Gürcüstan və xalqı hazırda dövlətçiliyin formalaşmasının mühüm mərhələsindən keçir.
“İki sahil” Gürcüstan KİV-ə istinadla xəbər verir ki, bunu Gürcüstan Prezidenti Mixail Kavelaşvili XI çağırış parlamentin yaz sessiyasının açılışında bildirib.
O bildirib ki, gürcü xalqı keçirilmiş parlament seçkilərində öz seçimini edərək, sülh və inkişaf yolunu seçib: "Son illərdə respublika Avropa tərəfdaşları tərəfindən ədalətsiz hücumlara məruz qalıb".
"Hamımız yaxşı başa düşməliyik ki, sülh siyasəti, iqtisadi inkişaf bizi abxaziyalı, osetiyalı qardaş və bacılarımızla yaxınlaşdıran mühüm amillərdir. Bu, alternativi olmayan bir yoldur", - prezident qeyd edib.
O vurğulayıb ki, Gürcüstan ölkənin strateji və coğrafi rolunu maksimum gücləndirməlidir.
M.Kavelaşvili Donald Trampın rəhbərliyi ilə ABŞ-də yeni administrasiyanın hakimiyyətə gəlməsini alqışlayıb və onun fikrincə, bundan sonra dünyada "psevdoliberal qaydanın" dəyişməsi başlayıb.
"ABŞ-dəkı proseslər və dünyada onlara olan reaksiya bir daha cəmiyyətimizi əmin etdi ki, Gürcüstan sülhə, milli maraqlara, ənənəvi və mühafizəkar dəyərlərin qorunmasına, xristianlığın rolunun gücləndirilməsinə yönəlmiş düzgün siyasət aparır", - o bildirib.