Yanvarın 20-də İçərişəhərdə 20 Yanvar hadisələrinin 35-ci ildönümünə həsr olunmuş “Əbədi xatirə” adlı tədbir baş tutub. Məqsəd Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsini yad etmək və onların qəhrəmanlıq salnaməsini gələcək nəsillərə çatdırmaqdır.
“İki sahil” xəbər verir ki, tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbirdə şəhid ailələri, 1990-cı ilin yanvar hadisələrinin şahidləri, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəhbərliyi və kollektivi, Azərbaycan Fotoqraflar Birliyinin nümayəndələri, İçərişəhər sakinləri iştirak ediblər.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin aparat rəhbəri İntiqam Babayev, Azərbaycan Fotoqraflar Birliyinin təsisçilərindən biri, “Şahid fotoqraf” sənədli filminin qəhrəmanı Mirnaib Həsənoğlu və İçərişəhər Ağsaqqallar Şurasının sədri Əliheydər Dadaşov çıxış etdikdən sonra tədbir iştirakçılarına “Şahid fotoqraf” filmi nümayiş olunub. Filmdə 20 Yanvar gecəsində və sonrakı günlərdə baş verən hadisələri peşəkar fotoqraf gözü ilə necə sənədləşdirilməsindən bəhs olunur.
20 Yanvar şəhidi Larisa Məmmədovanın valideynləri ilə Azərbaycan Televiziyasının götürdüyü müsahibə nümayiş olunduqdan sonra, Uşaq və Gənclər Teatrının aktyorları tərəfindən 20 Yanvar hadisələrinə həsr olunmuş teatr kompozisiyası təqdim edilib.
Eyni zamanda, Bakı Fotoqrafiya Evində Azərbaycan Fotoqraflar Birliyi ilə birgə yanvar hadisələrinə aid arxiv fotolardan ibarət xüsusi fotosərgi açılıb. 17 yanvar tarixində başlayan sərgi 21 yanvar 2025-cü il tarixinə qədər ziyarətçilər üçün açıq olacaq.