18 yanvar 2025 00:12
93

Görünür, Rusiya özünə dost yox, düşmən axtarır

Bu gün azsaylı dostlarını da itirməyi hədəfləyən Şimal qonşumuzdan gələn iyrənc sovet təbliğatı, ucuz şoular, həqarət və təhqirlər heç cür qəbul oluna bilməz

Son günlər Rusiyanın hakim dairələri ilə işbirliyində olan bəzi simasızların, media orqanlarının Azərbaycanın, xalqımızın ünvanına təhqir və həqarətlər yağdırması diqqəti cəlb edir. Hamımız yaxşı bilirik ki, Ukrayna ilə müharibə səbəbindən Rusiyanın maraqlarına zidd fikir səsləndirən hər bir kəs barədə dərhal ən sərt şəkildə ölçü götürülür. Belə olan halda, kimsə deyə bilməz ki, Azərbaycana qarşı bu həqarətlər hakimiyyət dairələrinin iradəsindən kənar səsləndirilir. Əgər belə olsaydı, yəqin ki həmin üzdəniraqları da dərhal susdurardılar. Ancaq bu, baş vermir. Nədənsə, biz bunları görmürük.

Deməli, həmin şəxslər də nəzarətdədir. Azərbaycan xalqını onların dili ilə təhqir edirlər. Qətiyyətlə demək olar ki, prosesi idarə edən, necə deyərlər, bu işlərdə “xüsusi” təcrübəsi olan, əli hər yerə çatan Federal Təhlükəsizlik Xidmətidir.

Məhz həmin dairələr gah Azərbaycanı neonasistlərin dili ilə hədələyir, gah da “Komsomolskaya pravda”da bir sifarişli mirzənin vasitəsilə riyakarlıq edir, olmazın yalanlar uydururlar. Bununla da onlar özlərini bütün dünyanın gözündə daha da gülünc vəziyyətə qoyurlar. Görünən odur ki, bu gün azsaylı dostlarını da itirməyi hədəfləyən Rusiya özünə dost yox, düşmən axtarır. Açıq danışmaq lazımdır. Bu gün Rusiyadakı bəlli dairələr  bütün güclərini səfərbər edib özlərini müdafiə etmək taktikasına əl atır, inhisarlarında olan mətbuat orqanları vasitəsilə əməllərinə bəraət qazandırmağa çalışırlar. Belələri yaddan çıxarmamalıdırlar ki,  həqiqətlər ortaya çıxanda ifşa olunacaqlar. Bütün bunlar isə iki dövlət arasında münasibətlərə kölgə salmaqdan başqa bir şey deyil. Şübhəsiz, baş verənlər, ölkəmizə qarşı təhqir kampaniyası Azərbaycanla Rusiya  münasibətlərində qarşılıqlı etimada ciddi zərbə vurur.

Elə buradaca altını cızaraq demək istərdik ki, hətta AZAL-a məxsus sərnişin təyyarəsi  Rusiya səmalarında vurulduqdan, onlarla sərnişin həlak olduqdan sonra belə Azərbaycan tərəfindən Rusiyanın ünvanına təhqir, hədə, səslənmədi. İnsanlar haqlı şəkildə nə baş verdiyini sual etdilər. Azərbaycan Prezidenti mediaya müsahibə verərək bu işdə məsuliyyətin, ədalətli istintaqın, günahkarların cəzalandırılmasının və zərər çəkənlərə kompensasiya ödənilməsinin vacibliyini diqqətə çatdırdı. Bütün bunların fonunda indi Rusiyada pilotların danışıqlarını yayaraq yenidən izi azdırmağa, məsələni əsas mətləbdən yayındırmağa çalışdıqları bəs deyil, hələ Azərbaycanı günahkar çıxarmağa da çalışırlar.

Hər şey açıq-aşkar ortadadır. Rusiya dost və qonşu dövlət kimi davranmaq, suallara cavab vermək, məsələni obyektiv araşdırmaq və üzərinə düşən vəzifələri yerinə yetirmək əvəzinə, oyun oynamağa üstünlük verir. Hər kəs bilməlidir ki, məsələnin mahiyyəti Azərbaycan təyyarəsi vurulduqdan və idarəetməni itirdikdən sonra hansı hava limanına enmə qərarının kim tərəfindən qəbul edilməsi deyil, təyyarənin vurulmasıdır.

Söyüş, təhqir söz bitən yerdə başlayır və kimsə Rusiyadan belə ucuz davranış gözləmirdi. Yaxşı olardı ki, boş və mənasız təxminlər, mülahizələr, necə deyərlər, rəvayətlər ortaya atmaq, fikirləri başqa səmtə yönəltmək əvəzinə, elə pilotların danışıqlarında iki oturacağın partlamasının hansı səbəbdən baş verdiyi araşdırılardı. Həm də təyyarənin füzelyajında, sərnişinin bədənində aşkar olunmuş “Pantsir” havadan müdafiə sisteminin qəlpələri barədə izahat veriləydi.

Sonda bir daha demək istərdik ki, Azərbaycan tərəfi hər zaman olduğu kimi, bu gün də etik məsələlərə dəyər verir. Azərbaycanın kütləvi informasiya vasitələri, ekspertləri, sosial media istifadəçiləri bu məsələ ilə  bağlı əndazəni aşmayıblar, təhqirə yol verməyiblər. Buna görə də Rusiyadan gələn iyrənc sovet təbliğatı, ucuz şoular heç cür qəbul oluna bilməz. Azərbaycan ictimaiyyəti çox haqlı olaraq Rusiya tərəfinin məsuliyyətli davranmasını, məsələ ilə bağlı ədalətli istintaq həyata keçirilməsini, cinayətkarların cəzalandırılmasını və kompensasiyaların ödənilməsini gözləyir. Beynəlxalq ictimaiyyət, ayrı-ayrı dövlətlər də Şimal qonşumuzdan məsələnin ədalətlə həll edilməsini tələb edir. Bu mənəviyyatın, etik normaların, beynəlxalq hüququn, ən başlıcası da əlahəzrət ədalətin tələbidir...

Zahid Rza, “İki sahil”