25 sentyabr 2026 12:23
85

Aİ-nin 12 ölkəsi müdafiə proqramları məsələsində Fransaya qarşı çıxıb

Avropa İttifaqına üzv olan 12 ölkə Fransanın qeyri-Aİ dövlətlərinin birliyin gələcək müdafiə proqramlarında iştirakını məhdudlaşdırmaq təklifinə qarşı çıxış edib.

“İki sahil” xəbər verir ki, bu barədə Euractiv portalı işçi sənədə istinadla məlumat yayıb.

Onlar üçüncü dövlətlərin Aİ-nin müdafiə layihələrində iştirak imkanlarının qorunub saxlanılmasının tərəfdarı çıxıblar. Onların fikrincə, bu, maliyyələşmənin səmərəliliyini artıra və təchizat zəncirlərini gücləndirə bilər. Sənədi imzalayan Almaniya, Avstriya, Danimarka, Estoniya, Finlandiya, İtaliya, Latviya, Niderland, Portuqaliya, Rumıniya, İsveç və Sloveniya qeyd edirlər: "Biz müdafiə qabiliyyətimizi, xüsusən də hərbi avadanlığımızın qarşılıqlı işləmə qabiliyyətini və standartlaşdırılmasını təmin etmək üçün sıx əməkdaşlıq etməliyik".

Mübahisələr Aİ-nin 2028-2034-cü illər üçün büdcəsinin icrası zamanı Avropa Rəqabətqabiliyyətlilik Fondunun istifadəsi ilə bağlıdır. 2 trilyon avro məbləğindəki büdcə layihəsində bu fonda 409 milyard avrodan çox, o cümlədən "Horizon" tədqiqat və innovasiya proqramına 175 milyard avro, müdafiə və kosmosa isə 130 milyard avro xərclənməsi təklif olunur.

Fransa fondun vəsaitlərinin xərclənməsində "avropa prioritetliyi" prinsipini dəstəkləyir. Paris hesab edir ki, xarici təchizatçılardan asılılığı azaltmaq üçün vəsaitlər üstünlük təşkil edən şəkildə Aİ ölkələrinin istehsalçılarına köçürülməlidir. Buna qarşı çıxan ABŞ isə Brüsseli "NATO-da istehsal olunub" prinsipi ilə hərəkət etməyə çağırır.

Fransanın mövqeyinə tənqidi yanaşan avropalı diplomatlardan biri portalın müxbirinə bildirib ki, Paris bu məsələdə "təcrid olunub". Müsahib hesab edir ki, Avropa İttifaqı Kanada və ya Böyük Britaniya kimi əsas tərəfdaşlarla strateji müdafiə əlaqələrini gücləndirməli, eyni zamanda milli sənaye üçüngüzəştə getməməlidir.