25 yanvar 2025 00:12
114

Fransanın müstəmləkəçilik siyasəti durdurulmalıdır

Bu gün Fransa dünya üzrə müstəmləkəçilik siyasətini bu və ya digər formada davam etdirən azsaylı dövlətlərdən biridir. Ölkəmiz haqlı olaraq Fransanın apardığı müstəmləkəçilik siyasətinə qarşı dünyanın dörd bir yanında haqq səsini qaldıran xalqların hüquqları ilə bağlı mövqe bildirərək, beynəlxalq tribunalardan rəsmi Parisin neokolonializm siyasətini tam çılpaqlığı ilə ifşa edir, Azərbaycan, eyni zamanda, Fransanın ağır şərtlər altında davam etdirdiyi müstəmləkəçilik siyasətinə qarşı azadlıq mübarizəsinə qalxan xalqlara güclü mənəvi-siyasi dəstək verir.

Ölkəmiz o mövqedən çıxış edir ki, XXI əsrdə keçmişin eybəcər qalığı olan müstəmləkəçiliyə yer olmamalıdır, Yelisey Sarayı xalqların azadlıq haqqını tanınmalıdır. Azərbaycanın prinsipial yanaşmasının ifadəsi olaraq Bakı Təşəbbüs Qrupu (BTQ) Fransa müstəmləkəçiliyinin ifşası istiqamətində daha bir cəsarətli addım atıb. Belə ki, yanvarın 21-də BTQ-nin təşkilatçılığı ilə Fransanın müstəmləkəçiliyi altında olan Reyunyon adasına həsr olunmuş beynəlxalq konfrans keçirilib.

Ermənistanı növbəti revanşist addım atmağa təhrik edən Fransa hakimiyyəti əslində onu çox ciddi uçuruma yuvarlamaqdadır

Milli Məclisin deputatı Arzuxan Əlizadə mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında diqqətə çatdırdı ki, Makron dönəminə qədər Azərbaycan ilə Fransa arasındakı siyasi, iqtisadi, mədəni münasibətlər çox yaxşı olub: “Amma Makron hakimiyyətə gəldikdən sonra Azərbaycana qarşı düşmən mövqeyi ilə gündəmdə qalmaqdadır. Fransa Prezidenti Makron və onun komandasında olan ayrı-ayrı nazirlər, hökümət üzvləri Azərbaycana yönəlik ədalətsiz qərarlar, bir sıra qətnamələr, qəbul etməkdən, böhtan, qarayaxma dolu mövqe sərgiləməkdən usanmırlar. Təbii ki, bu kampaniyalar iflasa uğrayıb”.

Millət vəkili vurğuladı ki, Fransa Ermənistana siyasi, eyni zamanda, maddi dəstək göstərir. Ən təhlükəlisi də odur ki, Fransa Ermənistanı silahlandırmaqla faktiki olaraq regionda sülhə və sabitliyə çox ciddi təhdidlər yarada biləcək fəaliyyətlə məşğul olmaqdadır. Bu proses hələ də davam etməkdədir. Bununla da Ermənistanı növbəti revanşist addım atmağa təhrik edən Fransa hakimiyyəti əslində onu çox ciddi uçuruma yuvarlamaqdadır.

Arzuxan Əlizadə qeyd etdi ki, Fransa özü zaman-zaman müstəmləkəçilik siyasəti ilə gündəmə gəlibdir: “Şimali Afrika ölkələrini müstəmləkə, basqı altında saxlamaqla, eyni zamanda, onlara qarşı soyqırımlar həyata keçirməklə, tarixin qara səhifələrini yazıbdır. Bu proses hələ də davam etməkdədir. Belə ki, dənizaşırı ölkələrə müstəmləkə, onları basqı altında saxlamaq siyasəti yürüdülür. Məsələ burasındadır ki, artıq o, siyasətdə iflasa uğrayıb və bir çox ərazilərdən Fransanın dışlanması prosesinə şahidlik etməkdəyik. Amma rəsmi Paris Cənubi Qafqazda nökərçilik etməyə öyrəşmiş Ermənistan üzərindən bölgəyə hansısa formada yerləşmək, burada öz mövcudluğunu bərqərar etmək və region ölkələrinə təsir etmək siyasəti yürüdür ki, bu da qəbuledilməzdir. Azərbaycan müstəqil siyasət yürütməklə, öz mövqeyini dik duruşu ilə nümayiş etdirməklə Fransanın destruktiv siyasətinin qarşısında dayanıb. Bu da Fransanın siyasətinin heç bir uğurlu nəticə verməyəcəyini qabaqcadan deməyə əsas verir. Ümid edirəm ki, Makron hakimiyyətindən sonra Azərbaycan-Fransa münasibətləri yaxşılığa doğru gedəcək və nəhayət, əvvəlki müstəviyə gəlib çatmış olacaq.

Görün, Makron nə dərəcədə ikiüzlü bir şəxsdir ki, ölkəsindən on minlərlə kilometr uzaqda olan ərazilərə iddia edir

Politoloq Zaur Məmmədov isə saytımıza açıqlamasında bildirdi ki, Bakıda Fransa müstəmləkiçiliyinə, ümumiyyətlə, neokolonializmə qarşı mübarizə məqsədinə xidmət edən “Reyunyonun müstəqilliyi: Fransanın müstəmləkə mirasına və suverenlik yoluna baxış” adlı beynəlxalq tədbir olduqca əhəmiyyətli idi: “Nəhayət ki, Azərbaycanın da burada rolu nəticəsində dünya xalqları hansılar ki, uzun illərdir bu və yaxud digər ölkələrin kolonial imperialist siyasətindən əziyyət çəkirlərdirlər. Bu gün onlar haqq səslərinin eşidilməsi üçün daha uca tribunalardan çıxış etməyə başlayırlar. Mən də həmin beynəlxalq konfransda iştirak etdim. Orada təmsil olunan xalqların nümayəndələrinin cəmiyyəti onlarla fəxr etməlidirlər. Ona görə ki, XXI əsrin üçüncü on illiyində Fransanın hələ də onların xalqlarına qarşı tutduğu divan, təzyiq siyasətinə qarşı çıxaraq heç nədən çəkinmədən suverenlik, ədalət uğrunda mübarizə aparırlar. Bu gün Fransa neokolonializmini fərqləndirən mühüm cəhət odur ki, Fransa özündən milyonlarla kilometr uzaqda olan ərazilərə iddia edir. Bununla yanaşı, ya həmin dövlətlərin müstəqil şəkildə fəaliyyət göstərməsinə şərait yaratmır, ya da ki, həmin xalqları əsarətində saxlayaraq onların referendum yolu ilə müstəqilliklərinə səs verməsinə imkan vermir. Görün, Makron nə dərəcədə ikiüzlü bir şəxsdir ki, ölkəsindən on minlərlə kilometr uzaqda olan ərazilərə iddia edir. Hansılara ki, Fransanın nə hüquqi, nə də tarixi baxımdan əsası var. Amma, rəsmi Paris Azərbaycanın Qarabağ iqtisadi rayonunda baş verən hadisələri məhz Ermənistanın nöqteyi-nəzərindən dəyərləndirir. Bu rəsmi Parisin apardığı siyasətin bariz nümunəsidir.

Z.Məmmədovun sözlərinə görə, coğrafi cəhətdən kiçik olmasına baxmayaraq Azərbaycan sübut etdi ki, Fransa kimi dövlətlərin təzyiq siyasəti qarşısında müdafiə yox, hücum siyasəti aparacaq. Ümumiyyətlə, beynəlxalq münasibətlər sistemində Fransanın güc faktorundan istifadə edərək beynəlxalq təşkilatları, insan hüquqlarını, qətnamələri, beynəlxalq hüququ kənarlaşdırması yolverilməzdir və bu çox pis presidentdir. Ona görə də artıq Fransanı durdurmaq vaxtı çatıb.

İstər Ermənistana kreditlə  verilən silahlarlar, istərsə də onun müdafiə potensialının inkişaf etdirilməsi üçün xərclənən pullar Fransanın maraqlarının müdafiəsi üçün xərclənən pullardır

Sözügedən mövzu ilə bağlı digər həmsöhbətimiz politoloq Yeganə Hacıyeva “İki sahil”ə açıqlamasında qeyd etdi ki, Fransanın Ermənistanın silahlandırılmasında rolu bir neçə istiqamət üzrədir. Baxmayaraq  ki, biz  bunu daha çox Fransanın Ermənistana  dəstəyi kimi şərh edirik , amma əslində bu məsələdə   birinci məqsəd Fransanın Cənubi Qafqazda öz  mövqelərini qorumasıdır.

Politoloqun sözlərinə görə, istər Ermənistana kredit qismində verilən silahlar, istərsə də Ermənistanın müdafiə potensialının inkişaf etdirilməsi üçün xərclənən pullar Fransanın maraqlarının müdafiəsi üçün xərclənən pullardır. Əlbəttə ki, Fransa daxilində Ermənistana xüsusi hüsn-rəğbətin olması da gözardı oluna bilməz, amma əsas fransanın öz maraqlarını qorumasıdır.

Yeganə Hacıyeva vurğuladı ki, Fransa öz mövqeyi həmişə diğər xalqların hesabına , fərqli təqdimatlarla , riyakar əsaslandırmalatla müdafiə etməyə adət edib: “Məsələn, Fransa bir sıra müstəmləkə ölkələrinin resursları hesabına özünün dövlət mövqeyini, marağını müdafiə edir, beynəlxalq təşkilatların imkanları hesabına müstəmləkə  siyasəti yürüdür və s.

Fransanın Afrika və diğər regionlardakı açıq müstəmləkə siyasəti postsovet ölkələrində “məxməri örtüklə” təqdim olunur, əslində isə hər ikisinin arasında mahiyyətcə heç bir fərq yoxdur".

Həmsöhbətimiz qeyd  etdi ki, bütün bunlar isə Fransa daxilində cəmiyyətə “beynəlxalq münasibətlərdə uğurlu prezident ”mesajı kimi ötürməklə Makron və onun hakimiyyəti xeyrinə  təbliğ olunur:

"Son illər beynəlxalq müstəvidə  Makrona qarşı çıxışların sayı qədər çox artırsa,  makron hakimiyyəti bundan daxildə özünün reytinqini qaldırmaq üçün aktiv  faydalanır. Buna görə də hər hansı ölkə , və ya rəhbəri onun yanlış siyasəti haqqında fikir bildirəndə o bundan faydalanır , daxildə özünün hakimiyyətini möhkəmləndirmək üçün istifadə edir.

Bunun nəticəsidir ki, son zamanlar bir sıra ölkələr  Fransa və Makronun uğursuz fəaliyyəti haqqında  danışmağa çox da üstünlük vermirlər. Məsələn ,  Türkiyədə, Rusiyada məhz 2023-cü ilin sonlarında, 2024-cü ilin əvvəlində çox olan anti-Makron ritorikası artıq səngimişdir.Bunun da əsas səbəbi Makrona qarşı bütün dünyada haqlı aaparılan təbliğatı  anti fransa ritorikası kimi təqdim edir. Fransanın güclənməsini istəməyən dairələrin onun əleyhinə ritorika aparmasını əsaslandırır və bununla da  öz hakimiyyətinin möhkəmləndirmək üçün , ideoloji təbliğat əsasları kimi istifadə edir”. 

Yaqut Ağaşahqızı, “İki sahil”