Konqo Demokratik Respublikasının şərqində yerləşən Şimali Kivu əyalətinin inzibati mərkəzi olan Qoma şəhəri sanitar böhranla üz-üzə qalıb.
“İki sahil” xəbər verir ki, bu barədə Afrika xəstəliklərə nəzarət və qarşısının alınması Mərkəzi “X” sosial şəbəkəsindəki paylaşımında bildirib.
"Qomadakı vəziyyət getdikcə pisləşir. Təcili tədbirlər görməsək, koronavirusla müqayisə edilə bilən epidemiya ilə üzləşə bilərik. Bir milyondan çox insan içməli su, kanalizasiya və tibbi yardımdan məhrumdur", - təşkilatdan bildirilib.
Mərkəz Afrika ölkələrinin liderlərini fəlakətin qarşısını almaq üçün tədbirlər görməyə çağırıb. Xüsusilə, meymunçiçəyi virusunun mutasiyalarının yaranması təhlükəsi var, çünki əvvəllər epidemiya məhz Qomadan 21 ölkəyə yayılıb.
Qeyd edək ki, Konqo Demokratik Respublikasının (KDR) şərqində yerləşən Qoma şəhərində (Şimali Kivu əyalətinin paytaxtı) hökumət qüvvələri ilə üsyançılar arasında gedən döyüşlərdə ölənlərin sayı 773 nəfərə çatıb. Üsyançılar şəhərə demək olar ki, tamamilə nəzarət edir.