Cənubi Qafqazın taleyində mühüm rol oynayan, region və Avrasiya ölkələrinin Xəzər dənizi ilə bağlı bütün layihələrində mərkəzi yer tutan Azərbaycan bu gün Şərqlə Qərbi birləşdirən körpü rolunu oynayır. Dünyanın ikinci böyük iqtisadiyyatına malik olan Çinin Orta Asiya ölkələri vasitəsilə Azərbaycan üzərindən Avropaya yük daşıması ölkəmiz üçün mühüm əhəmiyyətə malikdir. Dünyada baş verən geosiyasi proseslər də Azərbaycanın beynəlxalq nəqliyyat daşımalarında strateji önəmini artırıb. Bu, özünü ölkə üzərindən daşınan yüklərin həcmində də göstərib.
Əlverişli geostrateji mövqeyə malik olan, həyata keçirilən irimiqyaslı layihələrin sayəsində müsair nəqliyyat infrastrukturu yaradan, Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərinin, ticarət və enerji yollarının kəsişməsində yerləşən Azərbaycan demək olar ki, beynəlxalq nəqliyyat qovşağına çevrilib. Bir müddət əvvəl İsraildə ingilis dilində nəşr olunan “The Jerusalem Post” qəzetində dərc olunan məqalədə bildirilirdi ki, Prezident İlham Əliyevin strategiyası sayəsində Azərbaycan qitələrin tranzit və logistika habına çevrilib.
Son illər modern infrasturktur, müasir standartlara cavam verən idarəetmə sistemi yaradan ölkəmizdə beynəlxalq yükdaşımalarının inkiaşaf etdirilməsi istiqamətində mühüm layihələr, Dövlət proqramları həyata keçirilib. Azərbaycanın nəqliyyat dəhlizlərində rolunun artırılması baxımından 2023- cü il noyabrın 23-də Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024−2026-cı illər üçün Fəaliyyət Planı” bunun əyani təsdiqidir. Sənəddə qarşıya qoyulan vəzifələr layiqincə yerinə yetirildikdən sonra Orta Dəhlizin potensial imkanları uğurla reallaşacaq, ölkəmizin beynəlxalq daşınmalardan daha çox gəlir əldə erməsinə geniş imkanlar yaranacaq.
İkinci Qarabağ müharibəsindəki tarixi Zəfəri ilə ərazi bütövlüyünü, 2023-cü ildə birgünlük lokal antiterror tədbirləri sayəsində suverenliyini bərpa edən Azərbaycan üçün regional və qlobal layihələrin reallaşdırılması baxımından yeni dövr başladı. Hazırda işğaldan azad edilmiş ərazilərdə müasir infrastruktur yaradılır, avtomobil və dəmir yollarının tikintisi iqtiqamətində görülən işlər uğurla davam etdirilir. Orta Dəhlizin coğrafi mərkəzi olan Zəngəzur dəhlizinin reallaşdırılması nəticəsində Azərbaycanın ayrılmaz parçası olan Naxçıvan Muxtar Respubliksı vasitəsilə Türkiyə ilə birbaşa quru əlaqəsi təmin ediləcək. Bu əlaqə nəqliyyat-logistika sektorunun inkişafı üçün böyük imkanlar yaradacaq və Orta Dəhlizin tərkib hissəsi olacaq. Bununla da Avropa ilə Mərkəzi Asiya ölkələri arasında ticarət dövriyyəsi bir neçə dəfə artacaq.
Bu gün Azərbaycan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) daha da güclənməsinə böyük töhfələr verir. Bu mənada yanvarın 29-da Ankarada Türkiyə, Azərbaycan və Özbəkistanın xarici işlər, ticarət və nəqliyyat nazirlərinin üçtərəfli görüşünün nəticələrinə dair qəbul edilmiş Ankara Bəyannaməsinin əhəmiyyətini xüsusilə vurğulamaq lazımdır. Bəyannamədə Türkiyə, Azərbaycan və Özbəkistanın tranzit potensialının artırılmasında mühüm rol oynayan Orta Dəhliz mövzusuna xüsusi diqqət ayrılıb. Həmçinin Türkiyə, Azərbaycan və Özbəkistanın “böyük tranzit potensialının” üzə çıxarılması baxımından əhəmiyyətli olan “TRACECA” (Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi) proqramı çərçivəsində tərəfdaşlığın gücləndirilməsinin vacibliyi vurğulanıb. Çin-Qazaxıstan sərhədindən başlayan, Mərkəzi Asiya ölkələri və Xəzər dənizi üzərindən, Azərbaycan, Gürcüstan və Türkiyə ərazisindən keçərək Asiyanı Avropa ilə birləşdirən Orta Dəhlizin potensialının və rəqabət qabiliyyətinin artırılmasına töhfə verəcək yeni layihələrin həyata keçirilməsinin vacibliyi bir daha qeyd edilib. Bu kontekstdə Bakı-Tbilisi-Qars dəmir yolu və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kimi layihələrin daha da inkişaf etdirilməsinə tam dəstək bəyan edilib. Türkiyənin xarici işlər naziri Hakan Fidan qeyd edib ki, Orta Dəhliz türk dünyasında əməkdaşlığın inkişafı üçün strateji əhəmiyyət kəsb edir: “Son illərin prosesləri sübut etdi ki, bu marşrut Asiya ilə Avropa arasında ticarətin ən təhlükəsiz və iqtisadi cəhətdən ən sərfəli arteriyasıdır”.
Ekspertlərin də bildirdiyi kimi, Orta Dəhliz yaxın gələcəkdə qlobal tədarük zəncirinin ən mühüm hissəsi kimi yeni sürətli inkişaf mərhələsinə daxil olmaqla Avrasiyada yeni iri ticarət marşrutuna çevriləcək. Bu dəhlizlə hərəkət edən marşrut qatarı orta hesabla 20-25 gün ərzində yükləri Çindən Avropaya çatdırır.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, daha geniş anlamda Orta Dəhlizin üstünlükləri və əhatə coğrafiyası Türk Dövlətləri Təşkilatının əsas əlaqələndiricisi kimi çıxış etməyə zəmin yaradır. Xəzər və Qara dəniz bərə terminallarını Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan, Türkiyə, Ukrayna və Polşanın dəmir yolu sistemləri ilə birləşdirən Orta Dəhlizin trayektoriyası onun 1 trilyon ABŞ dollarından çox ümumi daxil məhsula malik türk dövlətlərini birləşdirən bir layihə olduğunu deməyə tam əsas verir.
Zahid Rza, “İki sahil”