ideologiyasının daşıyıcıları rəhbərlik ediblərsə, bu ölkəni onlar elə özləri kimi də formalaşdırıblar”. 

Dövlətimizin başçısı fikrini əsaslandırmaq məqsədilə konkret faktlar da göstərib. Hətta vurğulayıb ki, Ermənistanın birinci prezidenti etnik təmizləməni bir qürur mənbəyi kimi qələmə verir, azərbaycanlıların öz tarixi dədə-baba torpaqlarından qovulması ilə öyünür: “Belə bir faşist dövlətlə biz qonşuyuq və faşizm təhlükəsi sovuşmur. Ona görə faşizm məhv edilməlidir. Bunu ya Ermənistan rəhbərliyi məhv edəcək, ya da biz məhv edəcəyik. Bizim başqa çarəmiz yoxdur. Yenə də 30 illik işğal, xalqımızın əzabları, Xocalı soyqırımı, dağıdılmış, viran qoyulmuş Qarabağ - bütün bunlar bizim gözümüzün qabağındadır və kim zəmanət verə bilər ki, bu, təkrarlanmayacaq, heç kim! Çünki Ermənistanın birinci üç rəhbəri faşist ideologiyasının daşıyıcılarıdır”. 
Prezident, həmçinin bildirib ki, Ermənistanın indiki rəhbəri indi özündən sülh göyərçini düzəltməklə məşğuldur. Bu isə bir daha onu göstərir ki, Ermənistanın baş naziri, “demokrat” Paşinyan da faşizm ideologiyasını daşımaqda davam etdirir. Elə Paşinyanın sülh müqaviləsini imzalamaq əvəzinə atəşkəsi pozması, ölkəsini sürətlə silahlandırması, eləcə də Qərbi azərbaycanlıların – indi Ermənistan adlanan ölkənin qanuni sakinlərinin qayıdışına məhəl qoymaması bütün bunları bir daha təsdiq edir.

Bir sözlə, faşizm ideologiyası təcavüzkar ölkədə hələ də yaşayır, bunun daşıyıcıları, sadəcə olaraq, bugünkü Ermənistan müxalifəti deyil, Ermənistan iqtidarıdır. Azərbaycan isə sadəcə olaraq, müşahidəçi kimi buna tamaşa edəsi deyil. Bütün bunlara rəğmən, dövlətimizin başçısı birmənalı şəkildə vurğulayıb: “Ümid edirəm ki, sülh müqaviləsi ilə bağlı bizim bütün şərtlərimiz də qəbul ediləcək”.
Bəli,  bir zamanlar faşist Almaniyasına qarşı mübarizədə demək olar ki, bütün dünya səfərbər olunmuşdu. Lakin bu gün erməni faşizminə qarşı Azərbaycan təkbaşına mübarizə aparır. Hadisələrin gedişatı da göstərir ki, ölkəmiz bu çətin sınaqdan da şərəflə çıxacaq. Bir sözlə, Almaniya faşizmi üzərində qələbəyə öz misilsiz töhfələrini verən Azərbaycan erməni faşizmini də susduracaq.

Qvami Məhəbbətoğlu, “İki sahil”