15 yanvar 2025 09:09
92

Elektrik şəbəkələrinin sinxronizasiya qurğularını Litvanın DİN mühafizə edəcək

Litvanın Daxili İşlər Nazirliyi yanında ixtisaslaşmış xidmət Polşadan keçməklə Baltikyanı ölkələrin elektrik şəbəkələrinin Avropa İttifaqı ilə sinxronizasiya qurğularının mühafizəsini öz üzərinə götürüb.

“İki sahil” xəbər verir ki, təhlükəsizlik sisteminin dəyişdirilməsi (əvvəllər özəl mühafizə firmaları tərəfindən idarə olunurdu) qərarı Baltikyanı respublika hökuməti tərəfindən qəbul edilib.

Nazirlər Kabinetinin mətbuat xidmətinin məlumatında bildirilib ki, sinxronizasiya kontekstində və Baltik dənizində enerji kabelləri ilə bağlı insidentlər fonunda enerji infrastrukturunun mühafizəsi, insidentlərin qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlərin gücləndirilməsi xüsusi əhəmiyyət kəsb edir.

Təhlükəsizlik rejimində dəyişiklik aprel ayında planlaşdırılıb, lakin enerji infrastrukturunda qlobal təhlükəsizlik narahatlıqları səbəbindən sürətləndirilib.

Sinxronizasiya ilə eyni vaxtda Baltikyanı ölkələr Belarus, Rusiya, Estoniya, Latviya və Litvanın vahid enerji sistemindən (BRELL) çıxacaqlar. Onlar bu barədə 2024-cü ilin iyul ayında BRELL sistemindəki digər iştirakçılara məlumat veriblər. Fevralın 9-da onların elektrik şəbəkələrinin BRELL halqasından kənarda, lakin Avropa şəbəkələri ilə sinxronlaşdırılmış rejimdə işləməyə başlaması planlaşdırılır.

Məhərrəm Ağalaroğlu, “İki sahil”