Livanın baş naziri Naguib Mikati Suriyanın yeni lideri Əhməd əl-Şaranın dəvəti ilə qonşu Suriyanın paytaxtı Dəməşqə səfər edib.
“İki sahil” İHA-ya istinadla xəbər verir ki, Əsəd rejiminin devrilməsindən sonra ilk dəfə Dəməşqə səfər edən Mikati Prezident Sarayında Əhməd əl-Şara ilə görüş keçirib.
Daha sonra ikili birgə mətbuat konfransı keçirib. Livanın baş naziri Mikati iki ölkənin quru sərhədlərinin təhlükəsizliyini təmin etmək, quru və dəniz sərhədlərini müəyyən etmək üçün birlikdə çalışacaqlarını bəyan edib.
Əhməd əl-Şara iki ölkə arasında qaçaqmalçılıq, sərhəddəki çətinliklər və Suriyanın Livan banklarındakı əmanətləri kimi məsələlərin müzakirə edildiyini bildirib.
Tərəflər bu məsələləri həll etmək və dəstək vermək üçün komitələr yaratmaq barədə razılığa gəliblər.
Məhərrəm Ağalaroğlu, “İki sahil”