Şotlandiyanın Aberdin şəhərində 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib.
Bu barədə "İki sahil"ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, diaspor fəalı Billurə Bayramova-Bernardın ailəsinin təşəbbüsü və Aberdin Universiteti Azərbaycan Cəmiyyətinin (ASUA) iştirakı ilə baş tutan tədbirdə Azərbaycanın musiqiləri, milli adət-ənənələri, zəngin mətbəxi nümayiş olunub.
Azərbaycan diasporunu bir araya gətirən tədbirin keçirilməsində məqsəd ölkə xaricində təhsil alan gənclərimizi bir araya gətirmək, onlarda Azərbaycançılıq ideologiyasının yaşaması və milli birlik hissinin daha da gücləndirilməsinə imkan yaratmaqdır.
Diasporla İş üzrə Dövlət Komitəsi Azərbaycan dövlətinin diaspor, gənclər və mədəniyyət siyasətinə, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”na və “Azərbaycan Mədəniyyəti - 2040” Milli Mədəniyyət Konsepsiyası və Konsepsiya çərçivəsində 2025-2030-cu illər üçün Birinci Milli Fəaliyyət Planına uyğun olaraq tədbirin təşkilinə dəstək göstərib, ASUA-nı müxtəlif təbliğat materialları, milli geyimlər və bayraqlarla təmin edib.
Qeyd edilib ki, diaspor fəalı Billurə Bayramova-Bernard və ASUA mütəmadi olaraq bu cür tədbirlər təşkil edir, xaricdə yaşayan gənc soydaşlarımızın öz köklərindən uzaq düşməməsinə, Azərbaycan mədəniyyətinin beynəlxalq müstəvidə təbliğinə töhfə verir.