2025-ci il üçün Ağdam, Zəngilan, Qubadlı şəhərlərinə keçmiş məcburi köçkünlərin qayıdışı nəzərdə tutulub
Ötən il yanvarın 10-da dövlət başçısı İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində Böyük Qayıdış Proqramının uğurlu icrasından bəhs edərək əldə olunan nəticələri belə əsaslandırmışdı ki, bütün infrastruktur layihələri imkan verir ki, biz daha böyük sayda keçmiş köçkünləri öz dədə-baba torpaqlarına qaytaraq. Ötən il üçün sakinlərinə qovuşacaq ünvanlar sırasında Xankəndi, Xocalı, Kəlbəcər, Şuşa və Cəbrayıl şəhərlərinin adları var idi. Prezident İlham Əliyev Ağdam, Zəngilan, Qubadlı şəhərlərinə keçmiş məcburi köçkünlərin qayıdışının 2025-ci il üçün nəzərdə tutulduğu bildirilmişdi. Ötən il Şuşa, Xocalı və Cəbrayıl şəhərlərinə keçmiş məcburi köçkünlərin qayıdışı həyata keçirildi.
Dövlət başçısı İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə Azərbaycan xalqına müraciətində, həmçinin yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində Böyük Qayıdış Proqramının icrasından və uğurlu nəticələrdən qısa bəhs edərək diqqəti bu ilin dövlət büdcəsindən ayırmalara yönəltdi. Bildirdi ki, hərbi xərclərimiz 8,4 milyard manat müəyyən edilib, Qarabağa və Şərqi Zəngəzura isə 4 milyard manat vəsait ayrılıb. Bunun tam əksi ola bilərdi. Sadəcə olaraq, Ermənistan və onun arxasında duran, onlara pis məsləhətlər verən ölkələr buna imkan vermir. Bununla belə, Qarabağın və Şərqi Zəngəzurun bərpası uğurla gedir. Artıq 10 minə yaxın keçmiş məcburi köçkün bu torpaqlara qayıdıb. Onlar üçün ən gözəl şərait yaradılıb. Bütövlükdə isə azad edilmiş ərazilərdə 30 mindən çox insan yaşayır, çalışır, işləyir. 2025-ci ildə oraya qayıdacaq vətəndaşların sayı böyük dərəcədə artacaq. Bu statistik rəqəm də açıqlandı ki, 2021-ci ildən bu günə qədər Qarabağın və Şərqi Zəngəzurun bərpasına Azərbaycan 19 milyard manatdan çox vəsait ayırıb. Bundan sonra da Böyük Qayıdış Proqramının icra edilməsi prioritet məsələ olacaq.
Dövlət başçısı İlham Əliyevin azad edilmiş ərazilərə mütəmadi səfərləri daim yeni sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır. Bunun üçün təkcə ötən il bu istiqamətdə atılan addımların miqyasına diqqət yetirmək kifayətdir. 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirilən bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimizin bərpasından ötən qısa müddətdə, ötən ilin 28 May-Müstəqillik Günündə dövlətimizin başçısı İlham Əliyev Xocalıda bu şəhərə köçən ilk sakinlərlə görüşdü və onlara evlərin açarlarını təqdim etdi. Bu, qürurverici hadisə qısa müddətdə Xocalı şəhərində görülən genişmiqyaslı bərpa işlərinin təqdimatı oldu. Bunu qeyd etməkdə məqsədimiz budur ki, Azərbaycan 30 il işğal altında qalan torpaqlarının qısa müddətdə dirçəldilməsinə, sakinlərin doğma yurd-yuvalarına qayıdışına səy göstərir. Bu sırada Zəngilan rayonunun Ağalı kəndinin ilk pilot layihənin-«ağıllı kənd»in iştirakçısı olmasını, qısa müddətdə sakinlərinə qovuşmasını da qeyd edə bilərik. Füzulinin və Zəngilanın qısa zamanda hava qapılarını dünyaya açmasında böyük qürur hissi ilə qeyd edə bilərik. Hazırda bu ərazilərimiz türk dünyasının birliyinin, həmrəyliyinin təqdimatında öz sözünü deyir. Türk dövlətlərinin bərpa işlərinə töhfələri təqdir olunan məqamlar sırasındadır. Yeni avtomobil, dəmir yolları çəkilir. Görülən işlərin miqyası olduqca genişdir. Yeni-yeni yaşayış komplekslərinin tikintisi, həmçinin kəndlərin, qəsəbələrin təməlinin qoyulması və sair kimi sadalamaqla bitməyən işlər dövlətimizin uğurlu iqtisadi siyasətinin göstəriciləridir. Bütün işlər sıfırdan daxili imkanlar hesabına həyata keçirilir.
Cənab İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bildirdi ki, bu il üçün planlarımızda daha 20-yə yaxın yaşayış məntəqəsinə keçmiş köçkünləri qaytarmaqdır. O şəhər və kəndlərin adları artıq seçilib, layihələr icra edilir. Bir çox kəndlərdə, şəhərlərdə indi inşaat işləri gedir və bu ilin sonuna qədər 30-a yaxın yaşayış məntəqəsində keçmiş köçkünlər məskunlaşacaqlar: «Biz əsas infrastruktur layihələrini yəqin ki, bir-iki ilə başa çatdıracağıq. Ən çox vəsait bu layihələrə gedir. Çünki 60 kilometrdən çox tunellər, körpülər, elektrik stansiyaları, su anbarları inşa edilir. Biz artıq orada 30-dan çox su elektrik stansiyasını işə salmışıq, dəmir yolları çəkmişik. Yəni, bütün bunlar əsas maliyyə yükü götürür. Təqribən 2-3 ildən sonra əsas infrastruktur layihələri başa çatacaq və ondan sonra yaşayış fondunun yaranmasına istiqamətləndiriləcək məbləğ daha böyük olacaq. Amma yenə də əgər biz dünya tarixinə nəzər salsaq görərik ki, işğaldan və dağıntıdan əziyyət çəkmiş heç bir ölkə öz ərazilərini bu templə və bu keyfiyyətlə bərpa etməyib.»
Strateji mövqeyinə görə Qarabağın giriş qapısı hesab edilən Ağdam rayonunda müasir tələblərə cavab verən bərpa-quruculuq işlərinin miqyası da olduqca genişdir. Bircə faktı qeyd etmək kifayətdir ki, birinci Azərbaycan Milli Şəhərsalma Forumu 2022-ci ildə Ağdam şəhərində keçirildi. Dövlətimizin başçısı İlham Əliyev həmin Forumdakı çıxışında bildirdi ki, Azərbaycan Milli Şəhərsalma Forumunu burada - Ağdam şəhərinin bir zamanlar yerləşdiyi məkanda təşkil edirik. İndi görə bilərsiniz ki, bir zamanlar həyat dolu olan şəhərdən heç nə qalmayıb. O, Birinci Qarabağ müharibəsi dövründə dağılmamışdı: «O, sonradan, demək olar ki, 30 il ərzində daşları bir-bir sökülməklə dağıdılıb, bütün binalar viran qoyulub və sökülüb, daşlar oğurlanıb və satılıb. Görə bilərsiniz ki, yarıdağılmış yeganə tikili Cümə məscidinin binası olub. Lakin onun keçmiş işğal altında olan ərazilərdə Ermənistanın dağıtdığı digər məscidlərlə birlikdə dağıdılmamasının səbəbi odur ki, onlar minarələrdən müşahidə üçün, Azərbaycan Silahlı Qüvvələrinin potensial hərəkətini görmək üçün istifadə edirdilər. Lakin bizdə Ağdam məscidinin təhqir olunmasına dair foto və video sübutlar var. Ermənilər məsciddə donuz və inək saxlayıblar. Azad etdiyimiz ərazilərdə yerləşən ümumilikdə 67 məsciddən 65-i tamamilə dağılıb. Onlardan 2-si – biri burada, digəri Şuşada yarımçıq sökülüb və təhqir olunub. Burada - Ağdamda gördüklərinizi Qarabağ ərazisində hər bir kənddə görə bilərsiniz.» Cənab İlham Əliyev həmin tədbirdə bu çağırışı da etdi ki, bu, Ağdamın beynəlxalq əlaqələrinin başlanğıcıdır. Ağdam və dünyanın bir çox şəhərləri qardaş şəhərlər olacaqdır. Sovet İttifaqının vaxtında Ağdam Qarabağda ən böyük şəhər idi, həyatla coşub-daşan şəhər idi və Azərbaycanda hər kəs bunu bilir. Əraziləri işğaldan azad etdikdən sonra xarici ekspertlər, jurnalistlər buraya gəldilər və Ağdama bir neçə ad verdilər. Bu adlardan biri “urbisid qurbanı” idi, bu da tamamilə doğru idi. Digər ad “ruhlar şəhəri” idi, bu da tamamilə doğrudur. Biri də “Qafqazın Xirosiması” idi: «Lakin Xirosimadan fərqli olaraq, dağıntılar atom bombasının partlaması nəticəsində baş verməmişdir, bu, qonşularımızın vandalizmi və barbarlığı nəticəsində olmuşdur. Lakin indi biz qayıtmışıq, biz güc yolu ilə geri qayıtdıq, biz beynəlxalq hüquq normalarından istifadə edərək geri qayıtdıq və biz burada yaşamağa, əbədi yaşamağa geri qayıtdıq.»
Bu gün işğaldan azad edilmiş ərazilərdə şəhərlərin və kəndlərin bərpası sürətlə davam etdirilir. Nəhəng vəsait və qüvvə tələb edən bu işləri Azərbaycan öz imkanları hesabına həyata keçirilir. Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində Qarabağa və Şərqi Zəngəzura 140 min insanın köçürülməsi planlaşdırılır. Bu fakt ölkəmizin ildən-ilə artan iqtisadi gücünün daha bir əyani göstəricisidir. Əminliklə deyə bilərik ki, əvvəlki illərdə olduğu kimi, 2025-ci ildə də Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın uğurları artmaqda davam edəcək.
Yuxarıda da qeyd etdiyimiz kimi, bu il sakinlərinə qovuşacaq şəhərlər sırasında Ağdam da var. Hazırda Sarıcalı kəndində 203, Kəngərli kəndində 292, Xıdırlı kəndində isə 719 fərdi yaşayış evi inşa edilir. Qeyd edilən hər 3 kənddə fərdi yaşayış evləri ilə yanaşı, məktəblər, uşaq bağçaları, klub icma mərkəzləri, bayraq meydanı, bazar kompleksləri, məişət xidməti obyektləri, Ailə Sağlamlıq mərkəzləri, emalatxanalar, çoxfunksiyalı binalar və digər iaşə obyektləri də tikilir. Bu 3 kəndə yaxın vaxtlarda ilk köç planlaşdırılır.
Dövlətimizin başçısı İlham Əliyevin çıxışlarında qeyd etdiyi kimi, bu gün Azərbaycan xalqının əyilməz ruhunu Qarabağa və Şərqi Zəngəzura qayıdan soydaşlarımızın timsalında görürük. O torpaqları heç vaxt görməyən Qarabağdan, Şərqi Zəngəzurdan olan soydaşlarımız həvəslə, səbirsizliklə o qayıdış gününü, Böyük Qayıdış Proqramının icrasını gözləyirlər. Əslində, bu proqram artıq icra edilir. Heç vaxt o torpaqlarda yaşamamış, amma o torpaqlara qayıtmaq eşqi ilə yaşamış qarabağlılar bu gün Qarabağa qayıdırlar. Cənab İlham Əliyev bugünümüzün reallıqları fonunda bu gerçəkliyi də diqqətə çatdırır ki, hər şey bizim əlimizdədir. Həm İkinci Qarabağ müharibəsi, həm antiterror əməliyyatı və ondan sonrakı dövr göstərdi ki, güclü iradə, xalq-iqtidar birliyi, xalqımızın əyilməz ruhu olan yerdə heç bir qüvvə, heç bir təşkilat bu iradənin qabağında dura bilməz. Biz hər dəfə qarşıya hədəflər qoymalıyıq. Bu hədəflər həm stratejidir, həm taktikidir, həm qısamüddətlidir, həm uzunmüddətlidir. Amma hədəflər düzgün seçilməsə, heç bir nəticəyə nail olmaq mümkün olmayacaq. Hədəflər həm həqiqəti, ədaləti və həm də real vəziyyəti, real gücümüzü əks etdirməlidir. Nə qədər güclü olsaq, o qədər də bizim səsimiz eşidiləcək.
Bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı qürurludur. Azad edilmiş bütün torpqlarımızda Azərbaycan Bayrağı dalağalanır, genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir, soydaşlarımız mərhələ-mərhələ doğma yurd-yuvalarına qayıdırlar. Qarabağımız və Şərqi Zəngəzurumuz dünyaya dirçəlişin müasir təcrübəsini təqdim edir.
Yeganə Əliyeva, «İki sahil»