“2024-cü ildə ölkədə 33 min 379 cinayət qeydə alınıb”.
“İki sahil” xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev 2024-cü ildə prokurorluq orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizə, istintaq işi, prokuror nəzarəti sahələrində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclasında bildirib. Baş prokuror bildirib ki, 2024-cü il ərzində 2023-cü illə müqayisədə 3432 (9,3%) fakt cinayət az qeydə alınıb.
Həmçinin, əlavə edilib ki, 2024-cü ildə ölkə ərazisində 33 min 379 cinayət qeydə alınmaqla onların 87,6 faizinin açılması təmin edilib, ümumilikdə ölkə üzrə cəmi 17 min 155 cinayət işinin istintaqı tamamlanıb ki, bunlardan 1086-sı prokurorluq orqanlarında isintaq edilib.
Bu müddət ərzində prokurorluq orqanları tərəfindən 928 şəxs barəsində 735 cinayət işi, ümumilikdə isə digər istintaq qurumları ilə birgə 14 min 983 şəxs barəsində 13 min 551 cinayət işinin ibtidai istintaqı yekunlaşdırılaraq baxılması üçün məhkəmələrə göndərilib.