Macarıstanın baş naziri Viktor Orabn bildirib ki, o, Rusiyaya qarşı sanksiyaların uzadılmasına yalnız Ukraynanın bir neçə şərti yerinə yetirəcəyi təqdirdə razılaşacaq.
“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki, Orban onların arasında Rusiya Federasiyasından qaz tranzitinin bərpa olunmasını, “Türk axını”na hücumların dayandırılmasını və Kiyevdən neft tranzitinin dayandırılmayacağına dair təminatların adını çəkib.
“Ukraynaya kömək edəcək sanksiyaları dəstəkləməyimiz yaxşı deyil və onlar bizi aldadırlar. Mən həmkarlarıma dedim ki, əgər Ukrayna, məsələn, Rusiyaya qarşı sanksiyalarla bağlı yardım istəyirsə, onda qaz tranzitini bərpa etsinlər və Mərkəzi Avropa ölkələrinə, o cümlədən Macarıstana lazım olan qazı onlar vasitəsilə almağımıza icazə versinlər”, - deyə, Viktor Orban bildirib.
Onun fikrincə, Ukrayna Rusiyadan digər qaz təchizatı marşrutlarına da hücumları dayandırmalıdır. Bunlara “Türk axını”nın kompressor stansiyaları daxildir. Xatırladaq ki, yanvarın 11-də Krasnodar vilayətindəki “Russkaya” stansiyasına 9 pilotsuz uçuş aparatı tərəfindən hücum edilib.