26 yanvar 2025 11:34
153

Qvardiola: Görünür, özbəkcə öyrənməli olacam

Özbəkistanlı futbolçu Abdukodir Xusanov "Mançester Siti"də debüt edib.

“İki sahil” xəbər verir ki, 20 yaşlı müdafiəçi İngiltərə Premyer Liqasının 23-cü turunda ötən gecə "Çelsi" ilə keçirilən görüşdə "şəhərlilər"in heyətində ilk oyununa çıxıb.

Start heyətdə meydana daxil olan futbolçunun debütü uğurlu alınmayıb. O, matçın 3-cü dəqiqəsində topu başla öz qapıçısına göndərərkən səhvə yol verib və nəticədə qonaqlar hesabı açıb. Bundan cəmi 1 dəqiqə sonra isə Xusanov kobud oyuna görə sarı vərəqə alıb. Xusanov "Mançester Siti"nin 3:1 hesabı ilə qalib gəldiyi matçın 54-cü dəqiqəsində Con Stounsla əvəzlənib.

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola oyundan sonra Xusanovun debütü haqda danışıb: “Öyrənəcək, cavandır. Bundan dərs çıxaracaq. Səhv etdiyini bilir, belə vəziyyətdə nə deyə bilərəm? Səhvlərə yol vermək istəmir, biz də bunu bilirik. İngilis dilini bilmir. Görünür, onunla ünsiyyət qurmaq üçün rus və ya özbək dilini öyrənməli olacağam. Əvəzlənməyi sarı karta görə idi, səhvinə görə yox”.

Xatırladaq ki, Abdukodir Xusanov “Mançester Siti”yə bir neçə gün əvvəl Fransanın “Lans" klubundan transfer olunub. "Şəhərlilər"in futbolçu üçün təxminən 40 milyon avro təzminat ödədiyi iddia olunur.