24 yanvar 2025 17:30
121

Ali Məhkəmədə baxılan işlərin sayı artıb

Ali Məhkəmənin Plenumunun iclası keçirilib.

“İki sahil” xəbər verir ki, bu barədə Ali Məhkəmədən bildirilib.

Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov bildirib ki, bugünkü Plenum Ali Məhkəmənin bir illik fəaliyyətinə həsr olunub.

İclasda ötən ilin məhkəmə hakimiyyəti üçün də kifayət qədər məhsuldar və səmərəli olduğu diqqətə çatdırılıb. Bildirilib ki, Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən ədalət mühakiməsinin keyfiyyətinin artırılması, məhkəmələrdə hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyini təmin edilməsi məqsədilə ardıcıl tədbirlər görülüb.

Ali Məhkəmənin icraatında olan işlərə də toxunularaq diqqətə çatdırılıb ki, hesabat dövründə Ali Məhkəmə tərəfindən həmçinin vahid məhkəmə təcrübəsinin formalaşdırılması və hüququn inkişafının təmin edilməsi, məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyinin təmin edilməsi məqsədilə 68 yeni 3 ulduzlu qərar, Kollegiyaların məhkəmə təcrübəsinin vahidliyini təmin edən 2 qərardadı qəbul edilib, bir sıra Plenum qərarlarına önəmli dəyişikliklər olunub.

Qeyd edilib ki, Ali Məhkəmənin icraatında 2024-cü ildə 2023-cü ilə nisbətən 309 iş, yəni 2,2 faiz daha çox iş olub. Kollegiyalar üzrə isə statistika fərqlidir. Belə ki, Mülki kollegiyada 12,5 faiz azalma olsa da, Cinayət kollegiyasında 8,8 faiz, İnzibati kollegiyada 18,2 faiz, Kommersiya kollegiyasında 3,9 faiz artım var.

İcraatda olmuş işlərin sayı ilə yanaşı yekunlaşdırılan işlərin sayı 3,5 faiz artıb. Növbəti ilə qalıq keçən işlərin sayı isə 2,6 faiz azalıb.

İclasda məhkəmə-hüquq sistemində islahatlar və yeniliklərin bundan sonra da davam edəcəyi xüsusi vurğulanıb. Qeyd edilib ki, hazırda məhkəmələrdə iş yükünün optimallaşdırılması, vahid məhkəmə təcrübəsinin tətbiqinin genişləndirilməsi, işlərə çevik baxılmasının təşkili, bununla da vətəndaş məmnunluğunun artırılması xüsusi əhəmiyyət kəsb edir.

Daha sonra Ali Məhkəmənin kollegiyalarının ötən ildə görülmüş işlərlə bağlı geniş hesabatları dinlənilib.

Bildirilib ki, Mülki kollegiya üzrə 2024-cü ildə Ali Məhkəməyə, həmçinin əlavə kassasiya qaydasında Plenuma daxil olan işlərin sayında 2023-cü illə müqayisədə ciddi azalma müşahidə olunur. Belə ki, ümumi mülki işlər üzrə ümumilikdə respublika məhkəmələrinə 215 min 338 iş daxil olub ki, bu da ötən dövrlə müqayisədə 2,7 faiz, apelyasiya şikayəti verilən işlərin sayı 22,4 faiz, kassasiya şikayəti verilən işlərin sayı isə 13,1 faiz azalıb. Yekunlaşmış işlərin sayı da yüksəkdir və bu, 89 faiz təşkil edir.

Eyni zamanda təkrar baxılan və növbəti ilə qalıq keçən işlərin sayında da azalma müşahidə edilir. Birinci və apelyasiya instansiya məhkəmələrinin qərarlarının sabitlik göstəricisinin kifayət qədər yüksək olduğu qeyd edilib. Bu halların təcrübənin vahidliyinin təmin olunması, müxtəlif instansiya məhkəmələrinin hakimləri arasında qurulmuş səmərəli dialoqun, habelə hakimlərin peşəkarlıq səviyyəsinin artmasından irəli gəldiyi vurğulanıb.

Qeyd edilib ki, 2024-cü il ərzində Cinayət kollegiyasının icraatında olmuş 3688 işdən 70,8 faizinə mahiyyəti üzrə baxılıb. Baxılmış 2611 işdən 84,2 faizində iş üzrə qərar dəyişdirilmədən saxlanılıb, 6,9 faiz iş üzrə qərar ləğv edilib, 8,9% iş üzrə qərar isə dəyişdirilib.

2024 ilin hesabat dövründə İnzibati kollegiyanın icraatında olmuş 4438 işdən 76,7 faizi yekunlaşdırılıb. Yekunlaşmış işlərdən 88 faiz işə mahiyyəti üzrə baxılıb, 8,8 faizi kassasiya şikayəti formal əsaslarla mümkün sayılmayıb, 2,9 faiz iş üzrə kassasiya icraatına xitam verilib. Baxılmış 2997 işdən 52,9 faizin məhkəmə aktı dəyişdirilmədən saxlanılıb, 28,9 faizi kassasiya şikayəti mübahisələndirilən məhkəmə qərarının vahid məhkəmə təcrübəsinə uyğun hesab edildiyindən mümkün sayılmayıb, 17 faiz qərar ləğv edilmiş, 0,4 faiz iş üzrə icraata xitam verilib, 0,8 faiz qərar dəyişdirilib.

2024-cü ildə Kommersiya kollegiyasının icraatında 832 iş olub, onlardan 95,6 faiz iş kommersiya mübahisələri üzrə, 4,4 faiz iş xarici məhkəmələrin qətnamələrinin Azərbaycan Respublikasında tanınması və icrası ilə bağlı olub. İcraatda olmuş kommersiya mübahisələrinin 795 işindən 68,2 faiz işə mahiyyət üzrə baxılıb. Baxılmış işlərdən 82,3 faiz işlə bağlı məhkəmə aktı dəyişdirilmədən saxlanılıb, 17,3 faiz iş üzrə məhkəmə aktı ləğv edilib, 0,4 faiz iş üzrə isə məhkəmə aktı dəyişdirilib.

Məruzələr ətrafında çıxış edənlər 2024-cü ildə kollegiyaların fəaliyyətində nəzərəçarpacaq keyfiyyət dəyişikliyi olduğunu qeyd ediblər.

İclasda həmçinin məhkəmə işlərinin qanunvericiliyin tələblərinə ciddi riayət edilməklə baxılması, hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin olunması xüsusilə vurğulanıb.

Sonda Plenumda Ali Məhkəmənin 2025-ci ilə dair İş Planı təsdiq edilib.