22 yanvar 2025 16:24
94

Tramp 300 milyard dollarlıq infrastruktur maliyyələşməsini dondurub

Donald Tramp yeni prezidentlik müddətinin ilk günündə “Amerika enerjisini azad etmək” haqqında sərəncam imzalayıb.

“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki, onların arasında yaşıl enerji sektorunda infrastruktur layihələrinin maliyyələşdirilməsini dondurulması da var.

"Financial Times"a görə, ABŞ-ın Energetika Nazirliyi son nəticədə Bayden administrasiyası tərəfindən əvvəllər təsdiqlənmiş 300 milyard dollardan çox vəsait almamaq riski ilə üz-üzə qalıb.

Tramp artıq ölkənin enerji siyasətinin kursunu neft və qaz hasilatını əhəmiyyətli dərəcədə artırmaq istiqamətində dəyişib, iqlim proqramlarını da məhdudlaşdırıb. Belə ki, prezident Co Baydenin təqdim etdiyi elektromobillərin payına dair standartı ləğv edib, həmçinin külək stansiyalarının operatorları ilə kontinental şelfdəki ərazilərdə yeni icarə müqavilələrinin bağlanmasını qadağan edib.

“Amerika enerjisini azad etmək” haqqında qərar hökumətin yeni siyasətlərinə uyğunluğu sübuta yetirilənə qədər iqlim layihələrinin maliyyələşdirilməsinin dondurulmasını tələb edir. Xüsusilə, bu, “İnflyasiyanın Azaldılması Aktı” və “İnfrastruktur İnvestisiyaları və İş yerlərinin yaradılması haqqında Qanun” çərçivəsində verilmiş kreditlərin, qrantların və müqavilələrin dondurulmasına aiddir. Energetika Nazirliyi bu qanunlara əsasən 50 milyard dollara yaxın kredit almaq üçün artıq təsdiq alsa da, 280 milyard dollar kredit isə hazırda nəzərdən keçirilir. Ancaq indiki halda nazirlik bu pulu ümumiyyətlə almamaq riski ilə üz-üzədir.