İspaniyanın xarici işlər naziri Jose Manuel Albares, sabit, dinc və əhatəli Suriyaya nail olmaq üçün İspaniya və Avropa İttifaqının Türkiyə ilə qüvvələrini birləşdirməli olduğunu bildirib.
“İki sahil” xəbər verir ki, yanvarın 15-16-da Suriya və Livana səfərindən əvvəl danışan XİN başçısı Yaxın Şərqdə bir çox mövzuda, xüsusilə Fələstin məsələsində Türkiyə ilə əməkdaşlıq edən İspaniyanın bu siyasətini davam etdirəcəyini qeyd edib: "Suriya məsələsində Türkiyə ilə fövqəladə əməkdaşlıq edəcəyik. Türkiyə İspaniyanın birinci dərəcəli ortağıdır. Türkiyənin Orta Şərqdə və Suriyada strateji əhəmiyyətli rolu İspaniya tərəfindən təqdir edilir”.
Türkiyəli həmkarı Hakan Fidanla tez-tez görüşdüyünü və fikir mübadiləsi apardığını ifadə edən Albares, "Onun fikirlərindən faydalanıram. Çünki o, bölgədəki vəziyyəti mükəmməl bilir. Bu, mənim üçün çox xüsusi və önəmlidir. Təbii ki, sabit, dinc və əhatəli Suriyaya nail olmaq üçün İspaniya və Avropa İttifaqının güclərini Türkiyə ilə birləşdirməsi vacibdir", - deyə əlavə edib.
Məhərrəm Ağalaroğlu, “İki sahil”