29 yanvar 2025 00:14
189

Əgər Ermənistana sülh müqaviləsi lazım deyilsə…

Nikol Paşinyan növbəti dəfə manipulyasiya xarakterli mövqeyini ortaya qoymaqla təxribatlarına haqq qazandırmağa çalışır

Mənfur niyyətlərinə çatmaq üçün atalar demişkən ilana belə sarılan Ermənistanın baş naziri Nikol Paşinyanın nə oyunları bitir, nə də siyasi şouları. İki əsrdən bəri qarşısında qul kimi başını əydiyi havadarı Rusiya ilə münasibətlərinə soyuq su qatan, üzünü Qərbə çevirən ermənilər «nə əldən qoyur, nə yardan doyur» məsəlinə uyğun zamanın tələbinə görə mövqe dəyişikliyini hələ də davam etdirirlər. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında fəaliyyətini dondurduğunu bəyan etsə də hələ də «ehtiyatda saxladığı» seçimində tələsməyən Nikol «Bəlkə də qaytardılar!» nəqarətini təkrarlayır. Avropa Siyasi Birliyinin Praqada başlanan oyunlarını sonrakı Brüssel, Qranada sammitlərində də davam etdirən Nikol delimitasiya və sərhəd təhlükəsizliyi üzrə komissiyalarının iclaslarını oyuncağa çevirib. Qazax rayonunun işğal altında olan 4 kəndinin (Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı) Azərbaycana qaytarılmasından sonra prosesi davam etdirməkdən çəkinən Nikol hələ də Zəngəzur dəhlizinin açılması ilə bağlı gedişlər edir. Hayastanda siyasi hərarəti artıran bu məsələ Azərbaycanın təbii sərvətlərini talan edənləri çilədən çıxardı. Bir müddət Ermənistanın siyasi səhnəsində peyda olan erməni Apostol kilsəsinin Tavuş vilayəti üzrə yeparxiyasının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyanı irəli verməklə vaxt qazanan Paşinyan xalqdan dəstək ala bilməyəcəyini anladığı üçün erməni Apostol kilsəsi ətrafında şou sərgilədi. Sonra Qalstanyanın «Vətən naminə Tavuş» adlı qondarma hərəkatı yarandı.

Nikol Paşinyanı devirmək üçün baş nazirin hakimiyyətə gəlmək üçün istifadə etdiyi küçə yürüşlərindən bəhrələnən Qalstanyan sərhədyanı Kirants kəndindən yürüş edərək İravanda böyük mitinq təşkil etdi. Nəticədə keşiş Baqrat ətrafında yaranan səhnələr pərədələrini endirdilər. Yəni bu şou da bitdi. Amma əlavə vaxt qazanıldı.

Bir neçə gündür ki, Azərbaycanın təhlükəsizlik orqanları tərəfindən həbs edilərək Bakıda saxlanılan Qarabağ separatçılarının məhkəməsi davam edir. Sülh sazişindən, sərhədlərin demarkasiyası və delimitasiyasından yararlanmağa çalışan Nikol indi də bu məhkəmənin gedişi ilə bağlı böhtanlara əl atır. Baş nazir Ermənistan İctimai Televiziyasına verdiyi müsahibəsində separatçı rejimin nümayəndələrinə qarşı psixotrop maddələrin tətbiq edildiyi ilə bağlı əsassız iddialar irəli sürüb. Bununla da o, növbəti dəfə manipulyasiya xarakterli mövqeyini ortaya qoymaqla təxribatlarına haqq qazandırmağa çalışır.

Bu hərəkətləri ilə Fransadan, Hindistandan, İrandan aldıqları silahları pərdələməyə çalışan Paşinyan Avropa İttifaqının sülh sazişinə zərbə vuran, beynəlxalq hüquq normalarına uyğun olmayan Mülki Müşahidə Missiyasının Ermənistandakı fəaliyyət müddətini artırmağa cəhd göstərir. Amma baş nazir digər məsələləri «unudur.» Sülh sazişinin imzalanması üçün Azərbaycanın əsas tələbi olan Ermənistanın konstitutsiyasında ölkəmizə, qardaş Türkiyəyə qarşı ərazi iddialarının aradan qaldırılması və ATƏT-in Minsk qrupunun fəaliyyətinin ləğvi ilə bağlı müraciətə əməl etmək istəmir. Amma Ermənistanda güclənən daxili gərginlik, iqtisadi böhran, ölkəni tərk edənlərin sayının çoxalması, yüksək vəzifəli məmurlar arasında istefaların artması Nikol hakimiyyətinə qarşı etirazları gücləndirir. Bu kimi narazılıqlar 2026-cı ildə işğalçı ölkədə keçiriləcək parlament seçkilərinin asan olmayacağını göstərir. Sabiq prezidentlərin yaratdıqları qruplaşmalar, onlar arasında güclənən rəqabət də nəzərə alınsa Hayastanda baş verən hadisələrin sonunu təsəvvür etmək çətin deyil.

«Qarabağ klanı»nın «xaç atası», Ermənistanda Rusiyanın kadrı kimi tanınan Robert Koçaryanın qurub yaratdığı, hazırda parlamentdə 27 deputatla təmsil olunan «Hayastan» bloku əsas müxalifət fraksiyasıdır. «Hayakve milli vətəndaş birliyi»nin koordinatoru Avetik Çalabyanın müsahibəsində bildirdiyi kimi, qarşıdakı seçki asan olmayacaq.

Məsələ burasındadır ki, əvvəllər Nikolun küçə mintinqlərində birləşən qüvvələr, indi Ermənistanı mövcud hakimiyyətdən xilas etmək, yeni milli hökumət formalaşdırmaq və ölkəni böhrandan çıxarmaq məqsədilə birləşirlər. Rəsmi İrəvanın 2025-ci ildə Azərbaycanla sülh danışıqları ilə bağlı son qərarını verməli olduğunu, hələ də razılaşdırılmamış iki maddə üzrə öz mövqelərini dəyişmək məcburiyyəti nəzərə alınsa işğalçı ölkədəki siyasi vəziyyəti təsvvür etmək çətin deyil. Yəni, gələn il Ermənistan iqtidarı daxili siyasi gərginliyi tənzimləməklə, Azərbaycanla münasibətlərə adekvat reaksiya verməlidir.

Politoloqların fikrincə, 2025-ci ildə Ukraynadakı müharibə başa çatdırılsa və ABŞ ilə Rusiya arasında həlli vacib məsələlər ətrafında razılıq əldə olunsa rəsmi Kremlin Paşinyanın qərbyönümlü siyasətinə təsir göstərmək imkanları bərpa ediləcək. Ermənistanda Qərbin möhkəmlənmiş maraqlarının alt-üst edilməsi üçün Rusiya mümkün bütün imkanlardan istifadə edəcək. Amma bütün hallarda Cənubi Qafqaz problemələri Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişindən daha çox asılıdır. Qərbin yardımlarından, silah-sursatla təmin olunmaq imkanlarından istifadə edən Ermənistan üçün təbii ki, Cənubi Qafqazda sabitliyin bərpası maraqlı deyil. Həmişə özlərini düşünən, genlərində «etnik milllət» təfəkkürü formalaşan erməni revanşistəri, yardımlar hesabına rahat yaşamağa alışanlar yenidən Rusiyanın forpostu olmaq istəmirlər. Hayastanda yaranan fərqli mövqelər təbii ki, sülh sazişinin imzalanmasına da maneçilik törədir. Sülh prosesi üçün isə ATƏT-in Minsk qrupunun buraxılması və konstitusiyaya düzəlişlərin edilməsi başlıca şərtdir. Yaranan bu vəziyyətə «Əgər Ermənistana sülh müqaviləsi lazım deyilsə, deməli, bizə də lazım deyil. Biz bunu imzalamadan da yaşaya və siyasətimizi davam etdirə bilərik» sözləri ilə aydınlıq gətirən Prezident İlham Əliyevin vurğuladığı kimi dövlət siyasətlərinin əsasında nasizm ideyaları çoxluq təşkil edən bir toplum üçün bəşəri dəyərlər, beynəlxalq hüquq normaları keçərli deyil. Ermənistanı sülh müqaviləsindən yayındıran əsas məsələlərdən biri də sürətlə silahlanmasıdır. Həmin silahlar Ermənistana başçılıq edənin kimliyindən asılı olmayaraq bu ölkədə qalacaq.

Avropa İttifaqının Mülki Müşahidə Missiyasının nəzərdə tutulduğu müddətdən artıq Ermənistan-Azərbaycan şərti sərhədində qalması narahatlıq üçün başqa bir səbəbdir. Bütün hallarda Ermənistan üçün çıxış yolu Prezident İlham Əliyevin «Ümid edirəm ki, sülh müqaviləsi ilə bağlı bizim bütün şərtlərimiz də qəbul ediləcək. Çünki bu şərtlərdə hər hansı bir fövqəladə məsələ yoxdur. Minsk qrupunun ləğv edilməsi, konstitusiyanın dəyişdirilməsi- bunlarsız sülh müqaviləsi mümkün deyil… Yəni, mən yenə də Ermənistan tərəfinə məsləhət görərdim ki, hər şeyi yaxşı ölçüb-biçsin, o cümlədən dünyadakı geosiyasi dəyişiklikləri. Onların yaxın dostları siyasi səhnədən biabırçılıqla silinirlər» sözlərinə əməl etməkdir.

Xuraman İsmayılqızı, «İki sahil»